Erməni analitikdən maraqlı şərh: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən sülhdən imtina edərsə...”
Bu ay Azərbaycan və Ermənistanın xarici işlər nazirlərin daha bir görüşü planlaşdırılır. Almaniyada reallaşacaq qarşıdakı görüşün əvvəlkilərin, xüsusən də “xalqları sülhə hazırlamaq”la bağlı əldə olunan son razılaşmanın davamı kimi, yoxsa sıradan bir təmas olacağını söyləmək çətindir. Müşahidə edilən odur ki, işğalçı ölkədə diplomatların və iki ölkə rəhbərlərinin artan görüşlərindən ciddi narahatlıq yaranıb - ən çox da indiki hökumətə qatı müxalif olan və Dağlıq Qarabağ məsələsində radikal mövqeyi ilə seçilən Qarabağ klanı və ona yaxın çevrələrdə.Hələ ki Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında rəsmi görüş olmayıb. Belə görünür, həmin görüşdən sonra işğalçı ölkədə məlum dairələrin hay-küyü daha da artacaq. Ancaq istənilən halda, Ermənistan, ilk növbədə də erməni xalqı gec-tez öz seçimini eləməlidir: o, mövcud blokada vəziyyətində və ağır iqtisadi durumda yaşamağa davam eləmək istəyir, yoxsa özgə torpaqlarının işğalından imtina edib Qarabağ konfliktinin həllinə aparan yeganə yola çıxmaq niyyətindədir?
Yəni sual ən əvvəl erməni toplumuna ünvanlıdır. Əgər o, pozitiv, konstruktiv mövqeyə köklənəcəksə, o zaman təbii ki, seçdikləri yeni rəhbərin - Nikol Paşinyanın işi də asan olacaq. Əks halda, Paşinyanı hansısa Vartanyan əvəzləsə də, yaxud daha betəri, xunta rejimi hakimiyyətə qayıtsa da, ermənilərin iztirabları bitməyəcək. Böyük müharibə riski də öz yerində.
*****
Ancaq pozitiv haldır ki, Ermənistanın düşdüyü acı reallığı dərk edən ermənilər də var. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, politoloq Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqaləsində Azərbaycanın haqlı mövqeyinə işarə edərək yazır: “Bakı ümumən Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik üçün şərtlər hazırlanması prosesində İrəvanla əməkdaşlıq eləməyə hazırdır. Azərbaycan Ermənistanın iqtisadi inkişafına yardımçı olmağa da hazırdır, əgər İrəvan Qarabağ probleminin həllinə Azərbaycanın ərazi bütövlüyünün xələl gətirən variantlardan imtina eləsə”.
Babayan hesab edir ki, Qarabağ nizamlanması Azərbaycan-İran-Ermənistan energetik “üçbucağı”nın yaranmasına gətirə bilər: “Bu zaman energetik kommunikasiyalar Ermənistanın energetik potensialını cəlb eləmək qabiliyyətində olacaq. Bununla da bütöv bir sənaye və biznes sektorunun energetik təhlükəsizliyi təmin olunacaq”.
Erməni şərhçiyə görə, Əliyev-Paşinyan sammitinə hazırlıq ondan xəbər verir ki, iki ölkənin liderləri onlara pozitiv kimi görünən qərarları ictimaiyyətlərə təqdim edə biləcəklər: “Nəzərə alanda ki, Qarabağ konflikti həm Bakı, həm də İrəvan üçün prinsipial əhəmiyyət daşıyır, tərəflər bir-birinin imicinə hansısa ziyan vurmamağa çalışır. Çoxları yəqin diqqət edib ki, Düşənbədəki görüşdən qayıdan Paşinyan bəyan eləmişdi ki, "İlham Əliyev onda savadlı insan təəssüratı yaradıb". Azərbaycan rəhbərliyi öz növbəsində bildirir ki, İrəvandakı yeni hakimiyyət siyasi baxımdan daha dayanıqlı və anlaşma qabiliyyətinə malik qüvvədir. Bu səbəbdən onlar “əhalini sülhə hazırlamağı” o mənada başa düşürlər ki, Qarabağ konfliktinin həllində qarşılıqlı güzəştlər mümkündür və hazırda onların uzlaşması baş verir".
Münaqişənin həll prinsiplərinə gəlincə, erməni analitik ən effektli variant kimi 2011-ci ildə Kazanda Azərbaycan və Ermənistan başçılarının görüşü zamanı təqdim edilmiş “yol xəritəsi”ni görür: “Bu, Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin təminatı üçün Laçın rayonunda xüsusi dəhlizin yaradılması şərti ilə işğal altındakı rayonların boşaldılmasını nəzərdə tutur. Dağlıq Qarabağın özünün gələcək statusuna gəlincə, onun müəyyənləşməsi əlbəttə ki, Qarabağın azərbaycanlı icmasının fikri öyrənilmədən mümkün deyil. İstənilən halda, Dağlıq Qarabağın gələcək statusu yalnız keçid dövrü bitdikdən sonra mümkündür - nə vaxt ki, məcburi köçkünlər öz yurd yerlərinə qayıda biləcəklər. Yalnız onda keçmiş Qarabağ muxtariyyətini öz əvvəlki administrativ sərhədlərində saxlamağın məqsədəuyğunluğu məsələsinin müzakirəsinin anlamı olacaq. Nəhayət, danışıqlar formatının əhəmiyyətli dərəcədə canlanması ondan xəbər verir ki, tərəflər qlobal iqtisadi konyunkturanın sürətlə dəyişməsi səbəbindən regionun ticari potensialının reallaşmasına yönəlik qarşılıqlı sərfəli təşəbbüslərin vacibliyini diqqətə alırlar. Cənubi Qafqaz hər il silahlanmaya milyardlarla dollar xərcləyir. Region isə onsuz da silah-sursatla doludur”.
*****
Əlbəttə ki, bunun tək baiskarı Ermənistanın apardığı işğalçılıq siyasəti, qonşu ölkələrə qarşı əsassız ərazi iddialarıdır. Erməni siyasi şərhçi isə haqlı olaraq, konfliktin həllinin əsasında Azərbaycanın ərazi bütövlüyü prinsipini görür və ən məqbul variant olan mərhələli həldən, Dağlıq Qarabağın statusunu isə sonraya saxlamaqdan danışır - hansını ki, Levon Ter-Petrosyan 1998-ci ildə bir qədər başqa formada irəli sürmüş, buna görə də Moskvanın əli və Qarabağ klanının vasitəsilə hakimiyyətdən devrilmişdi.
Analoji təhlükə Paşinyan üçün də var. Ancaq yuxarıda vurğulandığı kimi, erməni xalqı iradə ortaya qoyub böyük sülh anlaşmasına tərəfdar çıxacaqsa, o zaman Moskvanın planları da keçməyəcək. Münaqişənin həllində ciddi irəliləyiş, Azərbaycanla Ermənistan arasında müharibə riskinin aradan qalxması isə iki ölkənin silahlanmaya böyük paralar xərcləməsinə ehtiyac qoymayacaq. Həmin vəsaitlər iki xalqın rifahının yaxşılaşdırılması və xüsusən də Ermənistanda iqtisadiyyatın inkişafına yönələ bilər.
Sözsüz ki, o halda Azərbaycan və Ermənistanın Rusiyadan asılılığı aradan qalxacaq və İrəvanın Türkiyə ilə əlaqələri də normala düşəcək, bölgədə bütün nəqliyyat və kommunikasiya xətləri açılacaq. Demək, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının varlığına lüzum olmayacaq. Bu cür sonluq Moskvanı çətin ki, qane edə. Ancaq ortada iki xalqın iradəsi olarsa, Rusiya sülh anlaşmasına əngəl ola bilməz. Yetər ki, erməni tərəfi gerçək sülhdə maraqlı olsun.
Ona da şübhə yox ki, Azərbaycan tərəfi problemə yeganə məqbul variant kimi məhz mərhələli həll prinsipindən yanaşır və Ermənistanın təzə rəhbərliyi ilə danışıqların uğurunu yalnızca bu variantda görür. Qarşı tərəf də bu prinsipi müdafiə edərsə, o zaman böyük sülh anlaşması uzaqda olmayacaq...