Ermənistanın hökumət başçısı xalqları sülhə hazırlamaqla bağlı anlaşmanın ardınca radikal mövqeyinə qayıtdı; politoloq: “Paşinyan öz hakimiyyəti üçün qorxur, təşəbbüskarlıqdan çəkinir və heç bir siyasət yürütmək istəmir...”
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətlərin ultimativ bəyanatlarının qarşılığında sülh danışıqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən geri çəkilməyə vadar oldu. Hər halda görünən budur ki, Paşinyan ən azı Davos görüşündən sonrakı qədər normal mövqe sərgiləmir, radikal bəyanatlarla çıxış etməklə sələflərini xatırladır.Ötən həftə Paşinyan bildirdi ki, Ermənistan hökuməti Qarabağ tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə də etmir. Baş nazir bunu keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirdiyi və ərazilərin təhvil verilməsi məsələsini müzakirə etdiyi ilə bağlı sualı cavablandırarkən söylədi. Erməni baş nazirin “biz ”sülh əvəzinə ərazilər" formulunu müzakirə edə bilmərik. Hökumətimiz Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq (keçmiş və hazırkı hakimiyyətlər arasında - red.) tamamilə yanlışdır" deməsi əslində sülh danışıqlardan imtinanın anonsu sayıla bilər.
Absurd olanı budur ki, Qarabağ məsələsi üzrə danışıqlarının taleyi barədə sualın cavabında Paşinyan bununla xarici işlər nazirlərinin məşğul olduqlarını bildirib. “Biz Əliyevlə danışdıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrlərlə birlikdə tövsiyələrini təqdim edəcəklər, biz də onları müzakirə edəcəyik” deyən N.Paşinyan doğrudan da anlamır ki, Azərbaycan üçün sülh danışıqları yalnız və yalnız torpaqların işğaldan qan tökülmədən azad olunması üçün lazımdır. Yəni Bakı danışıq naminə danışıq aparılmasını qəbul etməyəcək.
Elə Azərbaycan prezidenti İlham Əliyev də Azərbaycanın bir qrup gənci ilə görüş zamanı növbəti dəfə torpaqların itirilməsi ilə barışmayacağını bəyan edib. “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək” (AzərTAc).
Əslində bu prinsipial mövqe N.Paşinyanın son açıqlamasına tutarlı cavab da sayıla bilər.
Ermənistan rəhbərliyi fevral ayında Münhendə XİN başçılarının növbəti görüşünün keçirilməsi və hər iki ölkə liderlərinin görüşü ilə bağlı təşəbbüslərin olması halında bu cür aqressiv mövqe sərgiləməklə, təbii ki, daxili auditoriyanı sakitləşdirmək istəyir, amma buna nə dərəcədə nail olacaq, demək çətindir. Ölkəsi səfalət günündə olan Paşinyan vəziyyətdən çıxmaq üçün üzünü daxili auditoriyaya tutub sərt bəyanatlar verməsi sözsüz ki, özünüqorumaq instinqtindən irəli gəlir.
Qeyd edək ki, son zamanlar N.Paşinyanı hədəfə alan rəqibləri ondan mayın 8-də, baş nazir seçiləndən sonra verdiyi vədləri unutduğuna, Qarabağın danışıqlarda tərəf olaraq iştirakı üçün çalışacağını bəyan etməsini xatırladırdıIar. Bundan sonra Qarabağda toplantı keçirən daşnaklar Paşinyana ultimatum verdilər, sonra isə Robert Köçəryan həbsxanadan tərəfdarlarına çağırış etdi. Belə bir vəziyyətdə N.Paşinyan Azərbaycan rəhbərliyinin ona düşünmək üçün verdiyi vaxtdan və əslində şansdan düzgün nəticə çıxartmaq əvəzinə, əks mövqedən çıxış etməyə başladı.
Artıq Ermənistan daxilində aqressiya dolu mövqelər bir-birini əvəzləyir - hansı ki, XİN başçılarının Paris görüşündə xalqların sülhə hazırlanması anlaşması olmuşdu.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, əslində Paşinyan radikallaşmayıb, onun mövqeyi belədir: “Paşinyan Qarabağ məsələsində addım atmayıb, ata da bilməz. Çünki hakimiyyəti itirə biləcəyindən qorxur. ”Qarabağ klanı" onun zəif nöqtələrini axtarır. Fikir verin, hər dəfə Azərbaycan prezidenti ilə görüşəndən sonra “Qarabağ klanı” Paşinyan haqqında Ermənistanda şayiə yayır ki, guya torpaqları satır, Qarabağ ətrafındakı rayonları boşaldır. Əslində isə bu, belə deyil. Ona görə də Paşinyan öz hakimiyyəti üçün qorxur, təşəbbüskarlıqdan çəkinir və heç bir siyasət yürütmək istəmir".
Politoloqun fikrincə, erməni baş nazirin aqressiyası hakimiyyətini qorumaq istəyindən qaynaqlanır: “Paşinyanın radikallaşması da onunla bağlıdır ki, deyir, ümumiyyətlə, danışıqları mən aparmamalıyam, rəsmi Bakı Qarabağ separatçıları ilə danışmalıdır. Halbuki Azərbaycan heç zaman buna getməz. Yəni əslində mövqeyi bundan ibarətdir. Mən düşünmürəm ki, Paşinyanın mövqeyində hər hansı dəyişiklik olacaq”.
N.Paşinyanın Davosdan sonra Rusiyaya səfər etməsi və ardınca bu ölkədən güzəştli kreditlə Su-30 SM tipli qırıcı təyyarələrin alınacağı ilə bağlı anonsun olması da qızışdırıcı amil kimi qeyd edilə bilər. Eyni zamanda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin İrəvana son səfəri də müxtəlif yozumlara rəvac verib. Məsələn, erməni politoloq Yervand Bozoyan deyib ki, Karasinin Ermənistana səfərinin məqsədi İrəvanın Qarabağla bağlı elə də aydın olmayan mövqeyini dəqiqləşdirmək olub.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Davosda Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi görüş doğrudan da regional və qlobal layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm bir partnyor olduğunu göstərdi: “Buna görə də xarici dövlət və şirkətlərin nümayəndəsi layihələrin həyata keçirilməsində maneənin ancaq Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsində gördüklərini vurğulayırlar. Yəni təhlükəsizliyə təhdid yaradan bu münaqişə öz həllini tapmalıdır. Bunun da əsas səbəbkarı məhz Ermənistandır. İlham Əliyev-Paşinyan görüşündə də Azərbaycan tərəfi əsasən tərəflərin mövqelərinin aydınlaşdırması üçün bu addımların mühüm olduğunu qeyd edir. Bu görüşlərdə artıq Rusiya hiss edir ki, tərəflər təklikdə müəyyən kompromis əldə etsə, həm ATƏT-in Minsk Qrupunun üzvü, həm də regional açar fiqur kimi öz nüfuzunu itirər. Hətta bununla bir zaman mövcud olan ”Lavrov planı" və s. planlar iflasa uğraya bilər. Ona görə də aktivləşməyə başlayırlar".
A.Nağıyev qeyd etdi ki, ABŞ-ın yüksək çinli diplomatı Con Boltonun münaqişə tərəflərinin rəhbərləri ilə telefon danışıqları da işğalçı ölkədə narahatlıq yaradıb: “Bundan başqa, Almaniya kansleri Angela Merkelin Paşinyanla görüşdə bir sıra bəyanatları Ermənistanda və Rusiyada birmənalı qarşılanmadı. Bundan sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkinin spiker Ararat Mirzoyanla görüşü də maraqlı idi”.
Bununla yanaşı, A.Nağıyev hesab edir ki, Soros Fondunun Ermənistanda aktivləşməsi, KTMT ilə bağlı məsələnin hələ də açıq qalması, Ermənistan-İran münasibətlərinin gələcək inkişafı proseslərə təsir edir: “Ən mühüm məsələlərdən biri də Ermənistan Təhlükəsizlik Xidmətinin Köçəryanla bağlı verəcəyi açıqlamanın anonsudur. Belə bir vaxtda Karasinin də gəlişi Rusiyanın narahatlıq keçirməsinin əlamətidir. Yəni Paşinyan daxili və xarici siyasəti tarazlamasa, hər iki istiqamətdə narahatlığı arta bilər. Bu isə münaqişənin həlli ilə bağlı Azərbaycan üçün müsbət hal kimi dəyərləndirilməlidir”.
“Paşinyan yaxşı dərk edir ki, Ermənistanın hazırkı çətin sosial-iqtisadi vəziyyətdən yeganə çıxış yolu Azərbaycan torpaqlarını azad etməkdir. Bunun başqa variantı yoxdur”. Bu sözləri isə politoloq Fikrət Sadıqov deyib (Axar.az). O, Paşinyanın inqilab dalğasında hakimiyyətə gəldiyini xatırladıb: “Onun bütün hərəkətləri, şüarları, bəyanatları demokratik görüntü xarakteri daşıyır. Bu gün o, keçmiş Qarabağ klanından fərqli olaraq, danışıqlardan hansısa nəticə əldə edilməli olduğunu başa düşür. Bundan başqa, Paşinyan prezident İlham Əliyevlə Davosda saat yarım danışırsa, bu, Ermənistanda bir sıra dairələrdə qıcıq yaratmaya bilməz. Onlar narahatdır ki, Paşinyan Qarabağ məsələsində müəyyən güzəştlərə gedəcək. Hazırda Ermənistan bütün beynəlxalq layihələrdən məhrumdur, faktiki olaraq Cənubi Qafqazda təcrid vəziyyətdə qalıb. Onların vəziyyəti getdikcə də ağırlaşmağa davam edir”.
F.Sadıqovun sözlərinə görə, Paşinyan yaxşı başa düşür ki, Azərbaycan getdikcə güclü oyunçuya çevrilir və Azərbaycanla müəyyən dil tapmaq lazımdır: “Bu, reallıqdır və bu reallığın yaranmasının səbəbkarı bizik. Amma bu, heç də o demək deyil ki, Paşinyan bu gün, ya sabah bütün torpaqları könüllü şəkildə azad edəcək və bütün məsələlər həll olunacaq. Biz buna nail olmaq üçün Ermənistana bundan sonra da güclü təzyiqlər edərək onu təcrid vəziyyətində saxlamalıyıq”.
Hər halda situasiya üzü yaza doğru hərarətin arta biləcəyindən, hətta ABŞ Milli kəşfiyyatının xəbərdar etdiyi kimi, hərbi əməliyyatların başlayacağından xəbər verir. Bunun tək səbəbkarı isə Ermənistandır. Belə vəziyyətdə Minsk Qrupu situasiyanı doğru-düzgün qiymətləndirib işğalçıya xəbərdarlıq edəcəkmi?..
musavat.com