Ermənistanda Qarabağ klanı hakimiyyətdən getsə də, “müharibə partiyası”nın mövqeyi hələ ki güclü olaraq qalır; İrəvanın ziddiyyətli davranışına Bakıdan sərt reaksiyanın səbəbi...
Keçən həftə Almaniyaya səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi açıqlama ilə Dağlıq Qarabağ məsələsində sülhə olan ən kövrək ümidləri çilik-çilik edib. Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında Nikol növbəti dəfə köhnə bayatısını oxuyaraq, “Ermənistanın baş naziri kimi mən yalnız Ermənistanın adından danışıqlar apara bilərəm, Dağlıq Qarabağın adından yox” deyib. Bu azmış kimi, tarixdə heç vaxt mövcud olmamış, indi də mövcud olmayan “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib.Sitat: “Ermənistan Qarabağ münaqişəsinin sırf sülh yolu ilə həlli prinsipinə sadiqdir. Lakin münaqişənin istənilən həll variantı Ermənistan,” Dağlıq Qarabağ" (dırnaqlar bizimdir - red.) və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Ümid edirdim ki, münaqişənin həllinin Qarabağ və Ermənistan xalqları üçün məqbul olmasının zəruriliyi barədə Azərbaycan tərəfi də bəyanat verəcək. Təəssüf ki, belə bir şey eşitmədik. Biz, əfsus ki, irəli gedəcəyimizlə bağlı böyük ümidlər bəsləyə bilmərik".
Göründüyü kimi, Paşinyan yenə yaş dəsmalı “ağrıyan” başdan açıb “ağrımayan” başa bağlamağa çalışıb. Guya sülh prosesini irəli aparmağa Azərbaycan əngəl yaradır, Ermənistanın işğalçı siyasəti yox. Üstəlik, dünyada guya “Dağlıq Qarabağ xalqı” adında da xalq varmış. Bunlar əlbəttə ki, ciddi sülh danışıqlarından və işğal gerçəyindən yayınmaq, beynəlxalq birliyin gözündə təcavüz faktını arxa plana itələmək üçün erməni tərəfinin uydurduğu bəhanələridir.
*****
Əvvəla, rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazırdır. Bundan da böyük güzəşt və ya bundan aydın mövqe? Yox, ermənilər Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətinin qurulmasını Bakının tanımasını istəyirlərsə, bu, əlbəttə ki, xülyadır. Belə şey heç vaxt olmayacaq.
“Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq”. Azərbaycan prezidenti İlham Əliyevin fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş toplantıda çıxışı zamanı dediyi bu sözlər həmin gün Almaniyada olan Paşinyanın son iddia və uydurmasına ən yaxşı cavab sayıla bilər.
“Əlbəttə, ən başlıca vəzifə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir”, - deyə İlham Əliyev öz çıxışında vurğulayıb.
Ölkə başçısı bildirib ki, 2016-cı ilin aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı Azərbaycanın gücünü, peşəkarlığını göstərib. “Biz strateji yüksəklikləri azad etmişik, strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik”, - dövlət başçısı qeyd edib.
*****
Öz növbəsində Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Paşinyanın “Azərbaycan tərəfinin güzəştləri, münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi səsləndirdiyi fikirlərə münasibət bildirib: “İlk növbədə xatırlamaq istərdim ki, münaqişə nəticəsində məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal olunub və onun 1 milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərində söhbət ”xalq" yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. Ermənistanın baş naziri Nikol Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq, yeni siyasi vəziyyət yaradacaq".
*****
Problem də elə bundadır - erməni tərəfinin Ermənistan əleyhinə işləyən sərt reallıqları anlamaq istəməməsində. Belə görünür ki, bunu onlara məhz Azərbaycan əsgəri anlatmalı olacaq. Əgər Ermənistanın Dağlıq Qarabağdan olan yeni rəhbəri də öz sələflərinin - Qarabağdan olan “müharibə partiyası”nın yolunu davam etdirəcəksə, necə deyərlər, köhnə ampluaya - Qarabağ klanının mövqeyinə qayıdacaqsa, o halda ermənilər üçün sülh perspektivi həmişəlik basdırılmış olacaq. Müharibə bütün ciddiliyi ilə gündəmə gələcək. Ermənistan sülhə hazır olmayacaqsa, onda gərək müharibəyə hazır olsun.
Şübhə yox ki, N.Paşinyanın Dağlıq Qarabağdakı bir ovuc separatçını sülh danışıqlarının müstəqil tərəfi kimi Azərbaycana və vasitəçilərə sırımaq cəhdi heç vaxt nəticə verməyəcək. İrəvan bu yolla vaxt uzatmaq istəyirsə, yenə yanılır. Çünki söhbət yalnızca Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmasının münaqişənin maraqlı tərəfləri kimi təsbit edən ATƏT-in Minsk Qrupunun mandatından getmir. Ən əsası, dünya çoxdan bu konflikti Azərbaycanla Ermənistan arasında münaqişə kimi qəbul edib. Paşinyan bunu Almaniya səfəri zamanı rəsmi Berlinin də mövqeyindən gördü...
musavat.com