Ermənistan rəhbərliyinin “ərazi əvəzinə sülh”dən imtinası müharibəni qaçılmaz edəcək; Tofiq Zülfüqarov: “Paşinyanın son bəyanatı konfliktin dinc həlli üçün heç bir şans qoymur...”
Dağlıq Qarabağ problemi ilı bağlı ilin ilk ayında münaqişə tərəfləri arasında ən yüksək səviyyədə ard-arda keçirilən bir neçə görüş sülhlə bağlı bəzi kövrək ümidlər yaradıb. Hərçənd, işğalçı Ermənistanda baş nazir Nikol Paşinyanın qatı əleyhdarları ortada heç bir anlaşmanın olmamasına rəğmən, onu az qala xəyanətdə suçlayır, “bir qarış torpaq belə qaytarılmamalıdır” deyə hay-küy qoparırlar. Bu hay-küyün “tozu” hələ də yatmayıb.Ancaq məsələ ondadır ki, heç Nikol Paşinyanın özü də hələ indiyədək Qarabağ mövzusunda öz sələflərindən fərqli hansısa konstruktiv bəyanat, açıqlama verməyib. Onun son açıqlaması da istisna olmadı. Paşinyan deyib ki, Ermənistan hökuməti Qarabağ tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə də etmir. Bunu o, guya keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirdiyi və ərazilərin təhvil verilməsi məsələsini müzakirə etdiyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Sitat: “Biz "sülh əvəzinə ərazilər" formulunu müzakirə edə bilmərik. Hökumətimiz Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq (keçmiş və hazırkı hakimiyyətlər arasında - red.) tamamilə yanlışdır. Biz Əliyevlə danışdıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrlərlə birlikdə tövsiyələrini təqdim edəcəklər, biz də onları müzakirə edəcəyik".
Erməni baş nazir onu da iddia edib ki, Davosda Əliyevlə danışıqlar olmayıb, qeyri-rəsmi ünsiyyət olub və bu zaman fikir mübadiləsi aparılıb.
*****
Göründüyü kimi, Nikol Paşinyan, faktiki, onu tənqid edənlərdən pozitiv planda hansısa fərqli mövqe bildirməyib. Bu səbəbdən Azərbaycanın ona cavabı gecikməyib.
“Paşinyanın məntiqini anlamaq çətindir”. Bunu Azərbaycan XİN-ndən Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatını şərh edərkən bildirilib.
“Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, - deyə məlumatda qeyd olunub.
*****
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Nikol Paşinyanın son bəyanatı Qarabağ konfliktinin siyasi, dinc yolla həlli üçün heç bir şans qoymur. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli minval.az saytına müsahibəsində deyib.
“Həmin bəyanat ilk növbədə rəsmi Bakıya, sonra isə daxili auditoriyaya ünvanlanıb. Son vaxtlar N.Paşinyanın ”Qarabağ klanı"na yaxın ola opponentləri dəfələrlə bəyan ediblər ki, Bakı ilə İrəvan arasında ciddi danışıqlar gedir və Dağlıq Qarabağ ətrafında bir neçə rayonun azad edilməsinə hazırlıq gedir. Və indi buna cavab olaraq, Paşinyan iddia edir ki, belə şey ola bilməz, ümumiyyətlə, təbiətdə belə mövzu mövcud deyil. Bununla da o, daxildəki siyasi xarakterli problemləri həll edir", - deyə eks-nazir bildirib.
T.Zülfüqarovun sözlərinə görə, bu, çox ciddi bəyanatdır və danışıqların bərpasına yönəlik istənilən cəhdə faktiki şəkildə “stop” işarəsi qoyur: “Bununla o, ATƏT-in Minsk Qrupunun həmsədrlərini tamamilə pis vəziyyətə qoyur - hansılar ki, cəmi bir həftə qabaq xalqları sülhə hazırlamağa başlamağın zəruriliyini bəyan edirdilər. İndi isə aydın deyil ki, hansı əsaslarda bu sülh əldə ediləcək. Əgər Paşinyanın dediyi əsasda olacaqsa, o zaman yüz faiz sülh olmayacaq. Biz bu gün artıq belə bir situasiyanı müşahidə edirik ki, erməni tərəfini danışıqlar prosesi maraqlandırmır. İkinci məqam: onu da görürük ki, həmsədrlər hansısa anlaşılmaz vəziyyətdədirlər və regionda real baş verənlərlə uzlaşmayan bəyanatlar verirlər”.
Paşinyan onu da deyib ki, erməni hökuməti Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq tamamilə yanlışdır. Bəs görəsən, aradakı “fərq” nədən ibarətdi?
Tofiq Zülfüqarov: “Fərq yalnız bir şeydədir: nəyi ki, onun sələfləri gizlədirdilər, onu Paşinyan açıq deyir. Onun sələfləri manevr edir, vaxtı uzadırdılar. Paşinyan isə bütün bunlar haqda açıq danışdı və onun bəyanatını diqqətdən kənar saxlamaq, sadəcə, mümkün deyil”.
*****
“Qarabağ üzrə danışıqlar prosesinin reanimasiyası gedir və Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın rəsmi görüşünə hazırlıq aparılır”. Bunu isə erməni politoloq Aleksandr İsgəndəryan deyib.
“Bunun nə qədər uğurlu olub-olmadığını deyə bilmərəm. Görürük ki, müəyyən dar çevrədən kənara heç bir informasiya çıxmır. Bu o deməkdir ki, əslində proses gedir və o, birbaşa konfliktlə bağlıdır” - erməni siyasi təhlilçi deyib.
Lakin başqa bir erməni politoloq Anahit Şirinyan hesab edir ki, son zamanlar Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə artan görüşlər tərəflər arasında qarşılıqlı güvən formalaşdırsa da, bunun yaxın gələcəkdə həll prosesinə təkan verəcəyi inandırıcı görünmür: “Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş həll prosesində yeni dönəmin başlanğıcı sayıla bilər. Davosda iki ölkə liderinin qeyri-rəsmi görüşü baş tutdu. Ayrıca, fevral ayında xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Bütün bunlar prosesin fəallaşmasından xəbər verir. Lakin düşünmürəm ki, bu təmaslar həll prosesinə ciddi şəkildə təkan verəcək. Bununla belə, fikrimcə, müzakirələr üçün daha əlverişli atmosfer yaranır”.
Onun sözlərinə görə, danışıqların sonrakı mərhələlərində fərqli təşkilatların, elm adamlarının, jurnalistlərin, mütəxəssislərin və iş adamlarının da iştirakı mümkün ola bilər (teleqaraf.com). “Bəlkə də həmin mərhələlərdə üçüncü bir ölkənin vasitəçiliyə ilə Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər də mümkün olsun. Bu baxımdan, qarşılıqlı etimadın formalaşdırılması məsələsinin mərhələli şəkildə həyata keçiriləcəyini düşünürəm. Başlanğıc üçün tərəflərin bu məsələlərə hansı formada baxacağına diqqət etmək, digər yandan isə yaranmış ehtimalları o qədər də şişirtməmək lazımdır”, - deyə o qeyd edib.
Mövcud müzakirələrin hansısa xarici gücün təsiri ilə baş tutduğu ehtimalına gəlincə, bu barədə suala erməni politoloqun cavabı belə olub: “Hələlik proses gizli gedir. Amma onu deyə bilərəm ki, Minsk Qrupu həmsədrləri Ermənistandakı iqtidar dəyişikliyinə Qarabağ münaqişəsinin həlli baxımından fürsət kimi dəyərləndirmək istəyir”. Şirinyan münaqişənin uzun illərdir həll olunmamış qalmasının Ermənistandan qaynaqlandığını da etiraf edib.
*****
Beləliklə, azərbaycanlı və erməni siyasi şərhçilərin son fikir və təxminləri Dağlıq Qarabağ ətrafındakı situasiyanı daha yaxşı təsəvvür eləməyə imkan verir. Hərçənd, bir sıra detallar yalnız birbaşa sülh danışıqları aparanlara bəllidir. Bir şey dəqiqdir ki, konfliktin, danışıqlar prosesinin bunca uzanması həqiqətən də yalnız Ermənistandan qaynaqlanır.
Demək, “hərb yoxsa sülh” dilemmasını da İrəvan həll eləməlidir. İşğalçı tərəf müharibəni seçəcəksə, onu da alacaq. 2016-cı ilin 4 günlük aprel savaşı göstərdi ki, Azərbaycan özünün işğal altındakı ərazilərini azad eləməyə hazırdır. Ancaq o halda Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilməsindən söhbət belə getməyəcək...