Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi İlham Əliyevə telefon açdı; ABŞ Milli Kəşfiyyatının rəhbəri isə Qarabağda böyük toqquşma riskini anons verdi; Ağ Ev müharibə xəbərdarlığı fonunda sülh təşəbbüskarlığını artırır - nonsens, yoxsa...
Təzə il başlar-başlamaz, Dağlıq Qarabağ məsələsində Qərbin, xüsusən də ABŞ-ın siyasi-diplomatik fəallığı diqqət çəkir. Artıq yanvar ayında Qərbin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında iki mühüm görüş keçirilib. Öncə Parisdə iki ölkənin xarici işlər nazirləri 4 saat müzakirə aparıb və xalqları sülhə hazırlamağın zəruriliyi barədə anlaşıblar. Üstündən bir həftə keçməmiş prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Davosda qeyri-formal atmosferdə bir araya gələrək, saat yarım ərzində Qarabağ məsələsini müzakirə ediblər.Srağagün - yanvarın 29-da axşam isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İlham Əliyevə telefon açıb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o sırada enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
“Yeni Müsavat” xəbər verir ki, Bolton bu barədə özünün twitter hesabında belə yazıb: “Bu gün (srağagün - red.) mən Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ABŞ-ın dəstəyi də daxil, bir sıra ortaq maraq kəsb edən məsələləri müzakirə elədik”.
*****
Xatırladaq ki, az öncə N.Paşinyan Davosda olarkən Con Bolton ona da telefon açmışdı. Rəsmi məlumatlarda bildirilirdi ki, söhbət zamanı ikitərəfli münasibətlərin perspektivi və Qarabağ mövzusu diqqətdə saxlanılıb.
Bu yerdə onu da yada salaq ki, ötən ilin oktyabrında Azərbaycan və Ermənistanda səfərdə olan Con Bolton İrəvanda çıxışı zamanı Paşinyanı açıq şəkildə seçkilərdən sonra, yəni təzə ildə Qarabağ məsələsində real addımlar atmağa, ölkəsini ağır blokada rejimindən və Rusiya asılılığından qurtarmaq üçün Türkiyə və Azərbaycanla daha tez anlaşmağa çağırmışdı. Hətta şirnikləndirici təklif kimi, İrəvana “Rusiya silahlarından daha keyfiyyətli olan ABŞ silahları” təklif eləmişdi. Bu kimi bəyanatlar isə dərhal rəsmi Moskvanı qəzəbləndirmiş, hətta Rusiya XİN başçısının müavini Qriqori Karasin qərbyönlü Ermənistan iqtidarını sərt şəkildə hədələmişdi...
*****
Göründüyü kimi, Vaşinqtonun Qarabağ məsələsində diplomatik fəallığı ortadadır. O da maraqlıdır ki, belə bir fəallıq fonunda ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Kouts Qarabağ ətrafında münaqişənin gərginləşə biləcəyini bəyan edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, Konqresdə çıxışı zamanı bildirib. Sitat: “Ermənistan və Azərbaycan arasında gərginlik genişmiqyaslı hərbi toqquşma üçün potensial təhlükə olaraq qalır və hətta Rusiyanın da cəlb olunduğu genişmiqyaslı hərbi münaqişəyə gətirə bilər”.
Vaşinqtonun bir yandan sülh təşəbbüslərini artırması, o biri yandan isə müharibə xəbərdarlığı eləməsi diqqət çəkməyə bilməz. İlk baxışda ziddiyyətli görünsə də, bir şeyə şübhə yox ki, ABŞ hazırda gərgin münasibətlərdə olduğu Rusiyanın Güney Qafqazda Qarabağ problemi hesabına daha da möhkəmlənməsini istəmir, əksinə, onu bölgədən sıxışdırıb çıxarmağa çalışır.
Üstəlik, Rusiya ABŞ-ın hədəf götürdüyü “şər üçbucağı”nın digər ölkəsi ilə - İranla yaxşı münasibətlərə malikdir və Tehranla Moskvanın ABŞ-la bağlı maraqları xeyli üst-üstə düşür. Hər iki qonşumuz təbii ki, Amerikanın bölgədə aparıcı oyunçu olmasına qarşıdır. Qarabağ məsələsinin həllində ciddi dönüş isə regionda Rusiya-İran təmaslarını və əməkdaşlığını minimuma endirərdi.
Buradaca əlavə edək ki, Bakı ilə eyni gündə Bolton Ankaraya da telefona açıb və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla danışıb. Türkiyə KİV-nin məlumatına görə, tərəflər regional problemləri müzakirə edib. Onların arasında İran mövzusunun da olduğu istisna deyil.
Azərbaycana gəlincə, qeyd edildiyi kimi, İran məsələsinə Qarabağ mövzusunun da bağlılığı var.
*****
“Qərblə Rusiya arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı rəqabət mühiti yaranıb. Bu mühitin yarandığını Rusiya mətbuatında Qarabağ problemi ilə bağlı şərhlərin və təfərrüatların daha geniş şəkildə verilməsində də görmək olar”. Bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O xatırladıb ki, artıq ATƏT-in vasitəçilik missiyası olmadan tərəflər bir neçə dəfə görüşüb.
“Görüşlərin bir qismi ayaqüstü söhbət olsa da, Davos görüşü bunlardan fərqləndi. Sonuncu görüş sözsüz ki, Davos toplantılarını hazırlayan qurumun sədri tərəfindən təşkil olunmuşdu. Bu da Qərb tərəfinə aid olan bir missiyadır. Bu prosesdə, zənnimcə, Qərb ölkələrinin bir çoxunun, xüsusilə də ABŞ-ın ön plana çıxdığını müşahidə edirik. Ona görə də son zamanlar ”Lavrov planı, yoxsa Bolton planı" ifadələrinə yol verilir. Amma hər halda, bu məsələlər daha çox ekspertlərin və jurnalistlərin yaradıcılıq məhsulu hesab olunur", - deyə politoloq qeyd edib.
Bununla belə, onun sözlərinə görə, dondurulmuş proseslərə hərəkət verən, onu intensivləşdirməyə çalışan tərəf məhz Qərbdir: “Bir müddət əvvəl Boltonun bölgəyə səfəri bu məsələlərdə sürətləndirici amil rolunu oynadı. Amma Rusiya da heç zaman sakit durmur və bu bölgəyə özünün ”arxa bağçası" kimi baxdığından, prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır. Con Boltonun təşəbbüsündən sonra Rusiya da hərəkətə gəldi. Kolerov, Tarasov, Duqin və başqaları Qarabağ problemi ilə bağlı həllin sürətlənməsi, hətta bununla bağlı hansısa müddətləri göstərməklə ictimai fikirdə təlatüm yaratmağa çalışırlar və müəyyən qədər də buna nail olurlar".
Politoloqa görə, prosesləri ayıq başla və soyuqqanlı qiymətləndirən ekspertlərin bir çoxu “startı” ABŞ başda olmaqla Qərb ölkələrinin verdiyini düşünür: “Bunun nəticəsində də Rusiya bir növ siyasi həyəcana düşərək proseslərə adekvat cavab verməyə və təşəbbüsü öz nəzarəti altında saxlamağa cəhd etdi. Zənnimcə, bunun Azərbaycan üçün heç bir ziyanı yoxdur. Sadəcə olaraq, tərəflər arasında problemin həlli ilə bağlı rəqabət mühitinin yaranması status-kvonun dəyişəcəyinə olan ümidləri artırır. Hazırda proseslərdə öndə Qərb dünyası görünsə də, Rusiyanın da təşəbbüsü ələ almaq üçün işlər gördüyünü söyləmək lazımdır. Qərb hələ ki bu problemi Rusiyanın tam nəzarətindən çıxara bilməyib”.
Q.Hüseynli hesab edir ki, bu prosesdə Qərb daha pozitiv rol oynaya bilər: “Çünki Rusiya bu bölgədə ”Qarabağ kartı"ndan özünün strateji maraqlarını reallaşdırmaq üçün istifadə edir. Ona görə də artıq Rusiyanın prosesdə pozitiv rol oynaya biləcəyi barədə fikirlər aktuallığını itirməyə başlayıb. Ciddi düşünən adamların əksəriyyəti diqqətini Qərbə doğru yönəltməyə çalışır. Çünki Qərb doğrudan da bölgədə problemin aradan qalxmasını istəyir. Bu, onun strateji maraqlarına cavab verir. Hələ ki Rusiya bu məsələdə Bakını qane edə biləcək, eyni zamanda beynəlxalq hüquq normalarına söykənən mövqe ortaya qoya bilməyib. Amma Qərbin mövqeyi beynəlxalq hüququn tələblərinə getdikcə yaxınlaşmaqdadır".
Qalır, yeni prosesin Azərbaycanın nə dərəcədə maraqları çərçivəsində inkişaf edəcəyini izləmək və ona dəstək vermək...
“Yeni Müsavat”