“Wikipedia.org"da özbək dilində Azərbaycanın Xankəndi şəhəri haqqında məlumat bazası istifadəyə verildi

“Wikipedia.org"da özbək dilində Azərbaycanın Xankəndi şəhəri haqqında məlumat bazası istifadəyə verildi backend

“Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində Azərbaycanın Xankəndi şəhəri haqqında məlumat bazası istifadəyə verildi.

Qaziler.az bildirir ki, Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində Azərbaycanın Qarabağ bölgəsinin böyük şəhəri - Xankəndi şəhəri haqqında məlumat bazası istifadəyə verilib.

Bölməyə hal – hazırda Ermənistan Silahlı birləşmələrinin işğalı altında olan şəhərin tarixi, coğrafi mövqeyi, iqlimi, flora və faunası, mədəniyyəti, tanınmış şəxsiyyətləri və s. haqqında geniş məlumatlar daxil edilib. Qeyd edilir ki, ilk illər yeni yaşayış məskəni olan bu şəhərdə Azərbaycanın Qarabağ xanının ailəsi və onun yaxınları yaşamış və zaman keçdikcə bu məkan el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Məlumatda 14 may 1805-ci ildə Qarabağ xanlığının Rusiya çarlığına birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın həyat yoldaşı Pəricahan bəyimə bağışlandığı qeyd edilir.

Məlumat bazasında Azərbaycan Respublikasının xəritəsi, habelə 1901-ci il Tbilisi şəhərində hazırlanan və 1801-1813 cü illərə aid Qafqaz hərbi dairəsi üzrə Vilayətin xəritəsi, habelə 1903-cü ilə aid Yelizavetpol quberniyasının xəritəsi verilib.
Bölmədə ermənilərin tarixən Azərbaycan torpaqlarına mərhələli və məqsədli şəkildə köçürülməsi, şəhərin etnik tərkibinin zaman-zaman dəyişdirilməsi, 1988-ci ildən başlanan münaqişə, Ermənistanın Azərbaycana təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Azərbaycan torpaqlarının işğalı, Xankəndinin zəbt olunması, yerli azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə siyasətinə məruz qalması öz əksini tapır.

Bölmədə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07.07.1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olması və 18.09.1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adının dəyişdirilərək Stepanakert şəhəri adlandırılması xüsusi olaraq öz əksini tapıb. Qeyd olunur ki, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmış, Əsgəran və Hadrut rayonları isə ləğv edilmişdir.

Məlumat bazasında şəhərin elm və mədəniyyət ocaqları, tarixi abidələri, habelə Azərbaycanın Bakı Gəmiqayırma zavodu tərəfindən inşa edilən nəhəng “Xankəndi sualtı tikinti gəmisi” haqqında da geniş məlumat verilir.

Hazırda məlumat bazası yeni məlumatlarla zənginləşdirilir, əlavə ədəbiyyat siyahısı və mənbələrin daxil edilməsi həyata keçirilir.

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında yaradılmış “Xonkandi” adlı Özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Xonkandi linkində tanış olmaq mümkündür.
Diaspora