Rusiyalı ekspertlər Qarabağla bağlı nikbin açıqlamalar yayır - səbəb

Rusiyalı ekspertlər Qarabağla bağlı nikbin açıqlamalar yayır - səbəb backend

Azərbaycanlı ekspertlər isə ehtiyatlı nikbinliyin tərəfdarıdır, çünki...

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı Davos görüşündən sonra Qarabağ məsələsi ilə bağlı çox uzaqgedən nəticələr çıxarılmaqdadır. Son aylarda artıq üçüncü dəfədir Azərbaycan prezidenti ilə görüşən N.Paşinyana qarşı etirazların ciddi şəkildə artması da müşahidə olunur. Ayrı-ayrı erməni ekspertləri siyasi təcrübəsi az olan Paşinyanın qısa müddətdə öz prinsiplərindən geri çəkilməsindən ehtiyatlanaraq, bu minvalla onun işğal altındakı torpaqları azad edəcəyindən əndişələnirlər.

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin həlli ilə əlaqədar Azərbaycan prezidenti yerinə eks-prezident Serj Sərkisyan və ya keçmiş xarici işlər naziri Edvard Nalbəndyanla konsultasiyalar aparmalıdır. Bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. Onun sözlərinə görə, yeni hökumət mütəmadi olaraq Qarabağın həlliylə bağlı təhlükələrin dərinləşməsi üçün imkan yaradır. O, Paşinyanın Qarabağ məsələsindən daxili siyasi manipulyasiya üçün istifadə etdiyini deyib: “Biz Paşinyanı sui-qəsddə ittiham etmirik, amma aydındır ki, onun yetərli informasiya və təcrübəsi yoxdur. Müxalif barabanlarla xarici siyasət aparılmır, Qarabağın həlli isə bilik və geniş siyasi konsolidasiya istəyir. Paşinyan daimi olaraq məharətlə Qarabağ danışıqların indiki mərhələsiylə bağlı danışıqlardan qaçır” (axar.az).

Qeyd edək ki, Nikol Paşinyanın Qarabağla bağlı Davosda prezident İlham Əliyevlə qeyri-rəsmi görüşündən sonra “Qarabağ klanı” bundan öz məqsədləri üçün sui-istifadə etməyə girişib. Ölkə daxilində Azərbaycanın işğal edilən rayonlarının qaytarılacağı ilə bağlı məlumat yaymaqla, “Qarabağ klanı” siyasi mübarizə aparır və 20 il müddətində hakimiyyətdə qalmalarına səbəb olan “kart”ı yenidən işə salır. Çünki bu klanın Qarabağ spekulyasiyasından başqa verə biləcəyi heç bir vəd yoxdur. Yanvarın 25-də Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində keçirilən Daşnaksütyun Partiyasının ümumi iclası başa çatıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclas zamanı Daşnaksütyunun ali icraedici orqanı olan Büronun yeni üzvləri seçilib. Daşnakların qərarına əsasən, Büronun yeni rəsmi nümayəndəsi Yakov Ter-Xaçatryan olub. Büronun rəhbəri vəzifəsinə isə Armen Rüstəmyan təyin edilib. Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan və qondarma Qarabağ rejimi arasında təcili olaraq “hərbi-siyasi ittifaq” haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın təhlükəsizliyinin və “müstəqilliyinin” qarantı öhdəliyi ilə çıxış etməsi.

“Paşinyan isə artıq Azərbaycan prezidenti ilə üçüncü dəfədir görüşməklə danışıqlar formatının dəyişilməzliiyi barədə rəsmi Bakının mövqeyinə tabe olduğunu etiraf etmiş olub. Münaqişənin nizama salınmasında Rusiyanın rolu azaldılıb. Əvvəl ”Lavrov planı" haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir".

Publika.az-ın məlumatına görə, bu fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib. Bildirilir ki, “Lavrov planı” adlanan həll variantı ərazilərin qayıdışı (ilkin mərhələdə Qarabağ ətrafındakı 5, daha sonra 2 rayonun qaytarılması - red.), tərəflərin status üzərində müzakirələr aparması və sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsini nəzərdə tuturdu. Lakin nəşrə görə, indi danışıqlar prosesi “Bolton planı” ilə nəzərdə tutulmuş ssenari üzrə gedir və bu plan “sülhə əvəz olaraq ərazilər” düsturu üzrə həyata keçirilir. “Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki, plan onun Azərbaycan tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülh ilə pul vədi var", - nəşr iddia edib.

Nəşr hesab edir ki, yanvarın 16-da həmsədrlərin vasitəçiliyi vaxtı Parisdə Azərbaycan və Azərbaycanın xarici işlər nazirlərinin 4 saatdan çox sürən danışıqlardan sonra verilən “xalqların sülhə hazırlanması” bəyanatı, Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federiki Moqereninin yanvarın 19-da Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın reallaşacağına ümid ifadə etməsi, elə həmin gün ABŞ prezidenti Donald Trampın Paşinyananı Dağlıq Qarabağ problemini həll etməyə yenidən çağırması, yanvarın 22-də Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşü və nəhayət, yanvarın 23-də ABŞ-ın milli təhlükəsizlik məsələlərin üzrə məsləhətçisi Con Bolton və Paşinyan arasında telefon söhbətinin olması “Bolton planı”nın olduğuna dair “faktlar”dır. Qeyd edilir ki, Birləşmiş Ştatlar “böyük oyun”un moderatorudur və oyunun vektoru Rusiyaya qarşı yönəldilib, İran hədəf, ABŞ-ın partnyorları Türkiyə və Azərbaycan, alət isə Ermənistandır.

“Bu oyunda Ermənistan xırda pul oldu. Faktdır ki, ”Bolton planı" Paşinyan rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma, göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda, Paşinyan Dağlıq Qarabağla intensiv danışır və bu mübahisəsizdir. Əgər artıq xalqların sülhə hazırlanmasından danışılırsa, tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçiblər. Və məhz bu, həyəcana səbəb olur", - “Yerkramas” qeyd edib.

Ermənistanın “Past” qəzeti Davos görüşü ilə bağlı yazı dərc edib və maraqlı iddia ortaya atıb. Qəzetdə verilən informasiyaya görə, iki ölkə lideri arasındakı danışıqların təsadüfən baş tutduğu söylənilsə də, əslində tərəflərin bu barədə qabaqcadan xəbəri olub. Hətta onun detalları xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın 4 saatlıq görüşündə müzakirə edilib.

Bundan öncə rusiyalı politoloq Stanislav Tarasov iyun ayında Ermənistanın Azərbaycana bir neçə rayonu qaytaracağı barədə məlumat yaymışdı.

“Gözlərə baxın, İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur” - deyən politoloqun fikrincə, iyunda Paşinyan və İlham Əliyev Qarabağla bağlı razılaşma imzalayacaq və bu sazişə əsasən, ermənilər bir neçə rayonu qaytarmalı olacaq. Tarasovun sözlərinə görə, bununla Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və bu sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq, nizamlanmanın paket layihəsi peyda olacaq və “Paşinyanın istəyi yerinə yetəcək”.

Azərbaycanla Ermənistan Qarabağla bağlı razılaşmanı martda imzalaya bilər. Bunu isə “Joxovurd” qəzetinə açıqlamasında rusiyalı politoloq Modest Kolerov deyib. O, tərəflər arasında razılaşmanın çoxdan mövcud olduğunu, sadəcə, bu sənədlərə yekun imzanın bu tarixdə atılacağını söyləyib(Axa.az). Qəzetə açıqlama verən Qarabağ separatçılarının sözçüsü David Babayan isə belə razılaşmanın olacağına inanmadığını deyib. O, qondarma rejimin iştirakı olmadan Qarabağla bağlı razılaşmanın olmayacağını söyləyib.

“Yeni Müsavat”a açıqlamaında burada “erməni barmağı”nın olduğunu güman edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, hiss olunur ki, “Qarabağ klanı” Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı son Davos görüşünü öz məqsədləri üçün istifadə etməyə çalışır: “Klan ermənilər arasında şübhə toxumu səpməyə çalışır ki, guya Paşinyan ”təslimçi sülhə" hazırlaşır. Halbuki, Paşinyan Qarabağ münaqişəsinin həllində bircə addım da atmağa hazır deyil və Davosda da heç bir razılaşma qeydə alınmayıb. Buna baxmayaraq, “Qarabağ klanı” Paşinyanın mövqelərini zəiflətmək üçün bütün fürsətlərdən istifadə edir və edəcək, Azərbaycan prezidenti ilə görüş də bu qəbildəndir. “Qarabağ klanı” ondan da şübhəlidir ki, nədən onların hakimiyyətdəki dövrdən fərqli olaraq Nikol Paşinyanın hakimiyyəti dövründə cəbhə bölgəsində atəşkəsə riayət olunur, gərginlik yoxdur. Yəni demək istəyirlər ki, Azərbaycan hakimiyyətinin Paşinyana münasibəti eks-prezidentlər Serj Sərkisyana və Robert Köçəryana münasibətdən fərqlənir".

Davos görüşü ətrafındakı ajiotaja gəldikdə, E.Şahinoğlu bildirdi ki, bu, sıradan bir görüş olub: “Tərəflər özləri də etiraf edirlər, heç bir razılaşma olmayıb. Hətta Paşinyan sonradan qorxusundan hətta internet üzərindən müraciət də yaydı. Ümumilikdə Paşinyan heç bir addım atmayacaq. Sadəcə, razılaşma olub ki, iki ölkənin liderləri hansısa tədbirdə iştirak edirlərsə, bir araya gəlib müzakirələr aparsınlar. Məncə, burada hər hansı problem yoxdur”.

Politoloq Arzu Nağıyev də qəzetimizə martda sülh razılaşmasının imzalanmasını real saymadığını dedi. Bildirdi ki, bənzər açıqlamalar əvvəllər də olub.

Hər halda bu kimi nikbin açıqlamaların davamlı xarakter alması maraq doğurur. Düzdür, 2016-cı ilin ikinci yarısında da bəzi rus ekspertlər bənzər açıqlamalar verirdilər. Amma hər necə olmasa, il də dəyişib, Ermənistan hakimiyyəti də. Üstəlik, Parisdə xalqların sülhə hazırlanması barədə şifahi razılıq əldə olunub. Azərbaycan hakimiyyəti isə İrəvandan konkret addım tələb edir. Gözləyək...

“Yeni Müsavat”
Diaspora