"Detalların müzakirə olunmadığı barədə deyilənlərə baxmayaraq, biz uşaq deyilik və gözəl başa düşürük ki, söhbət üçün konkret mövzu olmasa, müzakirə də olmaz. Son zamanlar saatlarla davam edən görüşlər ciddi müzakiələrin getdiyindən xəbər verir – danışıqlar masasında konkret layihə var və sövdələşmə də onun ətrafında aparılır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Davos görüşünü şərh edən rusiyalı politoloq Stanislav Tarasov "168 hours”a müsahibəsində deyib."Görünən odur ki, Əliyev çox yaxşı əhvalda, Paşinyan isə kefsizdir. Çünki Əliyev bu partiyanı udmaqdadır. Paşinyan deyirdi ki, danışıqlarda "Dağlıq Qarabağ Respublikası” da tərəf kimi çıxış etməlidir. Lakin bu istiqamətdə heç bir addım atılmadı”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, hazırda tərəflər yalnız etimad tədbirlərinin gücləndirilməsindən danışır:
"İstənilən ciddi və savadlı konfliktoloq, hətta beynəlxalq münasibətlər fakültəsinin üçüncü kurs tələbəsi belə, təsdiqləyər ki, münaqişələrin nizamlanması zamanı tərəflər əvvəlcə etimadın möhkəmləndirilməsi mexanizmləri işləməyə başlayır, sülh barəsində isə yalnız müəyyən mərhələləri keçdikdən sona danışılır. Bu, danışıqların üçüncü və ya dördüncü mərhələlərində, əvvəlki mərhələlər başa çatdıqdan sonra baş verir. Hazırda onlar ilk iki mərhələlərin detallarına getmədən, üçüncü-dördüncü mərhələlərdə baş verə biləcəkləri səsləndirir. Əgər erməni politoloqlar və ekspertlər hesab edirlərsə ki, Qarabağsız heç nəyi həll etmək olmaz, onda onlar böyük romantikdirlər. Gördüyünüz kimi, həll etmək mümkündür.
Politoloq hesab edir ki, bu ilin iyununda Paşinyanla Əliyev Qarabağla bağlı saziş imzalayacaqlar və həmin sazişə görə, erməni tərəfi "dolayı güzəştlər” qismində bir neçə rayondan çəkilməli olacaq. Tarasovun sözlərinə görə, bundan sonra Türkiyə parlamenti "erməni-türk protokolları”nı ratifikasiya edəcək, iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq, nizamlanmanın paket variantı ortaya qoyulacaq və bununla da "yoldaş Paşinyanın istəyi yerinə yetiriləcək”.
"Azərbaycan açıq şəkildə bəyan edib ki, ona rayonların bir qismini qaytarmaq lazımdır. Ermənistanın nə etmək istədiyi isə aydın deyil – erməni tərəfi susur. Amma onlar Bakı ilə bu haqda danışmasaydı, Əliyev heç vaxt Paşinyanla belə ünsiyyət qurmazdı. Əksinə, Ermənistanı müharibə ilə hədələyər, ultimatum dili ilə danışardı”, - deyə politoloq qeyd edib.
(Rus dilindən tərcümə - WorldMedia.Az)