“Qarabağda ermənilər məni 7 dəfə güllələnməyə çıxardılar” - Ukraynalı hərbi pilotun xatirələri

“Qarabağda ermənilər məni 7 dəfə güllələnməyə çıxardılar” - Ukraynalı hərbi pilotun xatirələri backend

Azərbaycan Silahlı Qüvvələrinin ordu aviasiyasının ilk bölməsi 1992-ci ilin fevral ayında yaradılıb.

Ölkəmiz üçün çətin bir dövr idi - Ermənistanın Azərbaycan ərazisində başladığı qəddar müharibə getdikcə daha sürətlə alovlanırdı, Azərbaycan Ordusunda hərbi pilotların kəskin çatışmazlığı yaşanırdı. Onların funksiyaları Zabrat aviadəstəsinin mülki pilotları tərəfindən həyata keçirilirdi. Viktor Seryegin, Səfa Axundov, Ərəstun Mahmudov, Yaşar Əliyev, Xanlar Səttarov, Edison Həsənov, Zakir Yusifov və Faiq Məmmədov - məhz onlar döyüş bölgəsinə uçuşlar edir, oraya ərzaq, sursat, tibbi ləvazimat daşıyır, yaralı və mülki əhalinin təxliyyəsini həyata keçirirdilər.

1992-ci ilin yanvarın 28-də mühasirədə olan Malıbəylidən əhalinin çıxarılması zamanı Viktor Seryegin, Səfa Axundov və Ərəstun Mahmudovdan ibarət ekipajın idarə etdiyi Mi-8T helikopteri Şuşaya yaxınlaşarkən yerdən atılan "Strela" DZRK ilə vuruldu. Cəsarətli pilotlar öz həyatları bahasına olsa da, praktiki olaraq idarəolunmayan helikopteri Şuşanın yaşayış məntəqələrindən kənarlaşdıra bildilər. Retranslyasiya qülləsi ərazisində helikopter qəzaya uğradı. Ekipaj və bütün sərnişinlər həlak oldu.

1992-ci il fevralın 22-də Azərbaycan Müdafiə nazirinin əmri ilə Zabrat aviadəstəsinin bir çox pilotu Silahlı Qüvvələrə daxil edildi. Həmin dövrdə Sergey Senyuşkin, Sergey Tuvaev, Aleksey Şvarev, Evgeni Karlov kimi təcrübəli hərbi pilotlar artıq Azərbaycan ordusunda xidmət edirdi.



Təəssüf ki, müharibə itkisiz olmur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi aviasiyası da itkilərə məruz qalıb. Bir çox pilot Azərbaycan üçün öz həyatlarını qurban verdi. 12 nəfər helikopter ekipajının üzvü - Yavər Əliyev, Sergey Senyuşkin, Viktor Seregin, Səfa Axundov, Ərəstun Mahmudov, Evgeni Karlov, Fəxrəddin Musayev, Zakir Məcidov, Cavanşir Rəhimov, Zakir Yusifov, Tahir Bağırov, Ruslan Polovinko Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Yuxarıda təsvir edilən hadisələrdən 25 il sonra Ordu.az-a Azərbaycan Ordusunun ilk ordu aviasiyasının pilotlarından birini, Ukraynada yaşayan polkovnik-leytenant Aleksey Şvarevi tapmaq müəssər oldu, o isə həyatının Azərbaycan dövrü haqqında xatirələrini bizimlə bölüşməyə məmnuniyyətlə razılıq verdi.

Aleksey Şvarev Sovet Ordusundan Azərbaycan Ordusuna keçən və Azərbaycan ordusunun aviasiyasının formalaşmasında fəal iştirak edən dörd hərbi pilotdan sağ qalan sonuncu şəxsdir.

- Aleksey ilk növbədə bir az özünüz haqqında danışın.



- 1961-ci il mayın 30-da Şimali Uralda anadan olmuşam. 1982-ci ildə Ali Hərbi Aviasiya Məktəbini bitirdim, əvvəl Zabaykalda, sonra isə Əfqanıstanda xidmət etdim. Daha sonra Özbəkistan və Tacikistanda xidmət etdim. Nəhayət, döyüş helikopterlərinin istismarında böyük təcrübəyə malik olduqdan sonra, 1989-cu ildə Azərbaycanda Səngəçal hava limanına təyin olundum. İki il sonra Sovet İttifaqı dağıldı, mən mayor rütbəsində sovet qoşunlarının Azərbaycandan çıxarılmasını şahidi oldum.

- Azərbaycan Ordusunun sıralarına keçidiniz necə baş verdi?

- Bizim hərbi hissənin ləğv olunması zamanı komandirlərimiz bizi atdı. Bundan əlavə, Azərbaycan tərəfinin razılığı olmadan çox sayda aviasiya texnikasının, o cümlədən helikopterlərin Rusiyaya və Gürcüstana, xüsusilə Sxinvaliyə çıxarılması prosesi başlamışdı. Rus hərbi komandanlığı bizi və ailəmizi Azərbaycanda girova çevirdi. Təbii ki, biz bu cür oyunlara mənfi münasibət göstərirdik. Buna görə hər gün səhər hava limanına gedirdik və helikopterlərin Rusiyaya və ya Gürcüstana uçmasına imkan vermirdik.

Tezliklə bizim hərbi hissəmizi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ziyarət etdilər və bizə Azərbaycan Ordusunda xidmət etməyi təklif etdilər. Dörd pilot - Senyuşkin, Tuvayev, Karlov və mən Rusiya Silahlı Qüvvələri sıralarından təxris olunmağımız barədə raport yazdıq və Azərbaycan Ordusunda xidmət etməyə başladıq. Sonra biz aerodromdakı Mi-24 hərbi helikopterini Zabratdakı aerodroma qaçırdıq, çünki hesab edirdik ki, həqiqətən bu vasitə Sovetlərin dağılması zamanı Azərbaycan ərazisində olduğu üçün bu ölkəyə məxsus olmalıdır. Mənim Azərbaycan Ordusunun sıralarında xidmətim belə başladı və mənə dərhal polkovnik-leytenant rütbəsi verildi. Sürətli bir proqram çərçivəsində Zabrat aviadəstəsinin pilotlarını döyüş helikopterlərini idarə etmək üçün yenidən öyrətməyə başladıq.

Xüsusən qeyd etmək istərdim ki, Xocalı şəhərində baş verən faciəvi hadisələr mənim Azərbaycan Ordusuna xidmətə keçmək qərarıma böyük təsir göstərib. Xocalıya uçan Karlov və Tuvayev orada yaşananlar barədə, ermənilərin şəhəri tərk edən mülki şəxsləri vəhşicəsinə qətlə yetirməsi barədə danışdıqca, mən daxildən diksindim. Bundan sonra Azərbaycan Ordusuna xidmətə keçmək qərarımın düzgünlüyünə şübhə etmədim.

- Qarabağa ilk döyüş uçuşunuz nə vaxt oldu?



Yaddaşım məni aldatmırsa 1992-ci ilin fevralın 14-də Əskəran istiqamətində erməni Yak-40 təyyarəsinin enməsi ilə bağlı məlumat alındı. Qalxdıq, ərazini atəşə verib geri qayıtdıq. Zabrat aviadəstəsinin pilotları öyrənənə qədər biz mülki əhalini çıxaran Mi-8 helikopterlərini müşayiət edirdik.

- Bildiyimizə görə, sizin uçuşlarınız həmişə uğurlu olmayıb. Döyüş uçuşlarının birində Sizin helikopteriniz erməni işğalçıları tərəfindən vurulub.

- Bəli, 1992-ci ilin mayında bizim helikopter Ağdam rayonunun Gulablı kəndi yaxınlığında "Stinger" DZRK tərəfindən vurulub. Mən 1500 m hündürlüyə qalxmışdım və "dördlüklə" işləyən qrupun atəşini nizamlayırdım. Bu zaman Zabrat pilotları artıq ekipaj komandiri kimi uçurdular. Biz tapşırığı yerinə yetirdikdən sonra geri qayıdanda bir erməni BMP-si gördük. Mən geri dönüşlə BMP-ni atəşə tutmaq istəyəndə "Stinger" DZRK-dan vurulduq. Operator Rafael Şirinova idarəolunmayan helikopteri tərk etməyi əmr etdim. Ondan sonra mən də tullandım, helikopter dərhal yana əyildi, mənim yanımda iki dəfə dövrə vurdu və mənim paraşütümə yüngül toxunaraq yerə çırpıldı.

Mən yerə enəndə erməni silahlıları mənə atəş açmağa başladılar. Mən əvvəlcə paraşütdə bir dəlik gördüm, sonra başqaları peyda oldu. Məni sol ayağımdan vurdular. Xoşbəxtlikdən, sümük zədələnmədi. Mən yerə enəndə daha sıx atəş açdılar.

Yaralanma səbəbiylə qaça bilmədim. Əsir düşdüm. Əvvəlcə məni pis döydülər, sonra yeddi dəfə güllələnməyə çıxardılar. Erməni əsirliyində 3 saat vaxt keçirdim. Sonra Azərbaycan xüsusi təyinatlı qüvvələri hücuma başladı. Geri çəkilən zaman ermənilərdən biri mənə avtomatdan bir neçə güllə atdı. Mənim əlim və qolum bağlı olsa da, çevrilə bildim, lakin bir güllə mənim çiynimə dəyərək sümüyümü dağıtdı və əks tərəfdən çıxdı. Mən oyananda gördüm ki, mən artıq özümüzünkülərin arasındayam. Biz azərbaycanlı hərbçilərin yerləşdiyi əraziyə qədər 2 km qət etmişdik. Məni yarı ölü vəziyyətdə hospitala gətirdilər. Xoşbəxtlikdən Rafael Şirinov da qaçmağa müvəffəq oldu.



Hospitaldan sonra mənə uçuş təlim mərkəzinin yaradılmasında iştirak etmək təklif edildi. Beləliklə, Zabrat aviadəstəsinin pilotu Hüseyncan Əzimovla birgə hərbi pilotların sürətli təlim proqramını hazırladıq. Biz demək olar ki, küçədən gələn uşaqları götürürdük. Bir seçim meyarı var idi - yandırıcı uçmaq arzusu. Biz 37 nəfər toplaya bildik, onlardan 12 nəfəri Mi-24-də, 25 nəfəri isə Mi-8-də təlim aldı. Allaha şükür ilk məzunlar arasında itkimiz olmadı.

- Azərbaycanı nə vaxt və niyə tərk etdiniz?

- 1995-ci ildə Ukraynaya köçdüm. Bir il idi ki, atəşkəs razılaşması imzalanmışdı və mən anladım ki, Azərbaycandakı vəzifələrimi, Azərbaycan xalqına olan borcumu yerinə yetirmişəm. Buna baxmayaraq etiraf edirəm ki, mən Azərbaycandan getdiyim üçün təəssüf edirəm.

- 1995-ci ildən sonra artıq Azərbaycana gəlmədiniz?

- Təəssüf ki, yox. Sadəcə belə imkan olmadı. Əlbəttə ki, hələ də mənim üçün əziz olan Azərbaycana böyük sevinclə yenə də səfər edərdim. Bundan əlavə, mən Azərbaycan Ordusunun nə qədər dəyişdiyini də görürəm. Bu ilk Qarabağ müharibəsi illərində olan ordu deyil. İndi onun hər şeyi var. Bu da Heydər Əliyevin xidmətidir. İnanıram ki, əgər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması heç olmasa bir il-il yarım əvvəl baş versəydi, onda baş verən hadisələrin əksəriyyəti baş verməyəcəkdi.

- Aleksey, Azərbaycan üçün etdiyiniz hər şey üçün çox təşəkkür edirəm.

Bəhram Batyev
Diaspora