Qarabağ danışıqlarında hərbi güc amili önə keçə bilər

Qarabağ danışıqlarında hərbi güc amili önə keçə bilər backend

Azərbaycan bu il öz ordusunun döyüş qabiliyyətinə xüsusi diqqət ayıracaq; bu gün Parisdə başlayan danışıqlardan və işğalçı ölkədə rəsmiləşən hakimiyyət dəyişikliyindən gözləntilər...

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan 2019-cu il üçün ilk dəfə bir araya gələcəklər. Parisdə keçirilməsi nəzərdə tutulan görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsı Anji Kasprşik də iştirak edəcəklər. Bundan qabaq XİN başçıları sonuncu dəfə ötən ilin dekabrında İtaliyanın Milan şəhərində görüşmüşdülər.

Bir sıra siyasi analitiklər bu görüşdən də nizamlama prosesinə təkan verəcək nəticə gözləmirlər. Hərgah, təzə illə bağlı ümidverici notlar da səslənməkdədir. Bəzi siyasi müşahidəçilərə görə, Ermənistandakı yeni hökumət, baş nazir Nikol Paşinyan, hər halda, öz legitimliyindən istifadə edib problemin həlli yönündə hansısa pozitiv mövqeyə köklənə də bilər. Buna kövrək əsaslardan biri kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında keçən il Düşənbədə əldə olunan şifahi anlaşma da göstərilir.

*****

Bir şey dəqiqdir ki, sülh danışıqlarının bu il də uzanması münaqişə zonasında müharibə riskini heç vaxt olmadığı qədər artıracaq. Nəticəsiz danışıqlar fonunda isə əlbəttə ki, hərbi amilin əhəmiyyəti xeyli artmış olur. O səbəbdən ərazisinin 20%-i işğal altında olan Azərbaycan bu il də öz ordusunun döyüş qabiliyyətini artırmağı xüsusi diqqətdə saxlayacaq. Söhbət həm xaricdən müasir hərbi sistemlərin alınmasından, həm də yerli hərbi sənayeni inkişaf etdirməkdən gedir.

Azərbaycan özünün hərbi qüdrətini və döyüş potensialını artırmaqda davam edəcək. Bu yöndə tərəfdaşlıq etdiyimiz dövlətlər sırasında sözsüz ki, qardaş Türkiyə ön sıralarda yer tutur. Bəllidir ki, Azərbaycanın silah-sursat arsenalında Türkiyə istehsalı olan və ya iki qardaş ölkənin birgə istehsal elədiyi silahların və sistemlərin miqdarı ilbəil artır.

Yeri gəlmişkən, bu günlərdə Türkiyədə səfərdə olan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti qardaş ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan “Aselsan”ı ziyarət edib. Nazirlikdən verilən məlumata görə, nümayəndə heyətinin “Aselsan” şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə “Aselsan” şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmliliyi vurğulanıb. Eyni zamanda uzun müddətdir müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə edilib və donda nazirliyin “Cihaz” İstehsalat Birliyi ilə “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.

*****

İsraillə də hərbi-texniki sahədə əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir. Çünki İsrail dünyada ən qabaqcıl hərbi texnologiyalara malik bir neçə ölkədən biridir. Azərbaycan-İsrail hərbi əməkdaşlığı isə təbii ki, ən çox Ermənistanı narahat edir. Təsadüfi deyil ki, işğalçı ölkənin yeni hakimiyyəti də bu vəziyyəti öz xeyrinə dəyişmək üçün cəhdlər eləməyə başlayıb.

Məsələn, Ermənistanın xarici işlər naziri Zoqrab Mnatasakanyan İsraildə nəşr olunan “Yerusəlim Post” qəzetinə müsahibəsində İrəvanda İsrailin diplomatik nümayəndəliyinin açılacağına ümid etdiyini bildirib. Bu müsahibədən sonra isə İsrail-Azərbaycan münasibətləri fonunda Təl-Əviv və İrəvan arasındakı soyuq münasibətlər mövzusu yenidən erməni KİV-də müzakirəyə çıxarılıb.

“Asparez” qəzeti Ermənistanın yeni hakimiyyətinin İsraillə münasibətləri qaydasına salmağa çalışdığını qeyd edir. Lakin erməni nəşri İsrail və Ermənistan arasındakı münasibətlərin heç vaxt İsrail-Azərbaycan münasibətləri səviyyəsinə qalxa bilməyəcəyini də vurğulayır.

“Asparez” İsraili Ermənistan üçün itirilmiş “böyük bir siyasi meydan” adlandırır və bu meydanda onun Azərbaycana birdəfəlik uduzduğunu yazır: “İrəvanın İsraillə münasibətləri qaydasına salmaq axtarışlarını Bakı və Təl-Əviv arasındakı yaxınlaşma baxımından qiymətləndirmək lazımdır. İsrail Azərbaycanı Ermənistanla müharibədə dəstəkləyən və silahlandıran ölkədir. İsrailli mütəxəssislər Azərbaycan hərbçilərinə təlim keçirlər. Habelə ölkələr arasında milyardlarla dollar dəyərində hərbi müqavilələr imzalanıb. Siyasi baxımdan da İsrail təktərəfli formada Azərbaycanın maraqlarını ifadə edən siyasət yürüdür”.

Erməni nəşri Qarabağ münaqişəsində də vəziyyətin eyni olduğunu qeyd edir: “İsrail bu məsələdə Türkiyə ilə birlikdə Azərbaycanla hərəkət edir. İki ölkənin cəmiyyətləri də münasibətlərin dərinləşməsinə dəstək verir. Beləliklə, Azərbaycanda çoxlu sayda İsrail təşkilatları, məktəbləri, sinaqoqları və qəzetləri fəaliyyət göstərir”.

“Asparez” daha sonra İsrail-Ermənistan münasibətlərinin normallaşacağına dair rəsmi İrəvanın ümidsiz olduğunu vurğulayır. “Baş verənlər fonunda, Ermənistan-İsrail münasibətlərində irəliləyişin olacağı inandırıcı görünmür. İqtisadi və digər sahələrdə müəyyən dəyişiklik ola bilər, amma bu münasibətlər heç vaxt İsrail-Azərbaycan münasibətləri səviyyəsinə çatmayacaq”, - deyə erməni nəşri bədbinliklə əlavə edir.

*****

Sözsüz ki, müsəlman dünyasının önəmli dövlətlərindən biri kimi Azərbaycanla sıx əlaqələr İsrail dövlətinin də köklü maraqlarına uyğundur. Lakin onun işğalçı ölkə ilə əlaqələrinin alınmamasında Azərbaycanın məxsusi payı var və bu, rəsmi Bakının xarici siyasət uğurlarından sayıla bilər. Eyni zamanda Ermənistanın Rusiyadan vassal asılılığı səbəb kimi qeyd olunmalıdır. Rusiya isə təcavüzkar dövlət üçün çox şey deməkdir. Bu mənada Nikol Paşinyanın Moskva qarşısında öz sələflərindən ciddi şəkildə fərqlənən siyasət yürüdəcəyinə inananlar çoxluq təşkil eləmir.

“Mənim fikrimcə, Paşinyan Ermənistanı əvvəlki Ermənistandan heç nə ilə fərqlənməyəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistanın yeni tərkibdə parlamentinin açılışı və Paşinyanın baş nazir seçilməsini şərh edərkən deyib.

Partiya sədri deyib ki, Ermənistandan heç nə gözləmir: “Əsas məsələ odur ki, müasir Ermənistan müstəqil siyasət aparmır. Bu ən vacibidir. Ermənistanın taleyini yeni erməni hakimiyyəti deyil, Rusiya həll edir. Rusiyanın da regionda siyasəti, maraqları bizə məlumdur. Aydın məsələdir ki, Rusiya Ermənistanı son ana qədər yanında saxlamaq, təsir dairəsindən buraxmamaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yubadacaq. Paşinyan layihəsi isə sadəcə olaraq Sərkisyan rejimindən bezən ermənilərin köpünü almaq üçün ortaya atılmışdı. Və hesab edirəm ki, Paşinyanın ortaya çıxarılması ilə ermənilərin köpü müəyyən qədər alındı. Bu mənada Ermənistandan müsbət nəsə gözləməyə dəyməz”.

Siyasətçinin sözlərinə görə, əgər yeni erməni hökuməti müstəqil siyasət aparmaq haqqında düşünərsə, yalnız bu zaman nəsə demək mümkündür: “İndilikdə biz, sadəcə olaraq, Ermənistanda hakimiyyət dəyişikliyi və inqilabi prosesin son mərhələyə daxil olduğunu deyə bilərik”.

Sərdar Cəlaloğlu hesab edir ki, Ermənistanın müstəqil dövlət olması haqda iddialar yanlış düşüncədir. Onun qənaətincə, Nikol Paşinyanın hakimiyyətə gəlişinin rəsmiləşdirilməsi Ermənistan daxilində xüsusi uğurlara səbəb ola bilməz: “Sadəcə, Ermənistan hakimiyyətini bir klan tərk edir və onu başqa bir klan əvəzləyir. Beləcə, Sərkisyan vaxtından qalan komanda, onun yerli idarələrdə mövqe tutan kadrları təmizlənəcək, əvəzində yeni simalar ortaya çıxacaq. Ancaq erməni xalqının yeni hökumətdən gözləntisi onun həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bunun həlli isə real görünmür”.

Hər halda, bunlar siyasi təxminlərdir. Paşinyan iqtidarının istər daxili siyasətdə, istərsə də xarici siyasətdə və Dağlıq Qarabağ məsələsində nəyə qadir olduğuna isə yəqin ki, yaxın aylarda əminlik hasil olacaq...
Diaspora