Politoloq: “İrəvan bilməlidir ki, Qarabağ klanının yolunu təkrarlasa, Qarabağ məsələsi danışıqlardan hərbi varianta keçə bilər...”
Nikol Paşinyan hakimiyyətə gələndən Azərbaycanda bir çox insanlarda belə gözləntilər var ki, bu adam Qarabağ klanından deyil, Qarabağ müharibəsində iştirak etməyib, hakimiyyətə gələndə ölkəsinə demokratiya gətirəcəyini vəd edib, bu və digər məqamlar onun Qarabağ məsələsində güzəştlərə gedəcəyini şərtləndirir.May ayında Paşinyanın iqtidara gəlişinin bir ili tamam olacaq. Hələ ki onun davranışlarında güzəştə hazır olduğunu göstərən hansısa dəyişikliklər müşahidə olunmur. Belə bir vəziyyətdə Nikol Paşinyandan güzəştli mövqe gözləməyə əsaslar var, yoxsa ondan güzəştli mövqe gözləmək sadəlövhlükdür?
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda baş verən ötən ilki “məxməri inqilab”dan sonra Qarabağ münaqişəsinin həllində müəyyən qədər pozitiv məqamlar gözlənilirdi: “Həqiqətən Nikol Paşinyanın sələflərindən fərqli olaraq müəyyən qədər münaqişənin həllində real irəliləyişlərə imza atacağı gözləntiləri var idi. Düzdür, ilk aylarda Paşinyan sərt ritorika nümayiş etdirdi, hətta danışıqlarda Dağlıq Qarabağı tərəf kimi göstərirdi. Amma, payızdan başlayaraq Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin BMT Baş Assambleyasında görüşündən sonra İrəvanın mövqeyində bir qədər dəyişikliklər meydana gəldi. Bu dəyişikliklər əsasən sərt ritorikadan imtina edilməsi, Bakı ilə birbaşa əlaqə qurmaq cəhdləri oldu. Ötən il Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin məlum Düşənbə görüşündən sonra, həmçinin Milanda ATƏT sədrlərinin görüşündə birgə razılaşdırılmış bəyanatlar göstərdi ki, Nikol Paşinyan Qarabağ klanından fərqli olaraq son 23 ildə vizual dəyişikliklərə gedib. Azərbaycanında gözləntilər əsasən 2019-cu ildə reallaşmalıdır. Çünki rəsmi Bakı kifayət qədər vaxt verib. Paşinyan daxili siyasətdə müəyyən sabitlik yaratdıqdan sonra əsas vəzifəsi Qarabağ münaqişəsində subsantiv danışıqlara getməkdir. Rəsmi Bakı, Azərbaycan cəmiyyəti bunu Paşinyan iqtidarından gözləyir. Bu da normaldır”.
Politoloq hesab edir ki, Nikol Paşinyan Qərbin regionda geosiyasi siyasətini həyata keçirmək üçün görəvləndirilib: “Həqiqətən Ermənistanın inkişafı naminə, inqilabın müsbət nəticəsi olaraq Paşinyan ərazilərin boşaldılmasında maraqlı ola bilər. O, deputatlıq və siyasi fəaliyyətində bu tezisi daima qeyd edib. Amma regionda şərtlər, ölkə daxilində Qarabağ klanının mövcudluğu və Rusiyanın Ermənistana təsirləri Nikol Paşinyanın ciddi güzəştlərə getməsini əngəlləyir. Paşinyan qeyd etdiyim bu faktorlardan ehtiyatlanır. Belə vəziyyətdə isə onun öz hakimiyyətini qorumaq naminə Qarabağ danışıqlarında ciddi güzəştə gedəcəyi gözlənilmir. Paşinyan onda ciddi güzəştlərə razılaşa bilər ki, regionda beynəlxalq oyunçular münaqişənin həllini konkret tələb etsinlər. Əgər, ABŞ və Avropa İttifaqı tezliklə bunu tələb etsə, Paşinyan bununla razılaşa bilər. Hələ ki, Azərbaycan ictimaiyyətinin Paşinyandan münaqişənin həllində real güzəştli mövqe nümayiş etdiriləcəyini gözləməsi normal hal kimi qəbul edilsə də hazırda bu gözlənti özü-özünü aldatmaq kimidir”.
M.Əsədullazadə dedi ki, bu aydan Azərbaycanla Ermənistan arasında danışıqlar başlayacaq: “İrəvan mərhələli həll üzrə danışıqlardan imtina edərsə, onda münaqişənin həlli istiqamətində heç bir pozitiv addımlar gözləməyə dəyməyəcək. Bu zaman tam bəlli olacaq ki, danışıqların da mənası yoxdur. Odur ki, hələlik Azərbaycan konkret gözləntilərlə bu danışıqlara gedir.
Yanvarda keçirilməsi gözlənilən ilin ilk danışıqları yeni mərhələnin başlanğıcıdır və legitimlik qazanmış Paşinyan iqtidarının sələflərindən fərqli olaraq birgə hazırlanmış, razılaşdırılmış sənədlər üzrə danışıqlar prosesi başlayacaq. Paşinyan siyasi fəaliyyətində daima Ermənistanın uğursuzluğunu Qarabağ konfliktində görüb. İndi tarixi şərait imkan verib ki, Paşinyan iqtidardadır və ölkəsinin inkişafı üçün münaqişəni ədalətli həllinə nail olunsun. O da mümkündür ki, Ermənistan tərəfi ola bilər kənar təsirlərə duruş gətirə bilməyib danışıqlar xatirinə danışıqlara getsin. Amma Azərbaycan əvvəlki illərdən fərqli olaraq buna getməyəcək. Ona görə də İrəvan bilməlidir ki, Qarabağ klanının uzun illər tutduğu yolu təkrarlamaq istəyəcəklərsə, Qarabağ məsələsi danışıqlardan hərbi varianta keçə bilər. Bu da Paşinyan üçün arzuolunmaz bir haldır. Bir məsələni qeyd edim ki, digər qüvvələr bu danışıqlarda mümkün razılaşmaları poza bilər. Xüsusi ilə Rusiyanın mövqeyi maraqlıdır. Hazırda münaqişə ətrafında çox həssas məqam yaranıb. Rusiyanın reaksiyası, sabotajı mümkündür. Bu, Ermənistan daxilində ola bilər".
“Yeni Müsavat”