Qarabağ üçün ziddiyyətli proqnozlar - danışıqlar bu il dalandan çıxacaqmı?

Qarabağ üçün ziddiyyətli proqnozlar - danışıqlar bu il dalandan çıxacaqmı? backend

Münaqişənin həllində irəliləyiş həm də bölgə uğrunda Rusiya-ABŞ rəqabətindən asılı olacaq; politoloqlar deyir ki...

Qarabağ probleminin nizamlanması üzrə danışıqların təzəcə daxil olduğumuz 2019-cu ildə intensivləşəcəyi barədə ekspert rəyləri artıb. Bununla belə, ehtiyatlı nikbinlik ifadə edən və ya pessimist fikirdə olan təhlilçilər də az deyil. Öz növbəsində beynəlxalq vasitəçilər son zamanlar kifayət qədər optimist bəyanatlar səsləndirirlər.

Problemin həllində irəliləyiş isə ilk növbədə Ermənistanın yeni rəhbərliyinin mövqeyinə və iradəsinə bağlanır. Çünki Azərbaycanın məsələnin həllinə yanaşması məlumdur. Rəsmi Bakı ümid edir ki, düşmən ölkədə xunta rejimi iqtidardan gedəndən sonra yeni rəhbərliyik Dağlıq Qarabağ məsələsində konstruktiv yanaşma sərgiləməyi bacaracaq.

*****

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza da Qarabağ münaqişəsinin həllində müsbət dönüşə inananlar sırasındadır. Onun fikrincə, dekabrda keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra Nikol Paşinyan üçün manevr meydanı yaranıb (virtualaz.org).

“Mən Paşinyanın Qarabağ probleminin həllində bir sıra riskli addımlar ata biləcəyini istisna etmirəm. Onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret hansı addımlara gedə bilər. Bu, daha çox prezident İlham Əliyevlə Nikol Paşinyanın şəxsi münasibətlərinin necə olacağından və bir-birilərinə nə qədər güvənəcəklərindən asılıdır. Ona görə hələlik nəyi isə konkretləşdirmək çətindir. Amma bir şeyi dəqiq bilirəm ki, əgər prezidentlər Köçəryan və Sərkisyanın Qarabağ liderləri qarşısında öhdəlikləri var idisə, Paşinyanın belə öhdəliyi yoxdur və bu baxımdan o daha azaddır”, - deyə Brayza vurğulayıb.

Lakin Paşinyanın bu unikal üstünlükdən necə istifadə edəcəyi bəlli deyil. Heç şübhəsiz, yaxın müddət üçün onun əsas diqqəti daxildə özünün hakimiyyətini möhkəmlətməyə və siyasi rəqiblərini zərərsizləşdirməyə yönələcək. Erməni əhali isə ondan ilk növbədə inqilab zamanı verdiyi vədləri tutmağı istəyir, çörək, iş yerləri, güzəranının yaxşılaşmasını gözləyir. Bu isə birbaşa və dolayısı ilə Qarabağ məsələsinin həllinə və ya məsələnin həllində ciddi irəliləyiş zərurətinə gedib dirənir. Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını diktə edir.

Paşinyan bunu tezliklə anlayacaq. Başa düşəcək ki, Rusiyadan güclü siyasi-təhlükəsizlik asılılığında və vassal tabeçiliyində qalmaqla, blokada rejimində olmaqla ölkədə köklü demokratik və iqtisadi islahatlar həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, ölkədən kütləvi köçü azaltmaq, Ermənistana böyük həcmdə xarici sərmayə cəlb eləmək mümkün olmayacaq.

*****

“Bugünkü gün Bakının nəzarətinə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli geri qaytarılması haqqında Moskva planının (Lavrov planı) tətbiqi ən real görünən variantdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında “Polit RUS” ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib.

“Azərbaycan Rusiya və Türkiyə üçün regionda strateji tərəfdaş, ruhi baxımdan yaxın və qohum ölkədir. Moskva və Ankara tərəfindən Bakıya indiki münasibət təkcə tarixi əlaqələrin yox, həm də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Moskva və Ankara Bakının 2015-ci ildə baş verən faciəvi Su-24 insidentindən sonra iki böyük qonşusunu barışdırmaqda göstərdiyi səyləri dəyərləndirir və xatırlayır. Moskva üçün başlıca hədəf Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Bakıya Qarabağ konfliktinin sülh yolu ilə həllinə yardım etməkdir. Bu gün Bakının nəzarətinə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli geri qaytarılması haqqında Moskva planının (Lavrov planı) tətbiqi ən real görünən variantdır”, - deyə o qeyd edib.

Arkov əmindir ki, bu aspektdə Rusiya və Türkiyə Ermənistana atəşkəs xəttinin “Dağlıq Qarabağ” sərhədinə köçürülməsindən sonra Azərbaycan ərazi konfliktinin hərbi həllinə cəhd göstərməyəcəyinə dair zəmanət verə bilər. “Rusiya sülhməramlılarının ”Dağlıq Qarabağ"la Azərbaycan arasındakı yeni sərhəddə daxili perimetr boyunca yerləşdirilməsi məsələsinin də tədqiqi mümkündür. Məncə, analoji formada Azərbaycan tərəfindən türkiyəli sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur" - ekspert əlavə edib.

Öz növbəsində digər rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk hesab edir ki, Dağlıq Qarabağ ətrafında vəziyyət ilk dəfə uzun müddət ərzində əhəmiyyətli dərəcədə dəyişib. “2018-ci ildə Ermənistanda və ətrafında baş verən siyasi hadisələri nəzərdə tuturam. Azərbaycan bu strateji şansı dəyərləndirməli, yaranan yeni şəraitdə necə davranmalı olduğunu müəyyən etməlidir. Amma bunun həmişə belə davam edəcəyini düşünüb ləngimək olmaz. Bu şanslardan biri xüsusilə Bakı ilə KTMT arasında əlaqələrə aiddir”, - deyə o qeyd edib.

Politoloq xatırladıb ki, sonuncu dəfə Qarabağ və ətrafında olan dəyişiklik 2014-cü il Krım hadisələri ilə əlaqəli olub: “Bu, avtomatik olaraq 2014-cü ilin avqustunu və 2016-cı ilin aprel hadisələrini meydana gətirdi. Nəticə etibarilə Azərbaycan ordusu bəzi torpaqlarını qaytarmağa müvəffəq oldu. Ancaq bu dəfə Bakı heç bir şeyi müharibə yolu ilə həll edə bilməz. Azərbaycan tərəfinin döyüşə hazır olduğunu, hətta döyüşmək istədiyini başa düşürük, amma Azərbaycan bilməlidir ki, onu uzunmüddətli müharibəyə də düçar edə bilərlər. Görünür, Paşinyan Bakı ilə danışıqlarda sələfi Sərkisyandan daha aqressiv olacaq. Əgər Paşinyan Moskvaya öz tələblərini açıq şəkildə söyləyə bilirsə, Bakı ilə bu, daha asan olacaq. 2019-cu ildə Rusiya üçün Qarabağdakı vəziyyəti müharibə fazasına keçirməkdənsə, bu gün olduğu səviyyədə saxlamaq vacibdir. Amma indi bunu etmək daha çətin olacaq, çünki aprel müharibəsindən sonra sülhə deyil, müvəqqəti atəşkəsə nail olundu”.

*****

Əslində Moskva Dağlıq Qarabağ konfliktinin həllində ən az maraqlı tərəfdir. Ona görə ki, problemin nizamlanmasından sonra Azərbaycanın və xüsusən də başında qərbyönlü Paşinyanın durduğu Ermənistanın Rusiya təsir zonasından sürətlə uzaqlaşacağından ehtiyat edir. Necə deyərlər, hərənin öz marağı.

ABŞ isə konfliktin həllini istərdi, ancaq bunun üçün əlində hələ ki real təsir rıçaqları yoxdur. Rusiya imkan vermir. Demək, öncə Rusiya amili hansısa formada təsirsiz hala gətirilməlidir ki, Ağ Ev Qarabağ məsələsində təşəbbüsü öz əlinə ala bilsin. Şübhə yox ki, Rusiya buna ciddi şəkildə müqavimət göstərəcək. Hətta amerikalı tanınmış politoloq Pol Qobla görə, Rusiya Qarabağ məsələsində dominant dövlət olduğunu hamıya əyani göstərmək üçün konflikt zonasında bu il yeni toqquşmalar üçün provokasiyaya yol verə bilər. Pol Qobl da hesab edir ki, Kreml Rusiya konfliktin tam həllini istəmir: “Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur”.

Beləliklə, 2019-cu ildə Dağlıq Qarabağ ixtilafının həllində mümkün və real irəliləyişə ən əvvəl regionda Rusiya-ABŞ geosiyasi rəqabəti fonunda baxmaq lazım gələcək. Bu rəqabətdə zəifləyən tərəfin Dağlıq Qarabağ məsələsinə təsir imkanları da zəifləmiş olacaq. Azərbaycan heç şübhəsiz, 2019-cu ildə iki vasitəçi dövlət arasında münasibətlərin dinamikasını, bu münasibətlərdəki gəlişmələri xüsusi diqqətdə saxlayacaq ki, problemin dinc, yoxsa hərbi yolla həlli fürsətinin yarandığına əminlik hasil edə bilsin.

Bir şey dəqiqdir ki, ABŞ və Rusiya arasında gərginlik bu il də davam edəcək və hətta artacaq. Hər halda, hazırkı proseslərin ümumi təhlili bunu deyir. Bu da o anlama gəlir ki, iki əsas vasitəçi dövlətin Dağlıq Qarabağla bağlı hansısa ortaq mövqe sərgiləyəcəyini bu il də gözləməyə dəymir...

musavat.com
Diaspora