Qəhrəmanlıq abidəsi - Polkovnik-leytenant Şirin Mirzəyev anıldı

Qəhrəmanlıq abidəsi - Polkovnik-leytenant Şirin Mirzəyev anıldı backend

5 yanvar - Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi komandir, polkovnik-leytenant Şirin Mirzəyevin doğum günüdür.

Şəhidlər Xiyabanında dəfn edilən Şirin Mirzəyev ad günündə ailəsi, dostları və silah yoldaşları tərəfindən ziyarət edilib.

Yaxınları qəhrəman komandirin şəxsiyyəti, keçdiyi ağır və şərəfli döyüş yolu haqqında danışıblar. Döyüş yoldaşlarının və əsgərlərinin dəfələrlə vurğuladıqları kimi, Şirin Mirzəyev əsgərlərinə yalnız komandir olmayıb, eyni zamanda ata qayğısı göstərib.

Polkovnikin məzarı başında çıxış edənlər Azərbaycan xalqının hər zaman qəhrəman oğullar yetişdirdiyini və Şirin Mirzəyev kimi vətənpərvərlərin ölmədiyini vurğulayıblar.

Tanınmış jurnalist, keçmiş döyüşçü Rey Kərimoğlu 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərən zabit və əsgərlərimizdən bəhs edərək, bildirib ki, bu qəhrəmanlıqlar Şirin Mirzəyevlərin ölmədiyini, bu xalqın hər zaman belə qəhrəmanlar yetişdirəcəyini göstərdi.

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub, 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla İrəvana göndərilib. 1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib.

1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirib. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu yaradıb.

Ş.Mirzəyevin yolu örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib.

O, 1992-ci il iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

ednews.net
Diaspora