Bakının yeni il üçün əsas Qarabağ mesajı

Bakının yeni il üçün əsas Qarabağ mesajı backend

Azərbaycan problemlə bağlı mövqeyini qətiləşdirdi: işğalçıya və vasitəçilərə seçim üçün təzə il ismarışı; politoloq: “Paşinyan hakimiyyətdə duruş gətirə bilsə...”

Dağlıq Qarabağ probleminin dinc nizamlanması üçün daha bir fürsət ili itirildi. Əfsus ki, 2018-ci il də “Qarabağ yükü”nü yerindən tərpətmək üçün dönüş ili olmadı, nizamlama prosesində real irəliləyiş qeydə alınmadı. Sülh üçün itirilən şanslar və zaman isə sövq-təbii müharibənin daha da yaxınlaşması deməkdir.

Yeni ildə bu riskin nə dərəcədə böyük olub-olmayacağı şübhəsiz ki, işğalçı Ermənistanın, onun yeni rəhbərliyinin problemə yanaşmasında konstruktivizm nümayiş etdirib-etdirməyəcəyindən asılı olacaq. Çünki ərazisinin 20%-i on illərdir işğal altında olan Azərbaycanın məsələdə güzəştə gedəcəyi elə bir şey yoxdur, qalmayıb. Azərbaycanın ən böyük güzəşti atəşkəs rejiminə riayət edib konfliktin dinc nizamlanmasına çalışmasıdır. Lakin bu da sonsuzadək sürə bilməz.

Azərbaycan prezidenti İlham Əliyev xalqa Yeni il təbrikində Dağlıq Qarabağ ixtilafı ilə bağlı rəsmi Bakının prinsipial mövqeyini ilin yekunu kontekstində bir daha diqqətə çatdırıb.

*****

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”, - deyə ölkə başçısı çıxışında vurğulayıb.

İlham Əliyev bildirib ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik olub: “Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər.

Bununla yanaşı, əlbəttə, hesab edirəm ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək".

Prezident bundan sonra da Azərbaycanın öz hərbi qüdrətini artıracağını söyləyib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.

*****

İlham Əliyevin bu fikirləri şəksiz ki, ən əvvəl işğalçıya və vasitəçi dövlətlərə Bakının təzə ildə də öz prinsipial mövqeyində qalacağı, Bakıdan güzəşt tələb etməyin mənasızlığı barədə aydın bir ismarışdır. Yəni “top” Ermənistanın meydanındadır və sülh yoxsa müharibə “sifarişini” məhz o verməlidir.

Bəs rəsmi İrəvanın, işğalçı ölkənin təzə hakimiyyətinin seçimi nə olacaq?

“Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, bu gün Ermənistanın problemli vəziyyəti, dünya bazarlarından məhrum olması və kommunikasiyaların fəaliyyətsiz qalmasının bir nömrəli səbəbi Qarabağ məsələsinin asılı vəziyyətdə qalmasıdır.

“Paşinyan bunu anlasa da, heç nə edə bilmir. Çünki Ermənistanın daxilində ona qarşı böyük reaksiya var. Ona görə də Nikol Qarabağ problemində kompromisə gedə bilmir. Ancaq hesab edirəm ki, Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər. Nikol başa düşür ki, işğaldan əl çəkməsə, Ermənistanda heç bir irəliləyiş baş verməyəcək. Ola bilsin ki, işğal tərəfdarları ona bu istiqamətdə təzyiq göstərsinlər. Ancaq bu basqılar sona qədər davam edə bilməz, çünki Qarabağ probleminin həllinin gecikməsi Ermənistan üçün çox təhlükəli tendensiyaya çevrilir. Bütün müharibələrin sonunda danışıqlar və güzəştlər durur. Bu güzəştlər isə həmişə qarşılıqlı olur. Azərbaycan Ermənistana çox güzəştə gedib. İndi isə növbə İrəvanındır”, - deyə o qeyd edib.

T.Abbasov bildirib ki, Azərbaycan Qarabağ problemini öz imkanları ilə də həll edə bilər: “Ancaq Azərbaycan dünya birliyi qarşısında danışıqlar prosesini sona qədər aparacağına və nəticə əldə olunana qədər bu formatı davam etdirəcəyinə dair öhdəlik götürüb. Buna baxmayaraq, vəziyyət hər an dəyişə bilər. Siyasətdə hər zaman gözlənilməz dəyişikliklər baş verir. Ermənistan Azərbaycan kimi güclü bir dövlətlə siyasi müstəvidə oyunlar apara bilməz. Buna ilk növbədə Ermənistanın iqtisadi və hərbi gücü çatmaz. Ona görə Ermənistan baxışlarına və dəyişməyən mövqeyinə görə çox böyük bədəl ödəməli olacaq”.

Politoloq Əhəd Məmmədli isə düşünür ki, 2019-cu il Paşinyanın rəhbərliyi ilə yeni erməni iqtidarı üçün də sınaq ili olacaq. “Paşinyan erməni tarixinə Qamsaxurdiya kimi də, Saakaşvili kimi də düşə bilər. Paşinyan Rusiyanı yanında saxlayıb, demokrat imicini qoruyub, Qərblə isti münasibətlər qurmaq istəyir. Buna nail olmaq çox çətindir. Əgər Paşinyan xalqının ümidlərini doğrultmasa, təzyiqə tab gətirə bilməyib ard-arda səhvlər etməyə başlasa, Ermənistanda gərginlik artacaq, bu da ölkədaxili qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan erməniləri ilə Dağlıq Qarabağda yaşayan ermənilər bir-biriləri ilə münasibətləri aydınlaşdırmağa başlaya, üstəlik, Rusiya bundan istifadə edib bu ölkədə hakimiyyəti dəyişməyə qalxa bilər”, - deyə o qeyd edib.

Politoloq istənilən halda 2019-u Azərbaycan üçün Qarabağı qaytarmaq yolunda imkan ili kimi görür.

Öz növbəsində rusiyalı hərbi ekspert, hərbi və siyasi analiz institutunun direktor müavini Aleksandr Xramçixin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi hökmən nə vaxtsa baş verəcək, amma nə vaxt baş verəcək, bunu əvvəlcədən demək çox mürəkkəbdir. Bu barədə o, erməni KİV-lərinə açıqlamasında söyləyib (virtualaz.org).

Xramçixinə görə, bu bir sıra amillərdən - həm xarici, həm də daxili amillərdən asılıdır: “Məsələn, Ermənistanla Rusiya arasındakı münasibətlərdən asılıdır”. Ekspert bu münasibətlərdə “mötədil böhran” hökm sürdüyünü və Kremlin Ermənistanın indiki hakimiyyətinə münasibətinin yaxşı olmadığını deyir. Onun fikrincə, Bakı üçün əlverişlidir ki, Ermənistanda hər şey qaydasında olmasın. “Lakin hərbi əməliyyatların, əsl müharibənin başlanmasına dair qərar vermək üçün həddən artıq məsələlər öz həllini tapmalıdır. Çünki Bakı növbəti dəfə uduzmağı özünə rəva görə bilməz. Mən 2016-cı ildəki həmin mini-müharibəni nəzərə almıram. Ona görə də Bakı nəhayət qərar vermək üçün çox ciddi düşünüb-daşınacaq” - ekspert əlavə edib.

Beləliklə, sonda bunu əlavə eləmək qalır ki, daxil olduğumuz 2019-cu ildə ilk növbədə Ermənistanın yeni rəhbərliyini kritik seçim gözləyir. Təbii ki, ən əvvəl Dağlıq Qarabağ məsələsində...
musavat.com
Diaspora