Yanvarın 5-də müasir Azərbaycan hərb tarixinin ən şanlı, ən unudulmaz və qəhrəmanlıq simvoluna çevrilmiş, mənfur düşmənlərimizə sağalmaz dağ çəkən “Horadiz əməliyyatı”nın 25 illiyi tamam olur.
Bu, hamımız üçün qürürverici və fəxr ediləsi bir tarixdir.Bunu Teleqraf.com-a açıqlamasında III ordu korpusunun sabiq komandiri, polkovnik Şair Ramaldanov bildirib.
O qeyd edib ki, hər il olduğu kimi bu il də yanvarın 5-də, saat 15:00-da əvvəl Fəxri Xiyabanda Ali Baş Komandan olmuş mərhum prezident Heydər Əliyevin məzarı, daha sonra isə müqəddəs ziyarətgah sayılan Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olan “Horadiz əməliyyatı”nın 25 illik yubileyi qeyd olunacaq:
“Həmin möhtəşəm tarixi yazan və 23 yaşayış məntəqəmizin erməni işğalından azad edilməsində misilsiz xidmətlər göstərmiş Müdafiə Nazirliyinin Füzuli döyüş briqadasının, Milli Qəhrəman, general Rövşən Əkbərovun tabeliyində olmuş alayın döyüşçüləri, Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, “Horadiz əməliyyatı”na aidiyyatı olan bütün şəxslər – sıravi əsgərdən tutmuş general və polkovniklərə kimi, özlərini o tarixi günlərə aidiyyatı olan sayan hər kəs tədbirimizə dəvətlidir. Bu görüşün əsas məqsədi həmin döyüşlər zamanı qəhrəmancasına həlak olan döyüşçü dostlarımızın məzarını ziyarət etmək, eyni zamanda Qarabağ savaşının ilk günündən son vaxtlara kimi canlarından keçmiş bütün qardaş və bacılarımızın əziz ruhuna dərin ehtiramımızı, hörmətimizi ifadə etməkdir. Ona görə də, çox xahiş edirik ki, yuxarıda göstərilən tarixdə qeyd edilən ünvanlara gəlib birgə anım mərasimində iştirak edək”.
Qeyd edək ki, “Horadiz əməliyyatı” 1993-ci ilin dekabrından başlayaraq 1994-cü ilin yanvarın 6-dək davam edən və Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalçılarından azad etmək üçün aparılan döyüşlərdir. Nəticədə Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Uğurlu əməliyyatda qəhrəmanlıq göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.