Rusiya bu gün “Bulat” raket kompleksini sınaqdan keçirib.
“Bulat” canlı qüvvəni, mühafizəsiz avadanlıqları və zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulmuş bir raket kompleksidir. Səkkiz raketdən ibarət olan bu kompleks, əslində, piyada qoşunlarına qarşı istifadə üçün nəzərdə tutulub.Rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko Axar.az-a açıqlamasında sözügedən raket kompleksinin ixracı haqda hələlik heç bir müzakirənin gözlənilmədiyini deyib:
“Çünki bu raket kompleksi hələ sınaq mərhələsindədir və seriyaya buraxılmayıb. 20-23 yanvar tarixində çıxması gözlənilən Rusiya silah ixracı siyahısına bu raket kompleksinin daxil edilməyəcəyini düşünürəm. Amma əminəm ki, o siyahıda rəsmi Bakıda maraq doğuracaq yeni helikopter Ka-52, zirehli maşın BMP-3 və T-90C tankları, onlar üçün nəzərdə tutulmuş artilleriya və raket sistemləri olacaq. Bu siyahıda taktiki sistemlər üçün nəzərdə tutulan yeni sursatların olması da gözlənilir”.
Ekspertin sözlərinə görə, Azərbaycan artıq Rusiya istehsalı olan silahların daha keyfiyyətli olmasına xüsusi diqqət yetirir:
“Onu da qeyd etməliyəm ki, hazırda Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrindən qat-qat üstündür. Söhbət həm də keyfiyyət üstünlüyündən gedir. Odur ki, isti müharibə baş verəcəyi halda, Azərbaycanın dağıdıcı qələbəsinə şübhə etmirəm”.