Moskva Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü hazırlayacaq - gözlənti; rusiyalı politoloq: “Yaza qədər vəziyyət yaxşılaşmasa, Ermənistan təzədən qarışa bilər”
Ermənistandakı 9 dekabr parlament seçkiləri ilə ölkədə Qarabağ klanının 20 illik hakimiyyətinə rəsmən son qoyuldu. O hakimiyyət ki onun dövründə münaqişənin həllinə, hətta sülh danışıqlarında cüzi irəliləyişə belə ən müxtəlif əngəllər yaradılır, nizamlama prosesi sabotaj edilirdi - təbii ki, havadarlara arxalanaraq. Lakin artıq hakimiyyətə Nikol Paşinyanın başçılıq elədiyi yeni, Qarabağ müharibəsində iştirakçı olmayan, “hərb partiyası”nı təmsil etməyən qüvvə gəlib.Bir sıra təhlilçilər də məhz bu reallıqdan çıxış edərək, nizamlama prosesi ilə bağlı nikbin, lakin eyni zamanda, ehtiyatlı proqnozlar səsləndirirlər. Hərçənd, Paşinyan Dağlıq Qarabağ mövzusunda heç də öz sələflərindən yumşaq mövqe sərgiləmir. Üstəlik, Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq tələbindən də hələ ki əl çəkməyib.
Seçkilərdən bir neçə gün sonra verdiyi bəyanatların birində isə o, Ermənistanın hərbi büdcəsinin qarşıdakı 5 ildə 2.5 milyard dollara çatdırılmasının vacib olduğunu deyib. “Ancaq etiraf edirəm ki, həmin resursu tapmaq asan olmayacaq. Bundan ötrü çox işləmək lazımdır. Hazırda Ermənistanın hərbi büdcəsi təxminən 500 milyon dollardır. Bu, Azərbaycanın hərbi büdcəsi ilə müqayisədə təqribən 8 dəfə azdır. Hərbi büdcəni artırarkən xərclər ilk növbədə hərbi qulluqçular üçün sosial şərtlərin yaxşılaşdırılmasına yönələcək. Çünki bu, döyüş qabiliyyətinin artırılması üçün çox mühümdür. Digər istiqamət isə hərbi-sənaye kompleksini inkişaf etdirməkdir”, - deyə Paşinyan bildirib.
*****
Göründüyü kimi, erməni baş nazir əvəzi hərbi faktora stavka etməkdən dəm vurur - baxmayaraq ki, onun arzusu reallıqla tərs mütənasibdir. Çünki işğalçı ölkənin iqtisadi göstəriciləri olduqca zəifdir. Bunu təkcə biz demirik. Özləri və xarici ekspertlər də etiraf edirlər.
“Ermənistan yeni narahatlıqlardan qaça bilmək üçün mütləq iqtisadi vəziyyətini düzəltməlidir”. Bu sözləri rusiyalı politoloq Aleksandr Krılov deyib. Onun sözlərinə görə, Ermənistan əhalinin ölkədən qaçmasının qarşısını almaq üçün uğurlu dövlət olmalıdır. “Bu - ümumi tendensiyadır. Bolqarıstandan, Baltikyanı ölkələrdən də gedənlər var. Ancaq həmin ölkələr qonşuları ilə hərbi münaqişədə deyillər. Ermənistanın gələcəyi sosial və iqtisadi islahatların nə qədər uğurlu alınmasından asılı olacaq. Yaza qədər vəziyyət yaxşılaşmasa, yeni siyasi qarışıqlıqlar gözləmək olar” - ekspert bildirib.
*****
Bəs Qarabağa dair bağlı pozitiv gözləntilər varmı? Nizamlama prosesində gələn il canlanma olması mümkündürmü? Bu yöndə təxminlər birmənalı deyil.
Məsələn, rusiyalı tanınmış politoloq Sergey Markov ehtimal edir ki, Nikol Paşinyan xalqın dəstəyindən yararlanaraq, Kazan formulunu reallaşdıra biləcək. Onun sözlərinə görə, həmin plana əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonları qaytaracaq, əvəzində isə deblokadaya nail olacaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək: “Digər tərəfdən, Paşinyanın hakimiyyəti dönəmində İrəvanın Qarabağ mövqeyi çox sərtləşib. Xüsusilə, İrəvan tələb edir ki, danışıqlar prosesinə qondarma Dağlıq Qarabağın rəhbərliyi də qoşulsun, yəni Dağlıq Qarabağın erməni icması azərbaycanlılar olmadan təmsil edilsin. Bu yanaşma etnik təmizləmələrin möhkəmlənməsi deməkdir. Təbii ki, bu yanaşma Azərbaycanı təmin etmir”.
O, qondarma Dağlıq Qarabağdakı hakimiyyətin İrəvanın tam nəzarətində olduğunu və Ermənistan hökumətinə kompromisə gedəcəyini də deyib. Markovun sözlərinə görə, Ermənistan heç bir şərt irəli sürmədən Türkiyə ilə sərhədləri açsa, o zaman bu, İrəvanın siyasətində ciddi dəyişikliklər baş verməsi anlamına gələcək. Ekspert sərhədlərin açılması məsələsinin hələlik sual altında olduğunu da söyləyib.
*****
Maraqlıdır ki, bu arada, yəni seçkilərdən bir neçə gün sonra separatçı rejimin başçısı Bako Saakyan İrəvanda Nikol Paşinyanən qəbulunda olub. Şübhə yox ki, görüşdə Qarabağ məsələsi əsas diqqətdə mərkəzində saxlanılıb. Ancaq yaddan çıxarmaq olmaz ki, Paşinyandan fərqli olaraq, Bako Saakyan Rusiyaya güclü şəkildə bağlıdır, Moskvanın adamıdır.
Rusiyadan söz düşmüşkən, bu ölkənin xarici işlər naziri Sergey Lavrov iki gün öncə Bakıda olub və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Dağlıq Qarabağ mövzusu və Rusiyanın bu məsələdə səyləri də müzakirə olunub.
“Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir”. Bunu İlham Əliyev de Lavrovla görüşü zamanı deyib. Prezident bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: “Biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə edəcəyik. Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik”.
Rusiya XİN rəhbəri isə bildirib ki, Moskva Bakı ilə İrəvan arasında birbaşa dialoqun qurulması üçün səylərini davam etdirmək əzmindədir. “Biz istəyirik ki, bu dialoq olsun”, - deyə o qeyd edib. Rusiya baş diplomatı əlavə edib ki, Rusiya həm ayrıca, həm də ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olaraq, “hər şey edəcək ki, bu hədəfə nail olunsun”.
Lakin Azərbaycan və Ermənistan başçılarının görüşünü təşkil eləmək əsas hədəf ola bilməz. Çünki indiyədək tərəflər ən yüksək səviyyədə dəfələrlə bir araya gəliblər. Lakin nizamlama prosesində ciddi dönüş baş verməyib. Yəni hədəf - real nəticə olmalıdır. O da ki gözə dəymir. Çünki Rusiya bu qəbildən görüşlərə bir qayda olaraq, status-kvonu uzatmaq və özünün regionla bağlı cari maraqlarını təmin eləmək vasitəsi kimi baxır.
Ümid edək ki, 2019-cu ildə həqiqətən “tilsim” qırılacaq, Moskva üçün Qarabağ məsələsində irəliləyiş xarici siyasətin prioritetlərindən olacaq və biz sülh prosesində nəhayət, real dinamika müşahidə etməyə başlayacağıq...
Siyasət şöbəsi