Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan Moskvaya gedib.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, rəsmi İrəvan Bako Saakyanın xələfi olaraq məhz Arutyunyanı görür. Onun yeni Ermənistan hökumətinə münasibətdə özünü düzgün apardığı üçün İrəvan tərəfindən mükafatlandırılacağı bildirilib.Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. 2017-ci ilin sentyabrından cari ilin iyununa qədər isə o, Qarabağın “dövlət naziri” işləyib və faktiki olaraq Bako Saakyandan sonra qondarma rejimdə ikinci ən nüfuzlu şəxs olub.
Ermənistanda Serj Sərkisyanın istefaya getməsindən sonra iyunda Qarabağda baş separatçıya qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda əsas tələb separatçıların “güc strukturlarının” rəhbərlərinin dəyişdirilməsi olub. Etirazçıların Arutyunyanın istefasını istəməmələrinə rəğmən o da dərhal istefaya gedib. Sonradan mətbuata açıqlama verən Arutyunyan bu addımını “hökumət”də reformlara ehtiyac olması ucbatından atdığını və istefa qərarında heç kimin təzyiqi olmadığını bildirib.
Maraqlı məqam Arutyunyanın istefasının Paşinyanın hakimiyyətə gəlməsiylə eyni vaxta düşməsidir.