Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj”

Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj” backend

İşğalçı ölkədə seçkilər bitsə də, gərgin proseslərin başa çatdığını demək çətindir; politoloq: “Paşinyan Qarabağ ermənilərini danışıqlara qoşmaq barədə israrından vaz keçməli olacaq...”

Ermənistan hökuməti “demokratik seçki” oyunu quraraq parlamenti ələ keçirdi. Ancaq müşahidələr onu deməyə əsas verir ki, Nikol Paşinyanın sevinməsi üçün çox tezdir. Belə ki, Ermənistan hökuməti total saxtakarlıqlara getməklə öz rəqiblərinə revanş fürsəti verib.

N.Paşinyan seçkiöncəsi eks-prezident Robert Köçəryanı həbsə atmaqla rəqiblərini neytrallaşdıracağını düşünürdü. Ancaq Ermənistanda baş qaldıran etirazlar Paşinyanın qabaqlayıcı tədbirlərinin əks-effekt verəcəyini deməyə imkan yaradır. Bu gündən - dekabrın 11-dən etibarən Ermənistanda kütləvi aksiyalar başlayacaq. Məlumata görə, həmin gün ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbi ilə piket və mitinqlərin keçirilməsi qərarının veriləcəyi gözlənilir.

Artıq “Prezidentə azadlıq!” təşəbbüs qrupu bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, mövcud hakimiyyət konstitusiyanı və Ermənistan qanunlarını kobud şəkildə pozub. Təşəbbüs qrupu hakimiyyətin məhkəməyə təzyiq etdiyini, ermənilərin milli maraqlarına zidd Dağlıq Qarabağı müdafiə komitəsinin sədri, “artsax qəhrəmanı”, “Dağlıq Qarabağın birinci və Ermənistanın ikinci prezidenti”ni həbs etdiyini bildirib.

“Biz, Ermənistanın bir qrup vətəndaşı baş verənləri antikonstitusion cinayət kimi qiymətləndirərək, bu dəhşətli qanunsuzluqlara özümüzün həlledici səsimizi qaldırmağa hazırlaşırıq” - bəyanatda deyilir. Təşəbbüskarlar mübarizənin mitinq mərhələsini elan etdiklərini bildirərək, hər bir vətəndaşı onlara qoşulmağa çağırıblar. “Piket və mitinq günü 11 dekabrdan başlayacaq. Bizimlə birləşin!” - deyə bəyanatda qeyd edilir. Göründüyü kimi, “Qarabağ klanı” N.Paşinyan hökumətinə savaş elan edib. Qarşıdakı günlərdə siyasi hərarətin güclənəcəyi şübhə doğurmur.

Beləliklə, N.Paşinyan təkcə seçki saxtakarlıqlarına etiraz edən kütlənin, siyasi partiyaların deyil, həm də 2008-ci il hadisələrinə görə cəzalandırmağa çalışdığı qüvvələrin etirazları ilə üzbəüz qalıb. Ötən gün İrəvanda yaşanan kuryoz hadisə Ermənistanda geniş əks-səda yaradıb. Belə ki, Robert Köçəryanın həbsindən sonra onun vəkili Ruben Saakyan erməni jurnalistə Azərbaycan dilində cavab verib (Axar.az) Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Erməni vəkilin jurnalistə “bilmirəm” cavabı marağa səbəb olub. Yayılan video ilə bağlı fikrini bölüşən Anahit Voskanyan adlı istifadəçi bildirib ki, Köçəryanın vəkili Bakıda və ya Gəncədə anadan olub. Erməni jurnalistə vəkilin azərbaycanca cavab verməsi işğalçı ölkədə düşmənçiliyin hansı həddə olduğuna da işarədir. Yəni “siz ermənicə başa düşmürsünüz, azərbaycanca deyirəm”.

N.Paşinyanın heykəlinin sındırılması da ona ciddi mesajdır. Belə ki, Ermənistanda naməlum şəxslər Nikol Paşinyanın addımlamasını əks etdirən heykəlin ayağının bir hissəsini qopardıb. Heykəl bu ilin sentyabrında Vanadzor-Gümrü avtomobil yolunda yerləşdirilib. Axar.az bildirir ki, bu heykəl Nikol Paşinyanın yürüşünü simvolizə edib.

Seçkilərdən əvvəl belə bir xəbər yayılmışdı ki, dekabrın 10-dan sonra Qarabağ separatçısı Bako Saakyan da “növbədənkənar seçkilər”ə gedə bilər. Hesab olunur ki, oyuncaq qurumun başçısı bununla həm öz varlığını nümayiş etdirmək, həm də Paşinyana Qarabağdakı “parlament”in “xalqın dəstəyi ilə seçildiyi” mesajını vermək istəyir. Bununla da Saakyan Paşinyanın onu öz namizədi ilə əvəzləməsinə qarşı çıxmaq fikrindədir. Artıq Paşinyanın Xankəndindəki rejimin başçısı olaraq namizədinin də adı çəkilir - Qarabağ canisi Jirayr Səfilyan. Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsində “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş Jirayr Səfilyan hazırkı parlament seçkilərində “Sasna tsrer” Partiyasının seçki qərargahının rəhbəri idi. J.Səfilyan özü də açıqlamalarının birində bildirb ki, parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaq.

“Helsinki təşəbbüsü - 92" Dağlıq Qarabağ Komitəsinin koordinatoru, Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohanjanyanın Ermənistanın news.am saytında N.Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və B.Saakyanın işinə qarışmamasını tələb etməsi Qarabağdakı rejimlə Ermənistan hökuməti arasında uçurumun yaranmasına səbəb olub. R.Köçəryanla bərabər Serj Sərkisyanın da cəzalandırılacağı istisna olunmur. Hələ ki Sərkisyanın yaxın ətrafı ”təmizlənir", bir gün növbə ona da çatacaq. Bu isə Qarabağ klanını narahat edir. Sərkisyan-Köçəryan cinayətlərində aparıcı fiqur olmuş B.Saakyan erməni diasporuna və xaricdəki havadarlarına ümid edir. Onun həmsədr ölkələrə səfəri də pul yığmaqdan çox, siyasi dəstək almağa hesablanmışdı. Təsadüfi deyil ki, bu səfərlərin yekununda Saakyanın adamları Paşinyana qarşı sərt bəyanatlar verdilər. 30 il əvvəl birləşməklə bağlı şüarlar səsləndirən Qarabağ erməniləri ilə Ermənistan hakimiyyəti indi müharibə vəziyyətindədir.

Təbii ki, belə bir durum Azərbaycan üçün şans yaradır. Üstəlik, Ermənistanda seçicilərin heç yarısının da seçkilərə getməməsi Paşinyana etimadsızlıqdır. 10 dekabrda isə Qarabağın baş separatçısı qondarma qurumda keçirilən “müstəqillik referendumu və konstitusiyanın qəbulu” ilə bağlı təbrik mətnini yayıb. Oyuncaq qurumun başçısı dolayısı ilə Paşinyana meydan oxuyur. Əslində bu, Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj”dır.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, ermənilər əksinqilabçı qüvvələrə etimad göstərmədilər və seçkilərin əsas siyasi nəticəsi budur: “Serj Sərkisyanın Respublika Partiyası 4,7% (59 min 59) səs alaraq, gözlənildiyi kimi, parlamentə keçə bilmədi. Sübut olundu ki, Qarabağ klanının siyasətdəki təmsilçisi olan bu partiyanın cəmiyyətdə dayaqları çox zəifdir və o, arxasında dövlət gücü olmadan uğur qazana bilməz. Digər önəmli nəticə aqressiv erməni millətçiliyinin qocaman təmsilçisi ”Daşnaksutyun"un cəmi 3,89% (48 min 811) səs alaraq parlamentdən kənarda qalmasıdır. Daşnaklar uzun illərdir cinayətkar Köçəryan-Sərkisyan rejiminin əlaltısı, cib müxalifəti kimi fəaliyyət göstərirdi və xalq bunu onlara bağışlamadı. Sonda qeyd edim ki, Paşinyanın erkən seçkilərin mümkün qədər tez keçirilməsinə nail olması çox ağıllı addım idi. Çünki vaxt ötdükcə, inqilabın eyforiyası bitəcək və obyektiv səbəblər (sosial-iqtisadi problemlər), eləcə də daxili və xarici basqıların artması səbəbindən Paşinyanın reytinqində eroziya başlayacaq, beləliklə, əksinqilabi revanş üçün münbit zəmin yaranacaqdı. Zatən dünənki (srağagünkü-red.) seçkidə “Mənim addımım” bloku sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərdi və bu trend davam edəcəkdi. Nikol Paşinyan bunu anlayaraq bizdə Elçibəyin və komandasının 1992-ci ildə yol verdiyi ölümcül səhvi təkrarlamadı. O, artıq qarşıdakı 5 ildə istədiyi islahatları həyata keçirmək üçün güclü parlament dəstəyinə malikdir".

Ş.Cəfərli hesab edir ki, qələbəyə baxmayaraq, Nikol Paşinyanı qarşıda çox çətin dövr gözləyir: “Seçki nəticəsində inqilabi eyforiya mərhələsi yekunlaşmış və yeni səhifə açılmış oldu. İndi yeni hökumət başçısı ölkəsinin acı reallıqları ilə üz-üzə qalacaq. Xalq ilk növbədə ağır sosial-iqtisadi problemlərin həllini, yoxsulluğun aradan qaldırılmasını, rifah səviyyəsinin yüksəlməsini gözləyəcək. Qısa müddətdə bu sahələrdə irəliləyiş əldə etmək mümkün deyil. Paşinyan üçün digər problem bürokratik aparatın yenilənməsi zərurətidir, çünki hazırkı dövlət aparatında köhnə rejimin nümayəndələri aparıcı mövqelər tutmağa davam edir. Sabotaj təhlükəsi real olduğu üçün Paşinyan həmin məmurları güvəndiyi kadrlarla əvəz etməlidir. Bu, kifayət qədər çətin prosesdir, çünki həm məhsuldar və dinamik yeni komanda yaratmağa ehtiyac var, həm də dövlət aparatında kütləvi təmizləmələr narazıların sayını artıra bilər”.

Politoloq “Mənim addımım” blokunun lazımi kadr potensialına sahib olduğuna inanmır. Onun fikrincə, yəqin ki, onlar xaricdəki erməni diasporasının bu sahədə imkanlarından yararlanmağa cəhd göstərəcəklər. Ş.Cəfərli deyir ki, xarici siyasət Paşinyan üçün başqa bir sınaq olacaq: “Rusiya ilə münasibətlərdə problemlər və anlaşılmazlıqlar var. Moskva Paşinyana güvənmir. Sirr deyil ki, Moskva Ermənistan daxili siyasətində mühüm faktor olaraq qalır. Paşinyan daxildə nəzərdə tutduğu islahatları və dəyişiklikləri maneəsiz həyata keçirə bilmək üçün Rusiya ilə münasibətləri qarşılıqlı anlaşma şəraitində qurmaq zorundadır, əks halda, onun üçün problemlər yarana bilər. Seçki kampaniyası zamanı gördük ki, Respublika Partiyası Rusiya kartını oynamağa başlayıb, onlar Paşinyanı ən yaxın müttəfiqlə münasibətləri korlamaqda ittiham edir. Rusiya faktoru Paşinyanın hakimiyyəti üçün təhlükə mənbəyinə çevrilə bilər, bu səbəblə o, xarici siyasətdə çox diqqətli olmağa məcburdur”.

Bütün bunların Qarabağla bağlı nələr vəd etdiyinə gəldikdə, politoloq bunları bildirdi: “Şübhəsiz ki, mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir. 2019-cu ildə danışıqlar prosesi yenidən başlayacaq və yəqin ki, həmsədrlər Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin görüşlərini təşkil edəcəklər. Böyük ehtimalla Paşinyan danışıqlar prosesinə Dağlıq Qarabağ ermənilərinin qoşulması barədə israrından vaz keçməli olacaq, bu isə müxalifətin əlinə bəhanə verəcək ki, onu öz mövqeyini qoruya bilməməkdə və geri çəkilməkdə ittiham etsin. Aydındır ki, iqtidardan uzaqlaşdırılmış köhnə komanda və klan Qarabağ kartından fəal şəkildə istifadə edərək Paşinyanı vurmağa çalışacaq. Bir sözlə, seçkilərdən sonra Nikol Paşinyanın siyasi karyerasında ən mürəkkəb dövrün başlayacağını söyləyə bilərik”.

Ermənistanda çox narahatdırlar ki, Paşinyan hökuməti ilə Qarabağ klanı arasında savaş başlasa və KTMT-dən də hər hansı dəstək verilməsə, Azərbaycan işğalçıya sarsıdıcı zərbə vura bilər. Üstəlik, Rusiya aprel müharibəsində olduğu kimi, Ermənistanda baş verənləri, sadəcə, izləyir və hər hansı reaksiya vermir. Proseslər Ermənistan üçün yaxşı perspektivlər vəd etmir...
Diaspora