Politoloq: “Paşinyan münaqişənin həllini tezləşdirməyi planlaya bilər, o, buna məcburdur...”
Sabah Ermənistanda parlament seçkisi keçiriləcək. Seçkilərdə qalib gələn qüvvə yeni hökuməti formalaşdıracaq. Bu arada Ermənistanın Milli təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryan baş nazir əvəzi Nikol Paşinyanın seçkilərdən sonra Qarabağı Azərbaycana qaytarmağa hazırlaşdığını iddia edib. Ümumiyyətlə, bu cür fikirlər son zamanlar erməni mediasında tez-tez yayılmaqdadır.Bəs, belə bəyanatların arxasında reallıq dayanırmı, yoxsa bu, Azərbaycanı bu ərəfədə arxayın saxlamaq üçün ortaya atılan aldadıcı variantdır?
Politoloq Məhəmməd Əsədullazdə “Yeni Müsavat”a şərhində bildirib ki, Ermənistanda seçkiöncəsi siyasi ehtirasların pik nöqtəyə qalxması gözləniləndir: “Çünki burada iki qrup arasında hakimiyyət uğrunda mübarizə gedir. İnqilab yolu ilə Serj Sarkisyanı - Qarabağ klanını hakimiyyətdən devirən Nikol Paşinyana qarşı bu qrupun Qarabağ ritorikasından istifadəsi gözlənilən idi. Paşinyanın Qarabağa qaytarmağa hazırlaşdığı kimi fikirlərin dövriyyəyə buraxılması ona qarşı olan qüvvələrin anti-təbliğatıdır. Qeyd edim ki, Nikol Paşinyan sabiq prezident Levon-Ter Petrosyanla eyni siyasi platformanı bölüşəndə işğal olunmuş ərazilərin qaytarılması siyasi xəttini müdafiə edib. Hazırda o hakmiyyətdədir, bundan istifadə edən Qarabağ klanının David Şahnazaryanın dili ilə Paşinyanı Qarabağı satmaqda ittiham etməsi əsasən seçkilərdə onun reytinqinin aşağı salmasına hesablanıb. Onlar bunu deməklə arqument kimi Nikolun keçmişindəki siyasi xəttini rəhbər tuturlar. Serj Sərkisyan qruplaşması erməni ictimaiyyətinə bəyan edir ki, Paşinyan hakimiyyətdə qalarsa, əraziləri Azərbaycana qaytaracaq. Onların bu şüardan başqa Paşinyanın üzərinə gedə biləcək başqa ciddi arqumenti yoxdur. Məhz Qarabağ kartından istifadə edib, hakmiyyəti zəbt edən Qarabağ klanı bu versiyanı ortaya atmaqla, müəyyən dərəcədə səs toplayıb barajı keçib parlamentə düşməyə çalışır”.
Politoloq xatırlatdı ki, Paşinyan ilk hakimiyyətə gəldikdə onun Qarabağla bağlı açıqlamaları sərt ritorikaya əsaslanırdı, güzəştsiz mövqe ortaya qoyurdu: “Bu da daxili auditoriyaya hesablanırdı. Təbii ki, Paşinyanı hakimiyyətə gətirən Qərb ondan regional məsələlərdə mövqe ortaya qoymağı tələb edir. Məhz Qarabağ münaqişəsinin həlli də bu kateqoreyaya daxildir. Çünki münaqişənin uzanması Rusiyanın Ermənistanda hakim olması və inqilabın əks-inqilabla sona çatmasına səbəb olar. Qərb də yaxşı bilir ki, Qarabağ konfliktində Ermənistan güzəştə getməsə, islahatlar səmərə verməyəcək, Rusiya münaqişədən istifadə edib, Qarabağ klanını hakmiyyətə gətirə bilər. Məncə, regionda baş verənlər, Con Boltonun münaqişənin həllini tezləşdirməsi mesajı və Ermənistandakı keçmiş səfir Millizin ərazilərin boşaldılması ilə bağlı bəyanatından aydın olur ki, ortada müəyyən planlar var. Erməni mediasında gedən bu kimi yazılar, Qarabağla bağlı versiyalar Azərbaycanı arxayın salmağa hesablanmayıb. Şahnazaryan baxmayaraq ki, bu açıqlama ilə istintaqa dəvət olunur, amma bu açıqlamanın arxasında müəyyən reallıqlar dayana bilər. Düşənbədə Paşinyanın prezident İlham Əliyevlə söhbəti, müəyyən şifahi razılığın əldə olunması, cəbhədə nisbi sakitlik müəyyən dərəcədə proseslərdə müsbət məqamın olduğunu göstərir. Paşinyanın danışıqlara gedərək, ölkəsində demokratik sistemin qurulması üçün münaqişənin həllini tezləşdirməyi planlaya bilər. O, buna məcburdur. O, sələflərinin siyasətini davam etdirsə, Qərb ondan əlini üzəcək, Qarabağ klanı da onu üstələyəcək.
Qarabağ klanı Rusiyanın dəstəyi ilə çalışacaq ki, bu məsələdə maksimum Paşinyan adminstrasiyasına təzyiqlər etsin. Biz Ermənistanda seçkilərdən ən azı üç ay sonra Paşinyanın Qarabağla bağlı siyasətinin nədən ibarət olduğunun şahidi olacağıq".
“Yeni Müsavat”