Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır və Azərbaycana hücum edərək Xocalı, Ağdam kimi şəhərləri məhv edib və qocaları, qadınları və uşaqları qətlə yetirib.
Virtualaz.org-un məlumatına görə, bu barədə Azərbaycanın Rus icmasının K.Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirlərinə cavab bəyanatında deyilir.Bəyanatda qeyd olunur ki, erməni təcavüzkarları 1 milyondan çox sakini öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın olmağa məcbur edib: “20 ildən çoxdur ki, Azərbaycan və onun rəhbərliyi Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır və yalnız 2016-cı ildə ölkənin aramsız atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri təcavüzkarlara layiqli cavab verdi və müəyyən əraziləri azad etdi”.
Bəyanatda o da vurğulanır ki, Azərbaycanın Rus icması ölkənin ərazi bütövlüyü hüququnu müdafiə etməsini dəstəkləyir, yüzlərlə rus Dağlıq Qarabağı erməni təcavüzkarlardan müdafiə edərkən həlak olub: “Ermənistan daha nə qədər Azərbaycan xalqının səbrini sınaya bilər, azərbaycanlıları öz doğma torpaqlarına qaytarmaq üçün daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara cavab verə biləcəkmi?”