Sülh danışıqlarının da, qondarma rejimin də taleyinə Ermənistandakı seçkilərdən sonra aydınlıq gələcək; rusiyalı analitik: “Paşinyan Sərkisyanla müqayisədə danışıqlar üçün xeyli qəliz adamdır...”
Qarabağ nizamlanması üçün itirilmiş daha bir ilin - 2018-ci ilin sonuncu ayına daxil olmuşuq. Bir həftə sonra - dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, o demək olacaq ki, 8 aydan sonra işğalçı ölkədə yeni, legitim hakimiyyətin formalaşması prosesi başa çatacaq və Dağlıq Qarabağa dair sülh danışıqlarında rəsmi Bakı ilə İrəvanda konkret hansı qüvvənin müzakirə aparmalı olduğu bilinəcək. Bununla da erməni tərəfin nizamlama prosesini süni surətdə uzatmaq üçün əlindəki axırıncı - seçki bəhanəsi də qalmayacaq.Möcüzə olmasa, yəqin ki, hazırkı baş nazir əvəzi Nikol Paşinyan və bloku seçkilərdə qalib gələcək. Paşinyanın Qarabağ məsələsinə yanaşması isə, yumşaq desək, qeyri-konstruktiv və ziddiyyətli olaraq qalır. Ən azından, onun seçki prosesində də Qarabağdakı separatçıları danışıqlara müstəqil tərəf kimi qoşmaq tələbində israr eləməsi özlüyündə az şey demir.
Bəs seçkilərdən sonra bu mövqedə hansısa dəyişiklik mümkündürmü, əvvəlki iqtidar dönəmlərindən fərqli olaraq, Qarabağ danışıqlarını yeni və pozitiv nəsə gözlənilirmi?
*****
“Keçmiş prezident Serj Sərkisyan Azərbaycana heç bir güzəştə hazırlaşmırdı, ona ”dəyirmi masa" ətrafında sonsuz, yüz illik danışıqlar tamamilə sərf edirdi. Paşinyan və blokunun seçki proqramında Qarabağın xüsusi çəkisi var. Belə ki, Dağlıq Qarabağ ermənilərinə Ermənistan əhalisinə vəd ediləndən də gözəl, nağıl kimi həyat vəd edilib".
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusdilli minval.az saytına tanınmış rusiyalı analitik Qriqori Trofimçuk Qarabağ ixtilafı ətrafında durumu şərh edərkən deyib. Onun sözlərinə görə, İrəvanda Qarabağla bağlı bütün ovqat dəyişiklikləri yalnız bir istiqamətə - Azərbaycana ziddi istiqamətdə baş verə bilər: “Əgər Paşinyan öz hakimiyyətini möhkəmləndirə bilsə, - nəyə ki, ciddi cəhdlə çalışır, - o halda Vaşinqton situasiyanı öz əlinə alacaq. Ancaq hələlik ABŞ-da Paşinyan və onun ”Addım" blokunun seçkilərdə uğurunu gözləyirlər. Vaşinqtona Paşinyanın uğuru hesabına Ermənistanın Rusiyadan aralanması üçün zəmanət lazımdır. Azərbaycan isə əgər nəyəsə ümid edə bilərsə də bu, hadisələrin gedişindən özü üçün taktiki qazanclar götürmək ola bilər. Paşinyan Sərksiyandan fərqli olaraq, danışıqlar üçün xeyli dərəcədə qəliz adamdır. Bu, hətta onun Rusiya lideri ilə görüşlərindən də göründü. Belə ki, Putinlə görüşlərin birindən sonra o, KİV-ə açıqlamasında Moskvadan bir şeyi tələb edib: daxili işə qarışmamaq".
Bəs Qarabağ danışıqlarında mümkün dəyişikliklərə Moskvanın reaksiyası necə ola bilər və 9 dekabr seçkilərində Paşinyan və komandasının qələbəsindən sonra erməni-rus münasibətləri hansı səmtdə inkişaf tapacağını proqnozlaşdırmaq mümkündürmü?
Rusiyalı ekspertin suala cavabı belə olub: “Moskvanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir: nizamlama dinc, siyasi yolla olmalıdır. Bu mövqenin xüsusən də xarici, beynəlxalq vəziyyətin kəskin pisləşməsi fonunda haradasa dəyişəcəyinə ümid bəsləmək mümkün deyil. Moskva bu dəqiqə Qarabağ hayında deyil. Problem yalnız ondadır ki, 9 dekabr seçkilərindən sonra Paşinyanın mövqeyi daha sərt olacaq, ona təsir alətləri isə daha az olacaq”.
*****
Ancaq necə deyərlər, “tünd sirkə yalnız öz qabını sındırar”. Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində kəskin, barışmaz mövqe tutub nə qazanacaq ki? Bununla onun öz xalqına verdiyi vədləri reallaşdırması qat-qat çətinləşəcək. Çünki Ermənistanın izolyasiyası bir qədər də güclənəcək, Qarabağda böyük müharibə riski artacaq, xarici sərmayə Ermənistandan daha uzaq düşəcək.
Nəzərə alanda ki, Paşinyan komandasına Rusiyanın münasibəti isti deyil və Moskva seçkilərdən sonra hakimiyyətdə daha da möhkəmlənəcək “Amerika uşaqları”nl hansısa şəkildə cəzalandırmaq istəyəcək, o zaman Qarabağ konflikti ətrafında maraqlı, yetərincə həssas bir durumun yaranacağını söyləmək mümkündür. Demək, Azərbaycan yaranacaq yeni durumdan, rusiyalı politoloqun dediyi kimi, ən azı, taktiki uğurlar üçün istifadə edə bilər.
“Taktiki uğur” isə lokal hərbi əməliyyatlar şəklində də mümkündür. Bir şey dəqiqidir ki, Bakı yalnız bu yolla - özünün düşmən üzərində real hərbi üstünlüyünü ona nümayiş etdirməklə, işğalçı tərəfi vaxtaşırı ciddi maddi və canlı itkilərə məruz qoymaqla onu sülh danışıqlarında konstruktiv mövqe tutmaqdan savayı yolunun olmadığına əmin edə bilər.
Belə görünür, Paşinyana münasibətdə də Azərbaycan bu taktikanı seçməli olacaq. Çünki İrəvandan verilən bəyanatlardan, xüsusən də Nikol Paşinyanın Qarabağ separatçılarının lideri Bako Saakyanı hədələməsindən hasil olan qənaət belədir ki, erməni baş nazir əvəzi seçkilərdən az sonra öz gücünü Qarabağ probleminin həllinə yox, ilk növbədə oradakı separatçı rejimi dəyişməyə yönəldəcək.
Xatırladaq ki, Paşinyan seçicilərlə son görüşlərinin birində Saakyana müraciətlə və hədələyici tonda deyib: “Cənab Bako Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın ”prezidentinin" mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə nə olacaq? Bunun nəticələrini təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun".
Maraqlıdır ki, Xankəndindən bu hədəyə cavab gecikməyib. Demək, 9 dekabr seçkilərindən az sonra separatçı qurumda vəziyyət qarışa və Bakı üçün əlavə fürsət pəncərəsi açıla bilər.
Hər halda, bunlar proqnozlardır. Çox şey Paşinyanın problem ətrafında vəziyyətin riskli olduğunu nə dərəcədə dərk etməsindən asılı olacaq. Ancaq bir şeyə artıq şübhə yox ki, Nikol Paşinyan işğal altındakı Dağlıq Qarabağda da mini-inqilaba nail olub, orada öz adamını separatçı rejimin başına gətirməyi planlaşdırır. Bunun Qarabağ məsələsinə hansı təsirlərinin olacağını görəcəyik...