Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında savaş başladı...

Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında savaş başladı... backend

Nikol Paşinyanın Xankəndindəki separatçı rejimə sərt xəbərdarlıqları və hədələrinə Bako Saakyan tərəfdarlarından cavab gəldi.

Nikol Paşinyanın bəyanatının təhlükəli nəticələri ola bilər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri 29 noyabrda jurnalistlərə açıqlamasında siyasi şərhçi Viqen Akopyan deyib.

Qeyd edək ki, Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan bu gün seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdə Dağlıq Qarabağdakı saxta rejimin rəhbərliyini kəskin tənqid edib. Qarabağ klanını açıq şəkildə hədələyən Paşinyanın sözlərindən belə aydın olub ki, onu qəzəbləndirən Dağlıq Qarabağdakı separatçı rejim təmsilçilərinin vaxtaşırı Ermənistandakı proseslərə münasibət bildirmələridir. Xüsusilə də Dağlıq Qarabağdakı rejimin başçısının “mətbuat katibi” David Babayanın N.Paşinyan haqqında dedikləri erməni baş naziri hövsələdən çıxarıb. Babayan deyib ki, Paşinyanın öz oğlunu Dağlıq Qarabağa xidmətə yolladığını deməsi spekulyasiyadır. Belə bir mövqe isə N.Paşinyanı qəzəbləndirib. Bundan sonra N.Paşinyan ilk dəfə olaraq Qarabağ separatçılarının başçısına açıq şəkildə kəskin çağırış edib və faktiki olaraq separatçıları hədələyib. “Cənab Bako Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın “prezidentinin” mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə nə olacaq? Bunun nəticələrini təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun”-Paşinyan xəbərdarlıq edib.

Erməni ekspertlər belə halın olmadığını qeyd ediblər və bildiriblər ki, indiyədək Ermənistan hakimiyyətinin heç bir təmsilçisi Qarabağ ermənilərinə münasibətdə belə münasibət sərgiləməyib.

Elə şərhçi Viqen Akopyan da deyib ki, N.Paşinyan N.Paşinyanın oğlunun orduda xidmət etdiyini, ancaq bir neçə yüksək vəzifəli məmurun övladlarının Qarabağda xidmət etmədiklərini söyləməsi mənfi nəticələrə gətirib çıxara bilər. Ekspert deyib ki, birincisi, bununla Qarabağ pis cavab alır. İkincisi də bu bəyanat həqiqəti əks etdirmir.

Şərhçi onu da deyib ki, Qarabağda hansısa məmurun oğlunun ordudan yayındığı barədə məlumatı yoxdur. “Amma mənə məlumdur ki, məsələn, Bako Saakyan və Aşot Qulyanın oğulları orduda xidmət ediblər.

N.Paşinyana növbəti cavab isə Dağlıq Qarabağ separatçılarından gəlib. Qondarma rejimin oyuncaq “parlamenti”nin keçmiş deputatı Vaqram Atanesyan N.Paşinyana məsləhət görüb ki, o, özünü sakit və emosiyasız aparsın. Bununla yanaşı Atanesyan Paşinyanı hansısa addım atarkən diqqətli olmağa və Dağlıq Qarabağ “hakimiyyəti” ilə arzuolunmaz fikirayrılığı yaratmamağa çağırıb.

Əlavə edək ki, N.Paşinyan çıxışında özünü “yuyulmamış qaşıq” kimi aparan Babayana tərs şapalaq ilişdirib. O, noyabrın 29-da Azərbaycanla sərhəddə keçirdiyi görüşdə açıq şəkildə Qarabağ separatçılarının burnunu Ermənistanın daxili işlərinə soxmaqda günahlandırıb. “Mən Dağlıq Qarabağ nümayəndələrinin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar və nəyə görə Ermənistandakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasında öz iştiraklarını bu cür büruzə verirlər?”-Paşinyan deyib.

Göründüyü kimi, N.Paşinyanla Qarabağ klanı arasında Ermənistan daxilində may ayından etibarən yaşanan gərginlik sərhədi aşaraq Azərbaycan ərazisinə də yayılmaqdadır. Qarabağ separatçıları anlayır ki, N.Paşinyan 9 dekabr seçkisində parlamentdə möhkəmlənsə, o halda Qarabağ klanını kürüyüb atacaq və bu dalğa Xankəndində talançılıqla məşğul olan separatçılardan da yan keçməyəcək. N.Paşinyanın Qarabağdakı Ermənistan ordusunun əsgərlərinin ərzaq və geyim dərdi çəkdiklərini deməsi cəzalandırmaların qaçılmaz olacağını deməyə əsas verir. İşğal zonasında “at oynadan” Saakyan isə “əcəlinin çatdığını” yaxşı anlayır, ona görə də “mətbuat katibi” vasitəsilə N.Paşinyana “savaş” açıb.

Hər halda Ermənistanda maraqlı proseslərə start verilib. Üstəlik, Ermənistan erməniləri və Qarabağ sepafratçıları ilə ixtilafların dərinləşməsi, savaşın açıq müstəviyə keçməsi Azərbaycan üçün unikal şans yaradır. İzləyək...

Musavat.com
Diaspora