Əsirlərin dəyişdirilməsi - müəmma davam edir

Əsirlərin dəyişdirilməsi - müəmma davam edir backend

Noyabrın sonunda əsirlərin dəyişdirilməsinin müzakirəsi üçün Tiflisdə təyin olunan görüş Ermənistanın üzündən qeyri-müəyyəndir; erməni diversantın müraciəti Ermənistan cəmiyyətinə təsir edəcək

Azərbaycana qarşı diversiya hərəkətlərinə görə saxlanılan və 15 il azadlıqdan məhrum edilən erməni diversant Arsen Baqdasaryan azərbaycanlı girovlarla dəyişdirilməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb. Məktubunda Azərbaycan tərəfinin “Hamının hamıya” prinsipi ilə əsir-girovların dəyişdirilməsi təklifinə razılıq verilməsini istəyən Arsen Baqdasaryan evə qayıtmaq istədiyini deyib.

Arsen Baqdasaryanın müraciətinin Nikol Paşinyanın mövqeyinə təsiri ola bilərmi?

Tiflisdə noyabrın sonunda Azərbaycanın və Ermənistanın dövlət komissiyalarının görüşünün olacağı deyilirdi. Görüş baş tutacaqmı, yoxsa artıq reallaşmayacağını söyləmək olarmı?

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbər, hüquq müdafiəçisi Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, Arsen Baqdasaryanın Nikol Paşinyana məktub ünvanlaması, girovlarla dəyişdirilməsini istəməsi həm də Ermənistan cəmiyyətinə növbəti mesajdır. Buna qədər hazırda məhkəməsi keçirilən diversant Karen Kazaryanın qohumları, kəndliləri Ermənistan hökuməti qarşısında tələblər qoyub və aksiyalar keçirib.

Artıq növbə Baqdasaryanın qohumlarına, yaxınlarına gələ bilər. Artıq Ermənistan cəmiyyəti Baqdasaryanın müraciətindən məlumatlıdır. Onun da yaxınları etiraz aksiyası keçirə bilərlər. Bu da Ermənistan cəmiyyətinin hakimiyyətdən tələblərinin artmasına səbəb ola bilər. Seçki öncəsi Paşinyan öz xalqının tələbini nəzərə almağa məcbur olacaq. Arsen Baqdasaryanın qohumlarının da tələbindən sonra, hər halda, Azərbaycanda saxlanılan digər erməni diversant Zaven Karapetyanın yaxınları tələblərini irəli sürəcəklər. Yəni bu tendensiya tədricən Ermənistan cəmiyyətinin tələbinə çevriləcək. Bu tendensiya dərinləşdikcə, Paşinyan mövqeyini dəyişməyə və konstruktiv mövqeyə gəlməyə məcbur olacaq. Paşinyanın əsir və girovların dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifinə məlum reaksiyası, məncə, əsəbi başla verilən reaksiyadır, son qərar deyil. İnanıram ki, Ermənistan hökuməti fikrini dəyişəcək".

Ə.Şahidov qeyd etdi ki, noyabrın sonuna Tiflisdə planlaşdırılan görüş barədə Ermənistanın rəsmi yazılı yekun cavabı olmayıb: “Bunu gözləyirik. Rəsmi cavab verməyiblər ki, iştirak edəcəyik, yoxsa iştirak etməyəcəyik. Rəsmi yekun yazılı cavabları yoxdur. İstənilən halda girovlarla əsirlərin dəyişdirilməsi üçün Azərbaycan tərəfi öz işini davam etdirir. Həm Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla İş üzrə Dövlət Komissiyası, həm vətəndaş cəmiyyəti, həm jurnalistlər bu məsələni gündəmdə saxlayır. Birlikdə bu mübarizəni davam etdiririk. Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin bir qədər də artırılacağı qaçılmazdır. Beynəlxalq İşçi Qrupunun əsir və girovların dəyişdirilməsi ilə bağlı təklifinə rəsmi Bakı müsbət cavab verib və ”Hamının hamıya" prinsipini ilkin şərt olaraq irəli sürüb. Ermənistan tərəfi isə hələlik konkret cavab verməkdən yayınır. Ermənistanın baş naziri Nikol Paşinyanın bu təklifə aqressiv reaksiya verməsi onun siyasi portretindən irəli gəlir. İstənilən halda bu, Ermənistan tərəfinin yekun qərarı kimi qəbul edilə bilməz. Və biz mübarizəmizi davam etdiririk və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqləri bir qədər də artıracağıq".

“Yeni Müsavat”
Diaspora