Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu (BİQ) ötən il vasitəçilik missiyasını bərpa edib, Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri ilə görüşüb, hazırda tərəflərdə saxlanılan şəxslərin qaytarılması ilə bağlı danışıqların başlanması imkanlarını müzakirə edib.
Azvision.az xəbər veirr ki, bu barədə BİQ-in bəyanatında qeyd olunub. Bildirilib ki, bu təşəbbüs zamanı Beynəlxalq İşçi Qrupunun həmsədrləri Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində, Azərbaycan və Ermənistanın paytaxı İrəvan və Bakıda olublar.“Həmsədrlər Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevə və Bakıda Azərbaycanda diversiya fəaliyyətlərinə cəhd edərkən saxlanılan Arsen Bağdasaryan və Zaven Karapetyana baş çəkiblər. Humanitar işlər itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə davam etdirilməlidir. BİQ ekspertləri əsir və girovların azad edilməsi üzrə gələcək planları müzakirə etmək üçün neytral ərazidə görüş təşkil etmək təşəbbüsü ilə çıxış edib.
Bu gözlənilən görüş tərəflərin nümayəndələri ilə sıx əlaqələrin əsasında bu il nəzərdə tutulmuşdu. Lakin görüş uzun məsləhətləşmələrdən sonra təxirə salındı. Tərəflərin bu təşəbbüsü davam etdirməyə hazır olduqlarını nəzərə alaraq qurum görüşün növbəti ildə baş tutuması üçün hər şey edəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.