Separatçı rejim başçısının növbəti Paris səfəri problemin həllində daha effektli formatların axtarışını zəruri edir; erməni nəşri: “Erməni əhali ac-yalavac ömür sürür...”
Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan başının dəstəsi ilə yenidən Parisə gedib. Saakyanın Fransaya hansı məqsədlə yollandığı, kim tərəfindən dəvət edildiyi barədə hələlik konkret bilgi yoxdur. Ancaq aydındır ki, erməni quldurbaşı ilk növbədə pul dilənmək üçün Parisə yollanıb. Fransada ən böyük erməni diasporunun olduğu nəzərə alınarsa, bu ehtimal kifayət qədər güclü görünər.Erməni tərəfi bununla şübhə yox ki, eyni zamanda, qanunsuz qurumun legitimliyinin heç olmasa, Fransa tərəfindən tanınmasına, guya dünyada ikinci bir erməni “dövləti”nin də mövcud olması haqda Avropada rəy yaratmağa çalışır. Ancaq məlumdur ki, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Yəni Dağlıq Qarabağ məsələsində neytral, tərəfsiz mövqe tutmağa borcludur.
Təəssüf ki, Bako Saakyanın Fransaya gəlişi qərəzsiz vasitəçiliyə kölgə salır. Yəqin ki, bu dəfə də rəsmi Parisdən belə bəyanat eşidəcəyik ki, “Bako Saakyanın Paris səfəri rəsmi yox, özəl xarakter daşıyır”. Ancaq bu, mahiyyəti dəyişirmi?
Dəyişmir. Bako Saakyana kim viza verib? Əlbəttə ki, Fransa səfirliyi. O zaman abxaz, Krım, Dnestryanı bölgə, Donbas separatçılarının rəhbərlərinə niyə belə vizalar verilmir görəsən?
Sual ritorikdir: “ikili standart” siyasəti. Bir daha qənaət hasil olur ki, ermənilər Fransa üçün xüsusi statusdadır. Fransa prezidentlərindən biri nahaq yerə işğalçı Ermənistanı “Fransanın kiçik bacısı” adlandırmayıb ki. Üstəgəl, xristian amili. Nəhayət, bu da məlumdur ki, aparıcı Qərb dövlətləri ermənilərə qardaş Türkiyəyə qarşı bir təzyiq, şantaj vasitəsi kimi baxır.
*****
Qarabağa dair sülh danışıqları onsuz da dalana dirənib. Bu yandan da separatçı rejim başçısının təxribatçı gedişi, daha dəqiqi, Fransa dövlətinin ona qucaq açması təəssüf doğurmaqla yanaşı, kövrək sülh prosesinə növbəti bir zərbəni vurur.
“Yeni Müsavat” xatırladır ki, az öncə Fransanın iki şəhərinin meri işğal altındakı Dağlıq Qarabağa səfər eləmişdi. Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sərt bəyanatı oldu, Fransa səfiri XİN-ə çağırıldı. Ümid eləmək olardı ki, rəsmi Paris bundan nəticə çıxaracaq. Ancaq əksi oldu. Üstündən çox keçməmiş quldurbaşı Bako Saakyan Fransaya getdi.
Bu arada isə avropalı investorların Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırması barədə xəbər yayılıb. Xəbər öz təsdiqini taparsa, o zaman bu, bir daha Avropanın Qarabağ məsələsində, işğal məsələsinə yanaşmada “ikili standart” siyasətini təsdiqləmiş olacaq...
*****
Son hadisələr Minsk Qrupu həmsədrliyinin Dağlıq Qarabağ ixtilafının həllində “dişsiz” bir format olduğunu ortaya çıxarır. Konfliktin həllində daha effektli formatların axtarışını zəruri edir. Ancaq yeni format necə olur-olsun, orada Türkiyənin iştirakı olmayacaqsa, nəticə olmayacaq. Çünki nizamlama prosesində münaqişə tərəfləri arasında balansın gözlənilməsi olduqca vacibdir. Yaxud Minsk Qrupu həmsədrliyində ermənipərəst Fransanı qardaş Türkiyə əvəzləyərsə, o halda balansın təmin edildiyini söyləmək mümkün olacaq.
Saakyanın Parisə səfərinə gəlincə, artıq qeyd edildiyi kimi, əsas məqsədin pul dilənmək olduğu şübhə doğurmur. Bunun da səbəbi separatçı bölgədəki olan-qalan əhalinin də ağır durumda olmasıdır. Qarabağda sosial-iqtisadi vəziyyət gündən-günə daha da gərginləşir. Qondarma rejimdən bezmiş sakinlər Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanı “küt və axmaq” adlandırmaqdan belə çəkinmirlər.
Bunu təkcə biz demirik. Ermənistanın “İrates” qəzetində yerləşdirilmiş yazıda belə deyilir (teleqraf.com). Qeyd olunur ki, əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə insanlar hətta, kənd təsərrüfatı məhsullarının təminatı baxımından da korluq çəkirlər: “Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır, səlahiyyət sahibləri soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqalarla məşğuldurlar. Bako Saakyan (qondarma rejimin ”prezidenti" - red.) bölgədə bütün sahələrin inkişaf etdiyini və əhalinin hər şeydən razı olduğuna deməklə Nikol Paşinyanı dəfələrlə aldadıb, ona yalan məlumatlar verib. Əslində Saakyan və onun komandası milyonlara sahib olur. Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan “istirahət evlərinə”, kişilər qul kimi təhqiramiz işlərə sövq edilirlər. Bu ilin yazında Stepanakertdə (Xankəndi - red.) baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları respublikanın (qondarma rejimin - red.) vəzifəli şəxslərinin onları döydürüb təhqir etdiklərini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdığını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər".
Yazıda o da qeyd olunur ki, N.Paşinyanın “Qarabağ klanı”na yumşaq desək, xoş olmayan münasibəti, İrəvanda vəzifəli qarabağlıları sıxışdırması, “Dağlıq Qarabağ xalqı”na hörmətlə yanaşmaması bölgədə ona inamsızlığı artırmaqla yekunlaşmayıb, həmçinin, nüfuzdan düşməsinə gətirib çıxarıb. “Məhz bu səbəblərdən Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum daha da dərinləşərək, ən yüksək həddə çatıb. Yaxın vaxtlarda Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında gərginliyin daha da böyüyərək münaqişə yaşanması gözləniləndir”, - deyə məqalənin sonunda qeyd olunur.
*****
Bu qarşıdurma olsa da, olmasa da, bir şey dəqiqdir ki, ermənilər Dağlıq Qarabağ məsələsində daşı ətəklərindən töküb haqqa gəlməyincə, işğal elədikləri torpaqları öz halla sahibinə qaytarmayınca, Ermənistan iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə anlaşmayınca, onların iztirabları bitməyəcək. Əksinə, özlərinin də etiraf elədikləri kimi, daha da şiddətlənəcək. Necə deyərlər, seçim həmişəki kimi, öz əllərindədir...
musavat.com