Ekspert Paşinyanın son addımlarını təsadüfi saymır; polkovnik Şair Ramaldanov: “Onun təmas xəttinə gəlməsi, separatçı rejimlə danışıqları seçkiqabağı dividentlər qazanmağa hesablanıb...”
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın qəfildən Azərbaycan ərazisinə gəlməsi və qısamüddətli məzuniyyətini Dağlıq Qarabağ bölgəsində keçirməsinin səbəbləri heç Ermənistan ictimaiyyəti üçün də aydın deyil.Yada salaq ki, Nikol Paşinyan Xankəndi şəhərində işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə hərbi müşavirə keçirib. Müşavirəyə Ermənistan rəsmiləri - Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri əvəzi, xarici işlər naziri əvəzi, Milli Təhlükəsizlik Xidmətinin direktoru, Silahlı Qüvvələrin Baş Qərargah rəisi də qatılıb.
Bəzi ekspertlər Paşinyanın seçkiöncəsi PR məqsədilə işğal zonasına gəldiyini deyirlər. Ancaq digər ehtimallara görə, Paşinyanın güc strukturları rəhbərləri ilə yanaşı, XİN başçısı səlahiyyətlərini icra edən nazirini də Qarabağa çağırması hansısa planın müzakirəsindən xəbər verir.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə Ermənistanın taleyinin Qarabağ məsələsinin həllindən asılı olduğunu söyləmişdi. Ancaq Düşənbə anlaşmasından danışan, özünü “sülhpərvər” göstərən N.Paşinyanın təxribatçı hərəkətləri gərginliyi tətikləyir.
Polkovnik, ehtiyatda olan zabit Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın hər hansı addımına şərh vermək çətindir: “Çünki onun addımları qeyri-standart addımlardır. Təbii ki, küçə yürüşündən rəhbərliyə gələn insandan başqa addım gözləmək mümkün deyil. Odur ki, Paşinyan bir qayda olaraq özünəməxsus addımlar atır. Fikir verirsinizsə, daim siyasi cəhətdən savadsız ifadələr işlədir, verdiyi vədləri unudur, Qarabağla bağlı deyir ki, Azərbaycan güzəştə getməsə, Ermənistan da güzəştə getməyəcək, yaxud bildirir ki, Dağlıq Qarabağdakı rejim danışıqlarda iştirak etməsə, biz danışıqlara getməyəcəyik. Ancaq gördüyünüz kimi, onun dedikləri heç nəyi dəyişmir”.
Hərbi ekspert Azərbaycan prezidentinin Ağdam səfərində dediklərinə də toxundu: “Cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı çox aydın şəkildə dedi ki, biz vaxtilə nə demişdiksə, onlar reallaşdı. Necə ki, biz Serj Sərkisyanın cinayətkar olduğunu söyləmişdik, indi erməni xalqı özü onu cinayətkar adlandırır. Prezidentin Ağdama səfəri təbii ki, düşmənə xəbərdarlıqdır. Azərbaycan prezidentinin qətiyyətli mövqeyi Paşinyanı bir müddət əvvəl danışıqlar masasına oturmağa vadar etdi. Paşinyan öz vəziyyətini nəzərə alaraq Azərbaycandan möhlət istəyib ki, öz komandasını qura bilsin, sonra Qarabağla bağlı hansısa addım atanda söz sahibi olsun. Hər halda, mən belə düşünürəm”.
Ermənistanın hökumət başçısının Qarabağa gəlişinə toxunan Ş.Ramaldanov dedi ki, hazırda seçkiqabağı situasiyada Paşinyanın vəziyyəti sual altındadır: “Ermənistanda cəmiyyət iki yerə parçalanıb. Cəmiyyətin sağlam hissəsi Qarabağ məsələsinin həllinin tərəfdarıdır. Onlar bilirlər ki, Ermənistan Qarabağa görə meqalayihələrdən kənarda qalıb. Azərbaycan prezidenti də Ağdamda bu barədə dedi. Qarabağ klanının Ermənistanda çox böyük gücə malik olması da faktdır. Onlar həm maliyyə tərəfdən güclüdür, həm də birinci şəxslər dəyişsə də, hakimiyyət strukturlarındakı bir çox şəxslərin Qarabağ klanını təmsil etdiyi bəllidir. Ermənistan rəhbərliyi daim Qarabağ faktorundan istifadə edir və bunu ”kozır" kimi əllərində saxlayır. Bundan əvvəlki rəhbərlik də eyni şəkildə davranırdı. Paşinyanın da təmas xəttinə gəlməsi, separatçı rejimlə danışıqları, əlbəttə, seçkiqabağı dividentlər qazanmağa hesablanıb. Bəlkə də vəziyyəti qiymətləndirərək bəzi məsələlərdə özü üçün aydınlıq gətirmək istəyir. Bir müddət əvvəl Paşinyan dedi ki, biz Azərbaycanın mövqeyini nəzərə almalıyıq. Bu da yeni bir ifadədir".
Ancaq Ş.Ramaldanov hesab edir ki, vəziyyətin hansı istiqamətdə cərəyan etməsini zaman göstərəcək: “Boltonun bölgəyə gəlib-getməsindən sonra Rusiya ilə Ermənistan arasında müəyyən soyuqluq müşahidə olunur. Rusiya ilə Ermənistan arasındakı soyuqluq Azərbaycan üçün müsbət rol oynaya bilər. 2016-cı ilin aprel döyüşlərini Rusiya saxladı. Bilirik ki, Qarabağın açarı Rusiyadadır. Rusiya daim Ermənistana dəstək verir və Qarabağ siyasətini yürüdür. Əgər Rusiya tərəfdən Azərbaycana ”yaşıl işıq" yandırılsa, - buna da ümid var. Çünki Paşinyan amerikayönümlüdür - daxildəki gərginliyi də nəzərə alsaq, ola bilsin, Azərbaycan prezidentinin dediyi kimi, əgər Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Azərbaycan ərazilərini qısa müddətdə işğaldan azad edə bilər. Bu, belə də olacaq. Sadəcə, biz məqam gözləyirik, vəziyyəti qiymətləndiririk. Ordumuzun yeni silahlarla təchiz olunması və bu prosesin davam etdirilməsi onu göstərir ki, biz bu məqama, savaş gününə hazırlaşırıq".
“Yeni Müsavat”