Azərbaycanın Ermənistana təklifinin bu dəfə nəticə verəcəyi istisna olunmur
“Yeni Müsavat” xəbər verir ki, hələ ki Bakının bu xoşməramlı təklifinə İrəvandan reaksiya gəlməyib. Məntiqlə Nikol Paşinyan hökuməti həqiqətən öz əsas qonşuları ilə normal münasibətlərdə maraqlıdırsa, o zaman təklifə müsbət cavab verməlidir.Hazırda Azərbaycanda Ermənistanın üç vətəndaşı saxlanılır - Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan. Onlar diversant və hərbi cinayətkarlardır. Ermənistanın isə rəsmi etiraf etdiyi 3 azərbaycanlı onlarda əsirlikdədir. Bunlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadədir.
2014-cü ilin yayında erməni işğalı altında olan doğma rayonları Kəlbəcərdə doğmalarının məzarını ziyarət etməyə gedən və orada Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi hələ də mümkün olmayıb. 4 ildən artıqdır hər iki girov qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə altında saxlanır. Onların azad edilməsi üçün indiyə qədər bir sıra tanınmış siyasi xadimlər, diplomatlar, peşəkar hərbçilər tərəfindən müxtəlif təkliflər, variantlar səslənib. Daha çox cəlb edici təklif isə Azərbaycan sərhədlərini pozduğu üçün ələ keçirilən erməni hərbçiləri ilə dəyişdirilməsi olub.
Qeyd edək ki, Arsen Baqdasaryan 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.
Ermənistan hakimiyyəti bir sıra beynəlxalq təşkilatların, Azərbaycan tərəfinin kəlbəcərli girovlarla, eyni zamanda Elnur Hüseynzadə ilə bağlı müraciətlərini bütün beynəlxalq konvensiyaları pozaraq qulaqardına vurub.
Bəs Azərbaycan tərəfinin Ermənistana bütün əsir və saxlanılanları “hamını hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifindən sonra İrəvandan müsbət addım göləniləndirmi?
Kəlbəcərli girovların azad edilməsi üçün beynəlxalq təşkilatlarda iş aparan Demokratiya və İnsan Haqları İnstitunun rəhbəri Əhməd Şahidov bildirdi ki, girovların azad edilməsi, Azərbaycanda həbsdə olan erməni diversantlarla dəyişdirilməsi məsələsi artıq dəfələrlə bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-in toplantısında qaldırılıb: “Bu ilin sentyabrında Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammitdə çıxışında əsirlərin azad edilməsi məsələsi qaldırılıb. Hətta hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda girov saxlanıldığı, onların bəziləri barədə heç bir məlumatın olmadığı məsələsi də qoyulub. Lakin Ermənistanın beynəlxalq qanunlara əməl etməməsi, BMT-nin Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozması səbəbindən əsirlərin nəinki qarşılıqsız olaraq azad edilməsi, hətta Azərbaycanda həbsdə olan erməni diversantlarla dəyişdirilməsi mümkün olmur.
Ermənistanın yeni hökumətinin uzun müddətdən bəri yürüdülmüş bu yanlış siyasətə son qoyması arzu ediləndir. İrəvan bilməlidir ki, əsirlərin dəyişdirilməsi tərəflər arasında etimad mühiti yarada bilər. Bu müddət ərzində Azərbaycan tərəfi dəfələrlə beynəlxalq platformalarda bu barədə məsələ qaldırıb, Ermənistan tərəfinə müraciətlər etmişik. Əfsuslar olsun ki, Ermənistan hökuməti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymur. Düşünürəm ki, Ermənistanın yeni hökuməti məsələyə daha praqmatik yanaşacaq və girovların dəyişdirilməsinə müsbət cavab verəcək. Çünki bu, ilk növbədə münaqişə tərəfləri arasında etimad mühitinin yaranmasına gətirib çıxara bilər. Ermənistan tərəfi diversantlarla girovların dəyişdirilməsinə müsbət yanaşmasa, təbii ki, məsuliyyət Ermənistanın üzərində qalacaq. Ermənistan tərəfi əsirlərin dəyişdirilməsində maraqlı olmalıdır. Ümid edək ki, bu dəfə Ermənistan tərəfi razılığa gələcək".
“Yeni Müsavat”