"Ermənistanda daxili proseslər başa çatmayanadək Dağlıq Qarabağ böhranından çıxmaq üçün yollar tapmaq çətin məsələdir".
“Report” xəbər verir ki, bunu ATƏT-in Baş katibi Tomas Qremingerlə danışıqlarının yekunlarına dair brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.O deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Məhz bu formatda son illər Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun açılması üçün kifayət qədər gərgin səylər göstərilib.
Rusiyalı nazirin sözlərinə görə, Düşənbədə Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə edilmiş razılaşmanın məğzi təmasların bundan sonra da davam etdiriləcəyindən, xarici işlər nazirləri səviyyəsində görüşlər keçiriləcəyindən, istər Azərbaycanın, istərsə də Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə çalışmağa hazır olmasından ibarətdir.
“Biz belə bir razılaşmanı alqışlayırıq, hərçənd Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin daxili təbədüllatlar bitməyinədək bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına dair ciddi müzakirələr aprmaq çətin mümkün olsun”, – S.Lavrov deyib.
Rusiyanın XİN rəhbəri Ermənistanın dekabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşdığını xatırladıb.