Fəzail Ağamalı: “Sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız 7 rayon azad edildikdən sonra mümkün ola bilər, ancaq...”
Son zamanlar ABŞ diplomatlarının Qarabağla bağlı verdikləri bəyanatlar Vaşinqtonun münaqişənin həlli ilə əlaqədar hansısa planının mövcudluğundan xəbər verən açıqlamalar kimi şərh edilir. Son olaraq ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik prosesinin son mərhələlərində əraziyə neytral ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirilə biləcəyindən danışıb. Bəs ABŞ-ın Qarabağ məsələsi ilə bağlı hansısa planının mövcudluğundan danışmaq mümkündürmü?Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsi əvvəllər ATƏT-in müxtəlif sammitlərində müzakirə predmeti olub, problemin sülh yolu ilə həll olunmasından sonra sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı müəyyən şifahi razılıqlar əldə olunub: “Bu gün bu məsələnin aktuallıq kəsb etməsi, sadəcə olaraq, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad edilməsini intensivləşdirməyə xidmət edir. Uorlikin də söylədiyi kimi, bu məsələ 10 il qabaq müzakirə edilib və ümumi şifahi danışıqlar əsasında centlemen razılıq əldə olunub. Lakin bu, heç bir sənəddə əksini tapmayıb və bu cür fikirlər hüquqi əsasa malik deyil. Ancaq bizim hər birimizi düşündürən işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Mənim fikrim bundan ibarətdir ki, işğal olunmuş ərazilərimizin hamısı azad edilməlidir. Yəni ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı işğalda olan 7 rayonun yeddisi də boşadılmalıdır. Azərbaycanın ərazi bütövlüyünü təsbit edən ədalətli sülhə nail olmalıyıq. Ondan sonra mərhələli həll planına uyğun olaraq Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. Yəni həm erməni, həm azərbaycanlı icmasının birgə yaşayışını təmin edən status müəyyən olunmalıdır. Azərbaycan dövləti yüksək səviyyədə bunun təminatını verir. Bəli, ola bilsin ki, 7 rayon işğaldan azad edildikdən sonra tərəflər arasında etimadı gücləndirmək, etimadı təmin etmək və təhlükəsizliyi təmin eləmək məqsədilə Uorlikin də dediyi kimi, sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkün olsun. Ancaq sülhməramlı qüvvələr harada yerləşdiriləcək? Dağlıq Qarabağla azad olunan 7 rayonun arasındamı? Yoxsa Ermənistanla Azərbaycanın sərhədindəmi? Bütövlükdə bunların hamısı kifayət qədər mübahisəli və qaranlıq məsələlərdir”.
Deputatın sözlərinə görə, keçmiş amerikalı həmsədr tərəfindən açıqlanan fikir bizim üçün o mənada əhəmiyyətlidir ki, Minsk Qrupunun həmsədr ölkələrinin qüvvələri sülhməramlı qüvvələr kimi bölgədə yerləşdirilməyəcək: “Mənə elə gəlir ki, bunda ABŞ-ın daha çox marağı var ki, Rusiya qüvvələri sülhməramlı adı altında bölgədə yerləşməsin. Belə görünür ki, Amerikanın bu cür bir planı var ki, sülhməramlı qüvvələr tamamilə neytral olan ölkələrə məxsus olsun. Lakin şəxsən mən bu fikirdəyəm ki, Ermənistan hələ bu planın reallaşdırılmasına hazır deyil. Paşinyanın açıqlamaları buna zərrə qədər ümid vermir ki, problem sülh yolu ilə həll olunsun. Ona görə də mən daha çox belə düşünürəm ki, işğal altındakı torpaqlarımızın azad edilməsi funksiyasını milli ordumuz həyata keçirəcək. Çünki Ermənistan sülhə hazır deyil. Ermənistan cəmiyyətinin beyninə Azərbaycana qarşı nifrət, işğal olunmuş torpaqların Ermənistan ərazisi olması kimi cəfəng ideologiyanı yeridiblər. İndi hansı dövlət başçısı cəsarət göstərib belə bir cəmiyyətin əleyhinə gedərək öz qoşunlarını Azərbaycan torpaqlarından çıxaracaq, bax, bu çox böyük problemli məsələdir. Onun üçün gərək uzun müddət Ermənistan cəmiyyətinin üzərində iş aparılsın və onları inandırmaq lazımdır ki, Robert Köçəryan, Serj Sərkisyan onları düz istiqamətə yönəltməyib, həqiqət bundan ibarətdir ki, Ermənistanın öz ordusunu işğal olunmuş torpaqlardan çəkməsi ən düzgün yoldur. Ermənistan cəmiyyətinə inandırılmalıdır ki, yalnız bundan sonra Dağlıq Qarabağa yüksək status veriləcək, Ermənistan blokadadan tamamilə çıxaraq Azərbaycanla, Türkiyə ilə əlaqələr quracaq.
Onsuz da Azərbaycan dövlətinin və prezidentinin iradəsi ortalıqdadır, qətiyyəti bəllidir - bir qarış da torpaq Ermənistana verilməyəcək. Əgər ermənilər müharibə nəticəsində qırılmaq, dövlətçiliklərinin məhvini istəmirlərsə, normal ölkə kimi qonşularla münasibət qurub öz inkişaflarını təmin etmək istəyirlərsə, deyilən sülh platforması əsasında münaqişənin həllinə razılaşmalıdırlar. Əks təqdirdə, Azərbaycan işğal altındakı torpaqlarını güc yolu ilə azad edəcək. Bu isə Ermənistana böyük fəlakətlər gətirəcək. Ona görə də bu gün məsələnin sülh yolu ilə həlli daha çox Ermənistan üçün lazımdır. ABŞ diplomatlarının son zamanlar verdiyi açıqlamalardan da görünür ki, Amerika Qarabağ münaqişəsinin həllini istəyir və sülh planına erməni cəmiyyətinin razılaşmasına impuls vermək istəyirlər. Artıq açıq şəkildə bəyan edirlər ki, tutulmuş ərazilər boşaldılmalıdır və sülh razılaşması bu halda mümkündür. Ermənistan cəmiyyətinə mesajlar verilir ki, bu cür razılaşmaya hazır olmalısınız. İndi baxaq görək, Ermənistan dövləti və cəmiyyəti buna hazır olacaqmı? Əgər hazır olacaqlarsa, gələcəkdə sülhməramlı qüvvələrlə bağlı fikir mübadiləsi aparıb əlbəttə ki, Azərbaycanın suverenliyi təhdid altında olmadan sülhməramlı qüvvələri bölgədə yerləşdirmək istisna olunmur. Lakin torpaqlar azad olunmadan bəri başdan bunun ətrafında geniş müzakirələr aparmağa bizim tərəfdən ehtiyac duymuram. Biz ilk növbədə işğal olunmuş torpaqlarımızın azad olunması haqqında düşünməliyik".
“Yeni Müsavat”