Vasitəçi dövlətlərin passivliyi müharibə variantını qaçılmaz edir; Bakı “addım-addım” taktikası ilə də işğalçını sülhə vadar edə bilər; rusiyalı hərbi ekspert: “Azərbaycan ordusu postsovet məkanında və Xəzər regionunda ən yaxşı ordulardandır...”
Dağlıq Qarabağ konfliktinin nizamlanması üçün qiymətli daha bir il başa çatmaq üzrədir. Problemin dinc həllində nə vaxt diplomatik sıçrayışın ediləcəyi isə hələlik bilinmir. Hələ ki işğalçı Ermənistan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Münaqişənin əsas körükçüsü Rusiya öz növbəsində problemin yoluna qoyulmasına həmişəki kimi həvəs göstərmir, status-kvo onu tam qane edir, çünki həm Azərbaycan, həm də Ermənistan belədə onun orbitindən uzağa gedə bilmir.ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikə inansaq, ABŞ-ın indiki rəhbərliyi də Qarabağ hayında deyil. Üstəlik, Vaşinqton-Moskva münasibətləri getdikcə daha gərgin çalar almaqdadır. Hərçənd tanınmış azərbaycanlı politoloq Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında əminliklə bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağla bağlı hansısa planı var. “Əks halda, prezident Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə açıq yazmazdı”, - deyə o qeyd edib.
Politoloq onu da deyib ki, Qarabağ məsələsində son sözü diplomatiyamız yox, məhz ordumuz deyəcək. Əlbəttə, bu, heç də o anlama gəlmir ki, böyük müharibə qaçılmazdır. Böyük müharibəyə yəqin ki, böyük güclər - Rusiya və ABŞ mane olacaq. Ancaq Bakı torpaqları “addım-addım” azad etmək taktikası yürüdüb lokal hərbi əməliyyatlarla, işğalçını get-gedə daha böyük itkilərə məruz qoymaqla da onu sülhə vadar edə bilər. Başqa sözlə, söhbət əzici hərbi güclə təhdiddən gedir. Aydın məsələdir ki, hərbi qüdrətimizə əmin olan düşmən danışıqlar masası arxasında daha üzüyola davranış göstərəcək.
*****
Şübhəsiz, Azərbaycan həm də əlverişli fürsəti gözləyir ki, torpaqları maksimum qısa zamanda antiterror əməliyyatı ilə azad eləsin. Bundan ötrü ölkəmizin silahlı qüvvələrinin döyüş hazırlığı və təchizatı mühüm önəm kəsb edir. Bakı bu istiqamətə məxsusi diqqət ayırır. Hər il büdcənin böyük bir hissəsi ən müasir silah-sursatın alınması və yerli hərbi sənayenin inkişafına yönəldilir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa Birliyinin üzvü olan Çex Respublikasına təzəcə başa çatan səfəri də eyni məqsədə xidmət edir. Bununla Azərbaycan bir daha təcavüzkar tərəfə mesaj verir ki, o, sonsuzadək öz ərazilərinin işğal altında qalmasına dözmək, nəticəsi olmayan danışıqları davam etdirmək niyyətində deyil.
Bu xüsusda rusiyalı hərbi ekspert, Dünya Silah Ticarəti üzrə təhlil mərkəzinin rəhbəri İqor Korotçenkonun fikirləri diqqətçəkicidir. “Yeni Müsavat”ın məlumatına görə, ekspert deyib ki, bu gün Azərbaycan ordusu postsovet məkanında və Xəzər regionunda ən yaxşı ordulardan biridir.
“Azərbaycan çox böyük potensialı olan ölkədir. Eyni zamanda, özünü bu gün müstəqil apara bilən azsaylı dövlətlərdəndir. Hətta Səudiyyə Ərəbistanı da Azərbaycan kimi özünə belə müstəqil siyasəti rəva görə bilməz... İstənilən ordunun potensialını iki amil müəyyən edir - yüksək döyüş ruhu və müasir silahlar. Onların hər ikisi Azərbaycanın silahlı qüvvələrində var”, - deyə rusiyalı analitik əlavə edib.
Bundan başqa, bəllidir ki, ordumuz dünyanın 50 ən güclü orduları sırasında yer alıb. Söz yox ki, ordunun gücünü həm də ölkənin iqtisadi göstəriciləri və əhali (kişi) sayı da müəyyən edir. Azərbaycan bu iki göstərici üzrə də işğalçı ölkəni dəfələrlə üstələyir. Bütün bu faktorları, əzici üstünlüyü isə düşmən ordusu 2016-cı ilin aprelində öz üzərində hiss edib, əyani görüb. O vaxt Rusiya mane olmasaydı, əksər hərbi ekspertlər əmin idilər ki, Azərbaycan ordusu qısa müddətdə daha da irəli gedib qat-qat böyük ərazini azad edə bilərdi.
*****
Dağlıq Qarabağ probleminin həllində ən böyük əngəl də məhz Rusiya amili olaraq qalır. Çünki işğalçı Ermənistan məhz Moskvaya güvənərək, cəzasızlığına əmin olaraq, maksimalist mövqe tutur, sülh danışıqlarını torpedalayır. Lakin artıq Moskvada da, İrəvanda da anlamağa başlayıblar ki, “nə hərb, nə sülh” vəziyyəti uzun sürə bilməz. Hər şeyin bir sonu gəldiyi kimi, atəşkəsində sonu gələcək. Bu sonluq isə iki cür ola bilər - böyük sülh sazişi, ya da böyük müharibə. Seçimi Ermənistan edəcək. Çünki Azərbaycanın güzəştə gedəsi heç nəyi yoxdur.
Bəzi şərhçilərə görə, Ermənistanda dekabr seçkilərindən sonra Qarabağ danışıqlarında canlanma yarana bilər. Onların fikrincə, hər necə olmasa, Ermənistanda artıq Qarabağ klanı hakimiyyətdə deyil və bu, iqtidardakı yeni qüvvələrə Bakı ilə hansısa anlaşmaya getmək şansı yaradır. Bu xüsusda Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri (hazırda baş nazir əvəzi) Nikol Paşinyan arasında əldə edilən ilkin anlaşma da təsadüfi hesab edilmir.
*****
“Dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”. Bu barədə erməni politoloq Armen Sarkisyan deyib (publika.az). O, Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın “danışıqlarda Dağlıq Qarabağın iştirakı” iddiasından əl çəkməsi qarşılığında bu razılaşmaya gedib.
“Paşinyan Düşənbədən qayıdandan sonra təcili şəkildə parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında tələsik qərar Qarabağ problemi üzərində hansısa planla bağlıdır. Bu, Azərbaycanın istəyinə uyğun kimi görünür. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirdi ki, ”Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra yeni hökumətin işğal altındakı ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması ehtiyacını anlayacağına ümid edirik. Digər tərəfdən, son zamanlar Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müəyyən intriqa nəzərə çarpır. Birincisi, ABŞ prezidenti Donald Tramp müstəqillik günü ilə bağlı Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktubunda qeyd etdi ki, “qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni imkanlar yaranacaq”.
İkincisi, bu günlərdə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Corc Kent Bakıda bəyan etdi ki, “Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, həmçinin Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşü son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlərin olduğuna işarədir”. Kent əlavə etdi ki, ABŞ münaqişənin Madrid prinsipləri üzrə nizama salınmasında öz öhdəliklərinə sadiqdir. Göründüyü kimi, bu bəyanatlar ABŞ-ın regionda aktivləşməsinin sübutudur. Buna paralel olaraq, Rusiya KİV-i postsovet məkanında münaqişələrin nizama salınması mövzusunu aktuallaşdırdı. Hətta Rusiya müdafiə naziri Sergey Şoyqunun münaqişələrin nizama salınması ilə maraqlandığı haqqında xəbərlər çıxdı. Məhz Şoyqu Azərbaycan və Ermənistanı barışdırmaq niyyətindədir".
Erməni politoloq hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Dağlıq Qarabağ münaqişəsi üzrə siyasəti yaxın gələcəkdə özünü açıq şəkildə ifadə edəcək. “ABŞ hələ ki ”Ərazilərin müəyyən hissəsinin azad edilməsi olmadan münaqişənin həll edilməsi mümkün deyil" tezisi üzərindən çıxış edir. Mümkündür ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra planlar ortaya çıxacaq", - deyə o, əlavə edib.
*****
Bunlar əlbəttə ki, ehtimallardır. Çox şey yəqin ki, Moskvanın Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə təkan verəcəyindən asılı olacaq. İkinci yandan, ABŞ-ın Qarabağla planları ilə Rusiyanın planlarının üst-üstə düşüb-düşməyəcəyi, onların məsələdə əməkdaşlıq edib-etməyəcəyi də az əhəmiyyət kəsb eləmir. Çünki hər iki fövqəldövlət sözsüz ki, konfliktin həllinə ilk növbədə regionda möhkəmlənmək vasitəsi kimi baxır...