Rusiya XİN qondarma rejimi “üçüncü tərəf” kimi tanıyır?

Rusiya XİN qondarma rejimi “üçüncü tərəf” kimi tanıyır? backend

Elxan Şahinoğlu: “Rusiyada separatizmə dəstək yüksək səviyyədə təşkil olunub”

Əhəd Məmmədli: “Moskva Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi qəbul edir”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Rusiyanın Dövlət Duması deputatlarının və rusiyalı digər xadimlərin Dağlıq Qarabağa bu yaxınlardakı qanunsuz səfərinin qiymətləndirilməsi zamanı Rusiya XİN-in "münaqişənin bütün tərəfləri" ifadəsini işlətməsinə təəccüblənib.

Nazirliyimiz bununla “Turan” Agentliyinə şərh göndərib. Həmin şərhdə deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN-i çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır. ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

"Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır", - şərhdə qeyd olunur.

Xatırladaq ki, ötən həftə bir qrup rusiyalı qadın Ermənistanın baş naziri Anna Akopyanın dəvətilə Dağlıq Qarabağa səfər edib. Səfər sülhməramlı səfər kimi elan edilib, ancaq rəsmi Bakının etirazına səbəb olub. Bununla belə, təşkilatçılar Bakının razılığı olmadan işğal olunmuş ərazilərə səfər etməməklə bağlı Azərbaycanın tələbinə məhəl qoymayıblar. Odur ki, səfər iştirakçıları "qara siyahı"ya daxil ediliblər və onların Azərbaycana girişi qadağan edilib.
Bundan əlavə, işğal altındakı ərazilərimizə edilən daha bir qanunsuz səfər ölkəmizdə etiraz doğurub.

Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib. Bu barədə azvision.az-a XİN-in mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir.

Ekspertlər bu iki səfərin Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vuracağını bildirirlər. Ermənipərəst Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya XİN-in Dağlıq Qarabağla bağlı “üçüncü tərəf” ifadəsinin Kremlin ölkəmizlə bağlı münasibətini bir daha sübut etdiyi qeyd olunur. Bu ifadənin Azərbaycan adına kifayət qədər təhlükəli olduğu vurğulanır. Əslində şimal qonşumuz bununla şüurlara “Dağlıq Qarabağ Respublikası”nı danışıqlarda üçüncü tərəf kimi yeritmək istəyir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Rusiya XİN-i vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərinə səfərlərini normal sayır: “Rusiya XİN-indən yayılan belə bir açıqlama diqqəti cəlb edir: “Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”. Məsələ burasındadır ki, bu səfərə Azərbaycan tərəfi razılıq verməyib. Rusiyanın qadın ictimai xadimləri və deputatı Ermənistan üzərindən Dağlıq Qarabağa gəliblər. Həmin Rusiya vətəndaşları bilməli idilər ki, bu halda Azərbaycan XİN-i onları persona non-qrata elan edəcək. Nazirliyimiz Rusiya XİN-in məsələyə münasibətinə tənqidi reaksiya verib. Dağlıq Qarabağa gedənlər arasında Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurova da olub. Bu o deməkdir ki, Rusiyada separatizmə dəstək yüksək səviyyədə təşkil olunub. Svetlana Jurova bilsəydi ki, Duma rəhbərliyi və bütövlükdə hakimiyyət dairələri onun separatçı bölgəyə səfərinə mənfi yanaşacaq, Dağlıq Qarabağa getməzdi. Rusiya XİN-nin “məsələyə reaksiyasi” onu göstərir ki, elə bu qurum da Svetlana Jurovaya işğalçı bölgəyə səfər üçün “yaşıl işıq” yandırıb. Azərbaycan bu ölkənin hərbi blokunamı üzv olmalı idi? Bu vəziyyətdə Azərbaycan XİN-i fəaliyyətini gücləndirməlidir. Bəyanat verməklə kifayətlənmək olmaz. Müxtəlif dövlətlərlə iş aparılmalıdır və bir daha onlara xatırladılmalıdır ki, Dağlıq Qarabağla əlaqə saxlasınlar, vətəndaşlarını işğal altındakı bölgələrə səfərlərdən çəkindirsinlər. Məsələn, Ermənistanın baş nazirinin xanımı Anna Akopyan bir neçə müddət əvvəl Moskvada olmuşdu və bu ölkənin qadın ictimai xadimləri ilə görüşmüşdü. Demək həmin ictimai xadimləri Qarabağa qanunsuz səfərdən çəkindimək üçün müəyyən mesajlar göndərilə bilərdi. Və ya separatçılar işğal altındakı ərazilərdə məskunlaşma siyasətlərini gücləndirirlər, yol çəkirlər, buna da ancaq quru bəyanatlarla son qoymaq mümkün deyil. Separatçıların planlarını ənəglləmək üçün başqa mexanizmlər düşünülməli və hərəkətə gətirilməlidir”.

Politoloq Əhəd Məmmədli bunları dedi: “Ümumiyyətlə, Azərbaycan məsələ Rusiya olanda nədənsə istənilən təpkini göstərmir. Anlayırıq ki, Rusiya ilə dostluq siyasəti aparılır, amma bu o demək deyil ki, Rusiyanın anti-Azərbaycan addımlarına sakit durmalıyıq. Rus parlamentinin komitə sədrinin müavinin Dağlıq Qarabağa səfəri və sonra da bu ölkənin XİN-nin “münaqişənin bütün tərəfləri” ifadəsini işlətməsi o deməkdir ki, Moskva Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi qəbul edir. Rusiya XİN-i Lavrov və Zaxarova timsalında açıq şəkildə anti-Azərbaycan mövqeyi tutublar.

Rusiyada çox güclü erməni lobbisi var. Üstəlik din amilini də unutmamalıyıq. Xristian Rusiya tarix boyu din qardaşları ermənilərin yanında olub, indi də yanındadır. Burada təəccüblü heçnə yoxdur. Rusiyanın əsas siması həmişə özünü göstərib. Gəlin açıq danışaq, Xocalıya kim ordu yetirmişdi, 20 yanvar qətliamını kim törətmişdi, Ermənistanın arxasında kim durur? Azərbaycanın bütün problemlərinin başında Rusiya durur. MDB-yə üzv də olduq, 25 ildir Rusiyanı qiciqlandırmamaq siyasətini irəli sürürük, nəsə xeyrimizə dəyişib? Xeyir dəyişmədi, əksinə Moskva daha çox üstümüzə gəlməyə başladı. Rəsmi Bakı ən azı rəsmi səviyyədə Moskvaya narazılıq bildirməlidir. Biz nə qədər Rusiyanın qarşısından qaçsaq, o qədər bizim üstümüzə gələcəklər. Hələ İdlib məsələsində Rusiyanın qarşısından qaçmaq olmaz söyləmişdim. İdlib məsələsində Türkiyə dirənəndən sonra Rusiya geri çəkildi. Qarabağ məsələsində də Azərbaycan Rusiyaya qarşı dirənməlidir. Deyə bilərsiz ki, Azərbaycan Türkiyə deyil, Rusiyaya qarşı dirənə bilməz, onda Türkiyəni yanımıza alıb dirənək. Zatən başqa yolumuz da yoxdur. Bu məsələlər bir daha onu göstərdi ki Rusiya yenə Ermənistanın yanındadır. Belə olan halda Azərbaycan da Türkiyəni yanına almalıdır. Bunun da bir yolu var, Azərbaycanda Türkiyə hərbi bazaları qurulmalıdır. Rusiya-Ermənistan ittifaqına qarşı ancaq Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi ilə cavab verə bilərik və yaxın zamanlarda ən azı Qarabağ probleminin çözülməsinin xeyrimizə olmasını istəyiriksə, Azərbaycan Rusiya qarşısında daha konkret və sərt mövqe göstərməlidir”.

“Yeni Müsavat”
Diaspora