Qarabağ danışıqlarında real dönüşün tək şərti

Qarabağ danışıqlarında real dönüşün tək şərti backend

Ermənistanın yeni hakimiyyətinin “sülh” formulu; politoloq: “Paşinyan seçkilərdə qalib gəlsə, nizamlama yönündə müəyyən addımlar atıla bilər...”

Ötən həftənin Qarabağ probleminə bu və ya başqa şəkildə təsirsiz ötüşməyəcək hadisələrindən biri də Ermənistanda dekabr ayına erkən parlament seçkilərin təyin edilməsi oldu. Doğrudur, münaqişə dövründə düşmən ölkədə seçkilər çox olub. Ancaq situasiyanın özəlliyi odur ki, bu dəfə söhbət Ermənistanda inqilab nəticəsində yaşanan hakimiyyət dəyişikliyi və Qarabağ klanının siyasi səhnədən birdəfəlik uzaqlaşdırılması ehtimalından gedir.

Analitiklərə görə, məhz dekabr seçkilərindən sonra işğalçı ölkədə Qarabağ məsələsinə məsul olan tam yeni bir qüvvə ortaya çıxa bilər. Hərçənd belə versiya da var ki, Qarabağ klanı xoşluqla siyasi səhnədən kənarlaşmayacaq və revanş üçün son anda hər şeyə, o cümlədən terror aktlarına gedə bilər. Ermənistanın ən yaxın tarixində hakimiyyət uğrunda mübarizədə belə kriminal olaylar az baş verməyib. Özü də onların hamısının “izi” Köçəryan-Sərkisyan rejiminə aparıb çıxarır.

Bu da var ki, indiki baş nazir Nikol Paşinyan və komandası hakimiyyətdə möhkəmlənsə belə, Qarabağ probleminin nizamlanmasında avtomatik hansısa irəliləyiş olacağına ümidlənmək yanlış olar. Ən azı ona görə ki, Paşinyanın özü də hazırda Qarabağ məsələsində sələflərindən az radikallıq göstərmir.

Erməni baş nazirin son açıqlamaları buna sübutdur. Ötən həftəsonu o, bir daha bəyan etdi ki, guya Azərbaycana Dağlıq Qarabağda əhali yox, torpaq lazımdır. Guya Azərbaycan bölgədəki erməni əhalisini qırıb-çatmağa hazırlaşır. Halbuki rəsmi Bakı dəfələrlə, həm də ən yüksək tribunalardan bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və konstitusiyamızı qəbul edəcəkləri təqdirdə onların həm təhlükəsizliyinə, həm də normal yaşamlarına tam zəmanət veriləcək. Təbii ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş ermənilər istisnadır. Onları həbsxana gözləyir.

*****

Lakin vurğulandığı kimi, hələlik Ermənistandakı yeni hakimiyyət də Dağlıq Qarabağ ixtilafının həlli yönündə hansısa pozitiv siqnallar vermir. Bu da nikbinliyi azaldan faktordur. Əslində Qarabağ məsələsində real irəliləyiş Ermənistanda kimin hakimiyyətdə olmasından daha çox, böyük vasitəçi güclərin - Rusiya və ABŞ-ın İrəvana nə dərəcədə təzyiq edib onu konstruktiv mövqeyə kökləməsindən asılıdır.

Yeri gəlmişkən, bu həftə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfəri gözlənilir. Bakı və İrəvanda onun Qarabağ mövzusunu da müzakirə aparacağı planlaşdırılır. Onun səfəri ilə bağlı ekspertlərin maraqlı gözləntiləri var.

“Bolton ABŞ prezidenti Donald Trampın ən yaxın silahdaşlarından biridir. Onun səfəri heç də gündəlik, protokol səfər hesab olunmamalıdır”. Bu sözləri axar.az-a Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-də edəcəyi səfəri şərh edən politoloq Arzu Nağıyev deyib.

“Bu, ilk növbədə ABŞ-ın öz maraqlarından doğan səfərdir. Onun Rusiyaya səfəri olduqca əhəmiyyətlidir. Son vaxtlar Tramp və Putinin yenidən görüşəcəyi ilə bağlı KİV-lərdə xəbərlər yayılır. Yayılan xəbərlərdə Putin və Trampın görüşünün hazırlandığı qeyd edilir. Tramp və Putinin gələcək görüşünü hazırlayan əsas şəxslərdən biri də məhz Boltondur. Onun Gürcüstana səfəri isə təftiş xarakterlidir. Abxaziya, Cənubi Osetiya məsələsi görüşdə əsas müzakirə mövzusu ola bilər. Gürcüstanın NATO üzvü olması istiqamətində də müəyyən danışıqlar aparılacağını istisna etmirəm”, - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Con Boltonun Azərbaycana və Ermənistana səfəri Qarabağ münaqişəsi baxımından əhəmiyyətlidir: “Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu məsələdə birbaşa Trampa məruzə üçün Boltonun özü seçilə bilər. Buna görə də Azərbaycan üçün əsas istiqamətdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlar və Bakının fikirlərinin birbaşa ABŞ Prezidenti Donald Trampa düzgün çatdırılmasıdır”.

Ekspertə görə, Qarabağ münaqişəsinin həlli vaxtla gözlənilən məsələ deyil: “Bütün beynəlxalq faktorlar və münaqişə tərəfləri müəyyən kompromisə getməklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu məsələni həll edə bilər. 2019-cu ildə müəyyən qədər diplomatik sahədə və digər istiqamətdə Azərbaycanın müsbət uğurları olması gözlənilir. Hətta deyərdim ki, Ermənistanda seçkilər bitdikdən sonra əgər Paşinyan qalib gəlsə, onda bu istiqamətdə müəyyən addımların atılacağı ehtimal olunur”.

*****

Nikol Paşinyan isə Qarabağ məsələsində gah nala vurur, gah da mıxa. Bu da növbəti fakt. “Yeni Müsavat”ın məlumatına görə, Frankofoniya sammiti çərçivəsində Kanada baş naziri Castin Trüdo ilə görüşdən sonra o deyib: “Mən Kanada baş nazirini bizim Əliyevlə anlaşmamız haqda məlumatlandırdım. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Ancaq vacibdir ki, bizim tərəfdaşlarımız da bu proseslər haqda məlumatlı olsunlar. Biz konfliktin həllini yalnız dinc nizamlama yolunda görürük”.

Lakin əfsuslar olsun ki, dinc nizamlama rəsmi İrəvanın anlamında Dağlıq Qarabağın ya Ermənistana birləşdiriklməsi, ya da ikinci, saxta erməni dövləti kimi Azərbaycan tərəfindən tanınması şərtindən o yana keçmir. Bu isə istənilən dinc danışığı, sülh anlaşmasını istisna edir və böyük müharibəni labüd olaraq yaxınlaşdırır. Tezliklə Nikol Paşinyan da bunu başa düşəcək...
Diaspora