“Hərb, yoxsa sülh” seçimini işğalçı tərəf edəcək; politoloq: “İrəvan yanlış olaraq hesab edir ki, ərazi məsələsi artıq ”həll” olunub və onu müzakirə eləməyə dəyməz...”
Qarabağ problemi kimi postsovet məkanında Rusiyanın yaratdığı digər etnik-ərazi konfliktləri - Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım və Donbas problemləri də hələ ki həll olunmamış qalır. Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü indiyədək əsas o səbəbə təmin olunmayıb ki, bu ölkələrdəki separatçılığın arxasında Rusiya dayanır. Bunun da səbəbi var: Kreml hələ də SSRİ-nin dağılması ilə barışa bilməyib və “Yaxın xaric” saydığı ölkələri özünün həyati maraqlar zonası, “arxa bağçası” saymaqda davam edir.Vəziyyəti qəlizləşdirən həm də odur ki, Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi bu konfliktlərlə bağlı işğalçı tərəflərə (Ermənistan, Rusiya) qarşı hər hansı sanksiya xarakterli qərarların qəbulunu özünün veto hüququndan istifadə edərək bloklayır. Aydın məsələdir ki, Moskva özünə və satelliti Ermənistana qarşı sanksiyalara səs verməz. Dünya birliyi, xüsusən də Qərb - ABŞ və Avropa Birliyi isə əfsuslar olsun ki, hazırkı reallığı hələlik dəyişmək gücündə deyil. Çünki hərbi baxımdan Rusiyanın postsovet məkanına təsir imkanı, bölgələri qarışdırmaq potensialı güclü olaraq qalır.
Bununla belə, birgə səylər davam edir. Məsələn, ötən həftəsonu Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna baş nazirlərinin iştirakı ilə GUAM-ın Kişinyovda keçirilən sammitində sadalanan konfliktlərin həlli məsələsini BMT-də irəli aparmaq haqda qərar qəbul olunub. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Moldovanın baş naziri Pavel Filip bildirib ki, “GUAM ölkələri bu məsələdə səyləri birləşdirmək qərarına gəliblər, çünki dondurulmuş konfliktlər hamı üçün ümumi problemdir”.
*****
Dörd postsovet ölkəsinin bu məsələdə vahid mövqedən çıxış eləməsi şübhə yox ki, çox pozitiv haldır. Daha önəmlisi odur ki, beynəlxalq təşkilatlar, Qərbin mötəbər qurumları - Avropa Birliyi, NATO da bu ölkələrin ərazi bütövlüyünü müdafiə eləməkdə davam edir. Belə yanaşma hər il həmin qurumların qəbul elədiyi sənədlərdə də öz əksini tapır. Bu isə o anlama gəlir ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna sülh variantı nəticə verməsə, nə vaxtsa güc yolu ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilər.
Azərbaycan da o günə hazırlaşır və öz hərbi potensialını, ordusunun döyüş qabiliyyətini daima artırır. Artıq ölkəmiz işğalçı Ermənistan üzərindı öz hərbi üstünlüyünü təmin edib. Bunu tanınmış əcnəbi hərbi ekspertlər də vaxtaşırı təsdiqləyir. Onlar Azərbaycanın havadakı hərbi üstünlüyünü xüsusilə qeyd edirlər.
*****
“Ermənistanla müharibə vəziyyətində ”Polonez" (Belarus istehsallı - red.) və “Lora” (İsrail-red.) raketləri Azərbaycanın hərbi aviasiyasında əsas yerləri tuta bilər". Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. Onun sözlərinə görə, Qarabağda müharibənin bərpa ediləcəyi halda bu raketlər Azərbaycan tərəfinin istifadə edəcəyi əsas sistemlərə çevrilə bilər.
“Bunlar pilotları təhlükə qarşısında qoymur. Yəni İsrail istehsalı olan raketlərin yüksək dəqiqliyi və çeşidi ilə strateji obyektlərə hücum etmək mümkündür. Bunlar artıq Azərbaycanın hərbi aviasiyasında var və çox mühüm hava hücumundan müdafiə sistemləridir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, “Spayk LR” (SPIKE-LR) rus krizantem sistemlərindən daha yaxşıdır: “Çünki bunlar yeni nəsil antitank sistemləridir. Onların istifadə qaydası ”vurub unutmaq" adlanır. Məhsuldarlığı çox böyükdür. Raketlər özlərini idarə edə bilirlər. Prinsipcə, bu raket başlıqları İsrail sistemləri vasitəsilə istifadə olunacaq. “Spayk” bu sistemlərin ən yeni növü sayılmalıdır". Felgenhauer Azərbaycanın öz ordusunu bu sistemlərlə də gücləndirdiyini və müharibə vəziyyətində bunlarla itkilərin qarşısını ala biləcəyini bildirib.
*****
Sözsüz ki, işğalçı Ermənistan da Azərbaycanın artan hərbi gücü və hərbi potensialından xəbərdardır. Düşmən həmçinin cəbhə xəttində son illər özünün artan canlı hərbi itkilərin fərqindədir. Odur ki, atəşkəs rejimini maksimum uzatmağa çalışır.
Yeri gəlmişkən, keçən həftəsonu Ermənistanın müdafiə naziri David Tonoyan baş qərargah rəisi, general Artak Davtyanla birlikdə həm işğal altındakı Dağlıq Qarabağda, həm də Naxçıvan istiqamətində yerləşən hərbi hissələrdən birində olublar. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Ovannisyanın bildirdiyinə görə, “onlar müxtəlif sektorlarda atəşkəsin saxlanılmasını izləyiblər”, eyni zamanda, erməni hərbi qüvvələrinə atəşkəsə əməl etməyi tapşırıblar.
Bəzi analitiklərə görə, belə bir göstəriş həm də Düşənbədə prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında əldə olunan ilkin anlaşma ilə bağlı ola bilər. Nədən ki, hazırda Paşinyan daxildə də ciddi problemlərlə üz-üzədir, hakimiyyəti zəifdir.
Bəs bu durum nə qədər davam edə bilər və Azərbaycan işğalçı ölkədəki hadisələrə adekvat hansı addımlar ata bilər. Qarabağla bağlı gözləntilər nədir?
*****
“Düşənbə görüşü sülh prosesinin başlanması üçün addım ola bilər. Ancaq buna bir şey ciddi mane olur: Ermənistan bu gün sülhə hazır deyil. İrəvan yanlış olaraq hesab edir ki, ərazi məsələsi artıq ”həll" olunub və onu müzakirə eləməyə dəyməz. Görünür Ermənistanda siyasi şüur hələ yetişməyib və onlar bir az da aclıq şəraitində yaşamalıdırlar ki, daha yarım milyon adam ölkəni tərk eləsin. Ola bilsin, o halda ermənilər ayılsın".
“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Rasim Ağayev rusdilli minval.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bununla belə, Bakı erməniləri bundan sonra da torpaqları azad eləməkdən savayı yolun olmadığına inandırmaq üçün hansısa taktika hazırlamalıdır.
“Bütövlükdə erməni liderlər, öncəliklə də Paşinyanın özü Ermənistanın gələcəyini pis təsəvvür edirlər. Onların yeni gündəmi yoxdur. Bəla da burasındadır - bu, millət olaraq, Ermənistan üçün faciədir. Onlar eyni yerə ayaq döyməkdə davam edirlər. Heç kim onlara heç nə ilə kömək edə bilməyəcək. Bəli, ermənilər istedadlı xalqdır, ancaq ”Böyük Ermənistan" yad torpaqları işğal eləməyi diktə edir. Bu da qonşularla əbədi düşmənçilik deməkdir. Odur ki, Ermənistan özü-özünü belə yazıq aqibətə tuş edib" - politoloq deyib.
O hesab edir ki, Dağlıq Qarabağ ixtilafını yoluna qoyan ölkə nəinki regionda özünün uzunmüddətli mövcudluğunu təmin edəcək, eyni zamanda beynəlxalq səviyyədə ciddi nüfuz sahibi olacaq: “Bu konfliktlər bizim zəmanənin bədbəxtliyidir”.
P.Ağayevə görə, Ermənistanda situasiya nə qədər pis olsa, Azərbaycan üçün yaxşıdır: “Ermənistanda siyasi xaos davam edəcək. Başqa yandan, xaos yeni bir Paşinyanı ortaya çıxara bilər. Əgər Ermənistan ağıllansa və onu dalana salan yoldan imtina eləsə, bu, həm ona, həm də Azərbaycana pozitiv perspektivlər vəd edir. Ona görə ki, bu, Dağlıq Qarabağ konfliktinin həlli üçün yol açacaq. Bu, baş verməzsə, o zaman silahlanmağa davam eləməliyik”.
Zatən, Azərbaycan hərb yolunu da göz önünə alaraq gərəkəni edir. Çünki sülh istəyirsənsə, gərək müharibəyə də hazır olasan...