Azərbaycanın güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyası oz nəticəsini verdi.
Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünü şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, Düşənbədə MDB sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Dağlıq Qarbağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən apreldən bəri davam etdirilən sərt ritorikaya son qoyulmuş oldu:“Bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsidir. Beləliklə, Paşinyan tərəfindən danışıqların qondarma qurumla aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyuldu. Başqa sözlə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı. Nəticə isə odur ki, Ermənistan tərəfindən Azərbaycanın torpqlarının 20 faizi işğal edilib, azərbaycanlılara qarşı soyqırım törədilib və bunun məsuliyyəti Ermənistanın üzərindədir. Bütün bunlara baxmayaraq, hazırkı mərhələdə Azərbaycanın problemi sülh yolu ilə həll etməyə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır”.
Deputatın fikrincə, işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır:
“Buna paralel olaraq regionun iqtisadi, sosial və mədəni bütövlüyü də pozulub, regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Hesab edirəm ki, Ermənistanın yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımlar atması bütün tərəflərin xeyrinə olardı”.