İrəvanın növbəti Qarabağ blefi - düşmən vaxt udmağa çalışır

İrəvanın növbəti Qarabağ blefi - düşmən vaxt udmağa çalışır backend

Erməni baş nazir BMT tribunasından da yalanlar püskürdü; işğalçı ölkə rəhbərindən növbəti sərsəm iddialar; rusiyalı tanınmış yazıçı-publisist: “Moskva İrəvanda baş verənlərə tarazlıq kimi Bakı ilə xüsusi münasibətlər qurmaq əzmindədir...”

Nyu-Yorkda BMT Baş Məclisinin 73-cü sessiyası öz işini davam etdirir. Sessiya çərçivəsində Dağlıq Qarabağ mövzusu ətrafında da bu və ya başqa formatlarda müzakirələr aparılır. O sırada artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə və ayrı-ayrılıqda bir araya gəliblər.

Lakin siyasi şərhçilərin bu görüşlərdən gözləntiləri böyük deyil. Əsas səbəb də işğalçı Ermənistanın hazırkı rəhbərliyinin, xüsusən də baş nazir Nikol Paşinyanın məsələdə dinc həlli istisna edən diametral zidd mövqeyidir. Hərçənd erməni rəhbərliyi özünü elə aparır ki, sanki münaqişənin həllinə əsas əngəl Azərbaycan və onun “davakar ritorikasıdır”. Bu da növbəti fakt.

*****

“Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır”. Bunu Ermənistanın baş naziri Paşinyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışı zamanı deyib. Paşinyan çıxışı zamanı Qarabağ münaqişəsinin guya İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, ölkəsinin problemin həlli istiqamətində “konstruktiv” danışıqları davam etdirəcəyini söyləyib. “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək”, - deyə o, iddia edib.

Lakin erməni tərəfinin, konkret olaraq, Nikol Paşinyanın Qarabağ məsələsində “konstruktivliyi”nin nədən ibarət olduğunu artıq bilməyən yoxdur. Onun işğal altındakı Dağlıq Qarabağa gedərək, orada verdiyi sərsəm bəyanatlar, hətta Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayonun da ermənilərə məxsus olmasını bildirməsi bu adamın xəstə təfəkkürlü olması ilə bərabər, sülh anlayışından xeyli uzaq olduğunu göstərir. Odur ki, Paşinyanın BMT tribunasından da ənənəvi erməni məkrindən qaynaqlanan yalanı və beynəlxalq ictimaiyyəti aldatmağa çalışması əslində təəccüblü deyil.

“Azərbaycan bəyan edir ki, Qarabağ onun tərkib hissəsi olmalıdır. Bununla bərabər, bəyan edir ki, Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Problem odur ki, Azərbaycan onlarla danışmağa cəhd etmədən Qarabağa necə iddia edə bilər? Bu mümkündürmü? Bu, yalnız Azərbaycan hakimiyyətini xalq yox, yalnız Qarabağın ərazisi maraqlandırdığı halda mümkündür. Beləliklə, aydın olur ki, Azərbaycan hakimiyyətinin niyyəti Qarabağın Naxçıvanda olduğu kimi, ermənilərdən təmizlənməsindən ibarətdir. Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olması onun tam məhvi anlamına gəlməsini deməyə əsas verir”, - deyə erməni baş nazir gerçəyi baş-ayaq təqdim eləməklə dünya birliyini bir daha çaşdırmağa səy edib.

Onun ali tribunadan ardınca Azərbaycanın əzəli və qanuni torpağı olan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini söyləməsi də erməni həyasızlığının növbəti təsdiqi olmaqla yanaşı, yuxarıdakı qənaətimizin başqa bir təsdiqi sayılmalıdır.

*****

Rəsmi İrəvanın Qarabağ məsələsində radikal mövqeyi və müharibəyə aparan ritorikası fonunda Rusiya prezidenti Vladimir Putinin Bakıya gözlənilən səfəri analitiklərin marağına səbəb olub. Məsələn, rusiyalı tanınmış ictimai-siyasi xadim və yazıçı-publisist Aleksandr Proxanovun bu xüsusda Rusiya prezidentinin Bakı səfərindən gözləntisi var.

“Rusiya ilə Ermənistan arasında gərginlik mövcuddur. Bu respublikada kəskin dəyişikliklər və qərbyönlü ciddi oyunçunun meydana çıxmasından dolayı Kremlin gizli təlaşı yaranıb. Bu səbəbdən Rusiyanın Azərbaycana marağı daha da artıb”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə A.Proxanov “Vestnik Kavkaza” nəşrinə açıqlamasında Putinin Bakı səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Moskva İrəvanda baş verənlərə tarazlıq kimi Bakı ilə xüsusi münasibətlər qurmaq əzmindədir. “Düşünürəm ki, bu mövzu da İlham Əliyevlə Vladimir Putin arasında danışıqlarda diqqətdə olacaq”, - deyə Proxanov qeyd edib.

Öz növbəsində tanınmış politoloq, Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov V.Putinin səfərinin Bakıda iki ölkə arasında iqtisadi forumun keçirildiyi günlərə təsadüf etməsinə diqqət çəkərək, bunu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə və inkişafda olmasının daha bir təzahürü hesab edir.

“Üstəlik, bizim artıq baş tutmuş regional əməkdaşlıq formatlarımız var. Başqa yandan, bu, haradasa Ermənistan üçün örnəkdir. Axı bu gün İrəvan-Moskva münasibətləri alınmır. Fikrimcə, Vladimir Putinin budəfəki Bakı səfəri onun göstəricisidir ki, Ermənistanın indiki hakimiyyəti özünün siyasəti ilə ölkəsini çox təhlükəli zonaya daxil edib - harada ki, Rusiya özünün regionda əsas müttəfiqi qismində Azərbaycanı görməyə hazırdır” - politoloq adıçəkilən nəşrə açıqlamasında vurğulayıb.

Onun qənaətincə, Azərbaycan və Rusiya liderləri arasında intensivləşən görüşlər ona işarədir ki, iki dövlət arasında əlaqələr pozitiv tempdə inkişaf etməkdədir. “Bundan əlavə, intensivlik prezidentlər arasında çox yaxşı dost münasibətlərin təzahürüdür. Danışıqların intensivliyi həmçinin Rusiya və Azərbaycan sərhədləri yaxınlığındakı regionda qeyri-sabitliklə bağlıdır. O sırada Ermənistanda da qarışıqlıq yetişməkdədir. Orada nəticələri indidən çox aydın olan sürətli dəyişikliklər gedir. Eyni proses böyük Yaxın Şərq bölgəsində cərəyan edir”, - deyə Sergey Markov əlavə edib.

Ermənistandakı situasiyanın Dağlıq Qarabağ məsələsinə mümkün təsirləri barədə digər maraqlı rəylər də var. Ortaq yanaşma belədir ki, işğalçı ölkədəki situasiyanın inkişafı labüd olaraq, Moskva-İrəvan münasibətləri ilə bağlı Kremli konkret seçimə vadar edəcək və bu seçim özünü Qarabağ məsələsində də göstərəcək...
Diaspora