Nikolun Qarabağ “planı”: O, təxribatı bacarır - rusiyalı tarixçi

Nikolun Qarabağ “planı”: O, təxribatı bacarır - rusiyalı tarixçi backend

Paşinyan Ermənistanda erkən parlament seçkilərinə hazırlaşır, amma onun mövqeyi mayda olduğu qədər güclü deyil.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, analitik Oleq Kuznetsov Ermənistan tərəfinin Qarabağ ərazisində bu gün təlim keçirməsinə münasibət bildirərkən deyib.

“Daxili siyasətdə o, bu ilin yazında xalqına verdiyi vədlərin heç birini yerinə yetirmədi. Əslində, Ermənistanda hakimiyyətə gəlməsinin ilk günlərindən mənə şəxsən məlum idi ki, Paşinyan populist və demaqoqdur, eləcə də dövlət idarəçiliyi və maliyyə siyasəti məsələlərində həvəskardır. O və onun bütün komandası amerikayönümlü qeyri-hökumət təşkilatlarından ortaya çıxan şəxslərdir. Əsas vəzifələri dövlət quruculuğu deyil, dövləti tənqid etməkdir. Buna görə, Ermənistanın mövcud hökuməti tamamilə həvəskar və demaqoqlardan ibarətdir. Onların heç biri Ermənistanda müsbətə doğru köklü dəyişiklik etmək iqtidarında deyil”, - Kuznetsov bildirib.

Politoloqun sözlərinə görə, Paşinyan və onun komandası erməni əhalisi arasında öz inamlarını təmin etmək üçün yeganə üsula malikdirlər, psixologiyada buna “əvəzedici təsir” deyilir:

“O, seçki ərəfəsində əhalinin fikrini daxili problemlərlə qatmalıdır. Kollektiv şüursuzluqdan istifadə edərək kütlənin ona olan sədaqətini itirməsinə yol verməmək fikrindədir. Buna görə də bu gün Dağlıq Qarabağ separatçılarının qeyri-qanuni silahlı qruplaşma komandirlərinin siyasi xələfi kimi o, Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmağa məcburdur.

Erməni ordusu çarəsizliyi səbəbindən genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz, lakin seçki ərəfəsində öz reytinqini yüksəltmək üçün işğal olunmuş torpaqlarda hər hansı bir hərbi təxribat həyata keçirə bilər – Paşinyan bunu bacarır”.

Kuznetsov bildirib ki, bu gün Qarabağdakı erməni hərbi qüvvələrinin aktivliyi daxili siyasətə görə hesablanmış, yaxşı planlaşdırılmış nümayişdən başqa bir şey deyil:

“Bakıda yüksək idarəçilik səviyyəsində paşinyanın bu niyyətini yaxşı başa düşürlər”.

Kuznetsovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çalışır:

“Həmçinin, Ermənistandakı gərgin daxili siyasi vəziyyət bu uzunmüddətli qarşıdurmanın sülh yolu ilə ədalətli həlli üçün şans verir və buna görə də əminəm ki, növbəti yaza qədər heç bir müharibə olmayacaqdır”.
Diaspora