Qarabağ danışıqları üçün fürsət həftəsi

Qarabağ danışıqları üçün fürsət həftəsi backend

BMT Baş Məclisi çərçivəsində XİN başçılarının görüşü nə vəd edir; erməni nəşrinin müharibə təlaşı: “Heç olmasa, savaş riski azalsaydı...”

Nyu-Yorkda BMT Baş Məclisinin 73-cü sessiyası öz işinə başlayıb. Sessiyada iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a yola düşüb. Onun erməni həmkarı Zoqrab Mnatsakanyan da artıq Amerikadadır. Gözlənilir ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri başçıları arasında görüş keçiriləcək.

İnformasiya artıq rəsmən öz təsdiqini tapıb. Nazirlər sentyabrın 26-da, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bir araya gələcəklər. Az öncə ATƏT-in baş katibi Tomas Qreminqer iki diplomatın gözlənən görüşü haqda açıqlama vermişdi.

Bəs XİN rəhbərlərinin budəfəki görüşü nə verəcək? Bu təmas uzun müddətdir, faktiki, dondurulmuş vəziyyətdə olan sülh danışıqlarında hansısa tərpəniş yarada, iki ölkə rəhbərlərinin təmasına vəsilə ola biləcəkmi?

Məsələ ondadır ki, Ermənistanın yeni rəhbərliyi, öncəliklə də baş nazir Nikol Paşinyanın son ziddiyyətli və absurd bəyanatları münaqişə tərəfləri arasında konstruktiv danışıqlar üçün kövrək ümidləri belə darmadağın edir. Paşinyanın BMT sessiyası ərəfəsində növbəti dəfə işğal altındakı Dağlıq Qarabağa gedərək, orada fitnəkar açıqlamalar verməsi bu qənaəti bir az da möhkəmlədib.

Yeri gəlmişkən, Nikol Paşinyanın BMT toplantısı çərçivəsində ABŞ prezidenti Donald Trampla görüş cəhdləri fiasko olsa da sessiyada iştirakı və çıxışı gözlənilir. İstisna deyil ki, o, ilk dəfə qalxacağı BMT tribunasından da Qarabağ mövzusunda populist və təxribatçı bəyanat verəcək. Hətta belə olacaqsa, bu, Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad eləmək üçün onun öhdəsindəki əsasları daha da artırmış olacaq.

*****

Sözsüz ki, Paşinyana layiqli cavab BMT tribunasından da veriləcək. Zatən, bu cavab sessiya ərəfəsində prezident İlham Əliyev tərəfindən bir daha səslənib. Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş çıxışında İlham Əliyev heç vaxt Dağlıq Qarabağa Azərbaycanın suverenliyi və ərazi bütövlüyündən kənar status verilməyəcəyini bəyan edib, bir daha indiki Ermənistan rəhbərliyini bu məsələdə məsuliyyətsiz mövqe tutmamağa çağırıb.

Bu mənada konflikt ətrafında dinc nizamlanma baxımından kifayət qədər mürəkkəb bir durumun yarandığını söyləmək olar. Bunu ötən həftə təmas xəttindəki insident də təsdiqləyir. Həmin insident zamanı düşmən tərəf növbəti dəfə öz layiqli cavabını alıb, bir neçə hərbçisini itirib.

“Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində çox kritik, bəlkə də problemin həllinin ən yaxın mərhələsindədir”. Bu sözləri politoloq Əhəd Məmmədli deyib (axar.az). O, Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə prezidentin öz çıxışını əsasən Qarabağ probleminə həsr etdiyini xatırladıb: “Prezident tərəfindən deputatlar və xarici qonaqlar qarşısında Ermənistana mesajlar verildi. Bununla bərabər bəzi beynəlxalq strukturların ikili standartları diqqətə çatdırıldı. Ermənistanda baş verən 2008-ci il hadisələri və bu hadisələrə Qərb tərəfindən ikili yanaşmalar xatırlandı. Yeni erməni iqtidarının verdiyi açıqlamaların, atdığı addımların iki ölkə arasında hərbi toqquşmanı yaxınlaşdırdığı vurğulandı. Ölkə başçısının da dediyi kimi, Qarabağ probleminin ədalətli həlli Ermənistanı düşdüyü iqtisadi böhrandan qurtara bilər. Yəni prezident bildirdi ki, münaqişə həll edilməyənə qədər Ermənistan özünü regionda ciddi iqtisadi layihələrdən kənarda qoyur. Çıxışın əsas rezümesi isə budur: Dağlıq Qarabağ ancaq Azərbaycanın tərkibində status ala bilər”.

Politoloq vurğulayıb ki, problemin hərbi həll yolundan başqa yolu olmadığı getdikcə daha qabarıq görünür: “Paşinyanın son çıxışları problemin sülh vasitəsi ilə həll yolunun üstündən iri bir xətt çəkir. Regionda hər an vəziyyət dəyişə bilər. Rusiya Suriyada həm diplomatik, həm hərbi zərbələr almaqda davam edir. İran hərbi paradda böyük terror aktına məruz qalır. Ümumiyyətlə, cənub qonşumuzda vəziyyət qeyri-sabitdir. Yeni erməni iqtidarı isə Moskvadan aralanma cəhdlərini davam edir. Ərdoğanın səfəri və böyük hərbi parad, Libermanın bir neçə gün Azərbaycanda olması, Putinin ölkəmizə gözlənilən səfəri (25 sent - red.), bunlar hamısı rəsmi Bakının Qarabağ probleminin həlli istiqamətində kritik diplomatik mərhələdə olduğunu göstərir. 2019-cu ilin Azərbaycan üçün Qarabağ məsələsində dönüş ili olacağı gözlənilir”.

*****

Bu arada Qarabağ danışıqlarının dalana dirənməsi düşmən ölkədə müharibə xofunu gücləndirib. İrəvanda Bakının yeni diplomatik həmləsindən dolayı da narahatlıq yaşanmaqdadır.

“Əminliklə söyləmək olar ki, Elmar Məmmədyarov ABŞ-a tamamən başqa gündəmlə (prinsipial mövqe ilə - red.) gedib. Bu isə XİN rəhbərlərinin Nyu-York görüşü ilə bağlı böyük gözləntilərə əsas vermir. O səbəbdən Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının iki ölkə başçılarının görüşünün təşkili məsələsində anlaşma əldə etməsi mümkünsüz görünür”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am erməni nəşrindəki məqalədə deyilir. Şərhdə daha sonra bildirilir: “Nazirlərin görüşünə bəslənən yeganə zəif ümid tərəflərin sərt ritorikasının və təmas xəttində gərginliyin azalması yönündə ola bilər. Hərçənd bu məsələdə də böyük nikbinliyə qapılmağa dəymir. Bu da diqqətçəkicidir ki, həftənin ikinci yarısında İlham Əliyev və Nikol Paşinyan Düşənbədə keçiriləcək MDB sammitinə qatılacaqlar. Hələlik məlum deyil ki, Rusiya tərəfi iki liderin görüşünü təşkil etmək üçün təşəbbüs göstərəcək, yoxsa hazırkı məqamda həmin görüşdən heç bir nəticə olmayacağını düşünüb buna tərəddüd edəcək? Hər necə olur-olsun, ümid edək ki, bu həftə Qarabağla bağlı diplomatik fəallaşma müharibə risklərinin azalmasına gətirəcək”.

*****

Ancaq müharibədən qaçmağın ən etibarlı yolu bəlli: Ermənistanın öz işğalçı qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıması. İstənilən başqa yol müharibəyə aparır...
Diaspora