Nikol Paşinyanın ardınca işğalçı ölkənin XİN rəhbəri də radikal mövqedən çıxış etməyə başladı; rəsmi İrəvan status-kvonu saxlamaq üçün hər cildə girir; Tofiq Zülfüqarov: “Rusiyanın təhlükəsizlik çətiri Ermənistanın başının üstündən götürülür”
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirməsi, deyəsən, onun komandasına da sirayət edib. Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın da davranışları, verdiyi açıqlamalar işğalçı ölkənin başında dayanan şəxslərin reallıq hissini tam itirmələrindən xəbər verir.Belə ki, Ermənistanın baş diplomatı artıq neçənci dəfə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşən Mnasakanyan onunla və qondarma qurumdakı “həmkarı” ilə Qarabağ müzakirəsi aparıb. Müzakirələrdən sonra isə o da Paşinyanın sərsəm bəyanatlarından ilhamlanaraq danışıqlara “0"-dan başlamaq niyyətini ortaya qoyub.
“Ermənistan üçün əsas prinsip Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır”- Zohrab Mnatsakanyan belə deyib. (Teleqraf.com) Ermənistanın xaric işlər nazirinin iddiasına görə, Qarabağ “təhlükəsizlik zonası” elan edilməlidir.
Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş Madrid prinsiplərindən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir: “Münaqişənin Madrid prinsipləri əsasında həll edilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan Madrid prinsiplərinə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir”. Erməni nazir ardınca iddia edib ki, Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. “Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır. Kəlbəcərə gəldikdə, onun əhəmiyyəti olduqca böyükdür, burada böyük içməli su ehtiyatları var. Kəlbəcərdən Ermənistanın bir çox bölgələrinə nəzarət etmək mümkün olacaq” - nazir deyib.
Diqqətçəkən budur ki, Ermənistan XİN başçısı belə bir bəyanatla BMT görüşü ərəfəsində çıxış edib. Hansı ki, cəmi bir neçə gün əvvəl Mnatsakanyan iddia etmişdi ki, onun ölkəsi danışıqlar prosesinə sadiqdir və münaqişənin yalnız sülh yolu ilə çözülməsinə üstünlük verir. ATƏT-in baş katibi, yaxud ATƏT sədrinin səhra köməkçisi ilə görüşdə “sülh göyərçini”nə dönən erməni rəhbərliyi çox keçmir ki, maskasını çıxarır və “qan-qan” deməyə başlayır. Elə Ermənistan XİN başçısı da BMT Baş Assambleyası çərçivəsində Azərbaycan XİN rəhbəri Elmar Məmədyarovla görüşəcəyini demişdi. Lakin bu görüşə o, “sıfır variant”la getmək niyyətindədir, açıqlaması da bunu deyir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Dağlıq Qarabağla bağlı danışıqların tormozlanması üçün əlindən gələni edir, hətta Azərbaycanın daxili işlərinə qarışmaq hesabına vəziyyəti gərginləşdirməyə çalışır. Ekspertlər Paşinyanın bu davranışının danışıqların pozulmasına hesablandığını deyir. Hesab olunur ki, Mnasakanyanın Saakyanla Xankəndindəki görüşü də danışıqlar prosesinin pozulması üçün atılacaq addımların müzakirəsinə hesablanıb.
Söhbət Madrid prinsiplərindən düşmüşkən, xatırladaq, bu prinsiplərdə söhbət nələrdən gedirdi?
Madrid prinsipləri - Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanıb: Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçının 13 kəndi. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir. Azərbaycan üçün tam da əlverişli olmayan sülh planına belə Ermənistanın razılıq verməməsi İrəvanın Azərbaycan torpaqlarından heç vaxt əl çəkməyəcəyini nümayiş etdirir. Adətən yeni hakimiyyətlər Qarabağla bağlı danışıqları “sıfır”dan başlamağa üstünlük verirlər. N.Paşinyan isə hökumət başına gəldiyi ilk gündən radikal mövqe sərgiləyib, hətta Sərkisyan-Köçəryan cütlüyünün Qarabağla bağlı Azərbaycana güzəştə getməyə hazır olduqlarını iddia edib, 7 rayonun qaytarılması planını pozduğunu bildirib. İndi isə hakimiyyətdə möhkəmlənməyi hədəfləyən və qarşıdakı parlament seçkilərinə diqqət yetirən N.Paşinyan hər şeyə gedir ki, danışıqlarda uzun fasilə yaransın. Necə ki, S.Sərkisyan aprel döyüşlərindən sonra buna nail olmuşdu.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan rəhbərliyindəki şəxslərin səsləndirdiyi bəyanatların məzmununu şərh etməyə ehtiyac yoxdur: “Çünki biz görürük ki, son dövrlər həm Paşinyan, həm də Mnasakanyan tərəfindən bir-birinə zidd olan müxtəlif bəyanatlar səsləndirilir. Məsələn, Paşinyan deyirdi ki, Dağlıq Qarabağ özü danışıqları aparmalıdır. Digər bəyanatı oldu ki, gərək Dağlıq Qarabağ Ermənistana birləşsin. Bu, bir daha onu göstərir ki, birincisi, bəyanatlar bir-birinə ziddiyyət təşkil edir, ikincisi, onlarda sistemli bir baxış yoxdur. Əslinə qalsa, münaqişənin əvvəlindən onların ikili mövqeyi olub. Əvvəlcə ”miatsum" şüarları ilə başlamışdılar, sonra isə millətlərin öz müqəddəratını həll etmək hüququ prinsipi əsas götürülməlidir. Bu da ziddiyyətli mövqedir".
Ermənistanın Madrid prinsiplərindən imtina etməsinin səbəblərindən danışarkən bunları bildirdi: “Burada əsas məqsəd ondan ibarətdir ki, danışıqlar ”təmiz səhifə"dən başlasın. Ermənilər belə meydan yaratmaq istəyirlər ki, Paşinyan administrasiyası “təmiz səhifə”dən başlayaraq müxtəlif məsələləri ortaya çıxarır. Biz başa düşməliyik ki, o istəyir meydanda və hakimiyyətə gəldiyi ilk vaxtlarda səsləndirdiyi fikirləri bu və ya digər şəkildə danışıqlar prosesinə gətirsin. Bununla da Paşinyan radikal mövqeyi ilə təhlükədən uzaqlaşmağa çalışır. Çünki həm Azərbaycan, həm də digər tərəflər tələb edirlər ki, danışıqlarda hansısa irəliləyiş olmalıdır. Amma ermənilərə irəliləyiş lazım deyil, onlar, sadəcə olaraq, bu və ya digər vasitələrlə indiki vəziyyəti dondurmaq istəyirlər". Eks-nazir Ermənistanla bağlı ortaya çıxan problemdən də bəhs etdi: “Hazırda Rusiyanın təhlükəsizlik çətiri artıq Ermənistanın başının üstündən götürülür və bu, erməniləri ciddi şəkildə narahat edir”.
Ermənistan XİN başçısı imtina barədə bəyanatını Paşinyanın Rusiya və Fransa səfərindən sonra, həmçinin özünün işğal altındakı Dağlıq Qarabağa səfərinin ardınca verdi. Bunların bir-biri ilə hansısa əlaqəsi varmı? T.Zülfüqarov: “Mənə elə gəlir ki, ermənilər bu cür siyasətlə Rusiyanın hərbi dəstəyinə nail ola bilməzlər. Ermənistan indi istəyir ki, təhlükəsizlik təminatını Qərbdən alsın. Mən inanmıram ki, Rusiya, yaxud Qərb ölkələri buna hazırdır, yaxud ermənilərin ciddi şəkildə buna imkanları mövcuddur. Trampın Paşinyanla görüşdən imtina etməsi onu göstərir ki, Qərb tərəfdən ermənilərə diqqət istənilən səviyyədə deyil. Bu görüşlər və səfərin ardınca Paşinyan gəlib Ermənistanda həmin problemlərlə rastlaşacaq”.
Sabiq XİN başçısı Madrid prinsiplərini şərh etməyi düzgün saymadı: “Çünki Madrid prinsipləri sənəd deyil, danışıqlar üçün təkliflərdir, özü də rəsmi şəkildə açıqlanmayıb. Sadəcə, müxtəlif redaksiyalar açıqlanıb. Odur ki, mən bunun üzərində hansısa fikri bildirməyin tərəfdarı deyiləm. Əgər istəsə, XİN-də bununla məşğul olan rəsmi şəxs bunu açıqlaya bilər. Bizə rəsmi məlum olan və ATƏT tərəfindən yeganə qəbul olunan Lissabon prinsipləridir, bundan başqa razılaşdırılmış sənəd yoxdur. Madrid prinsiplərini ona uyğunlaşdırmaq olmaz. Çünki bu, danışıqlar üçün təkliflərdir və tərəflər onu qəbul etməyiblər”. T.Zülfüqarov qeyd etdi ki, Madrid prinsiplərinin Azərbaycan üçün nə mənfi, nə müsbət tərəfi yoxdur: “Bundan əvvəl onun bəzi hissələri Azərbaycan, bəzi hissələri isə Ermənistan tərəfindən qəbul olunmayıb. Mən onun tərəfdarı deyiləm ki, biz buna Madrid prinsipləri deyək. Bunlar təklif üçün tezislərdir. Yəni onun hüquqi baxımdan əhəmiyyəti bundan ibarətdir. Sadəcə, danışıqlar nəticəsində bunları dəqiqləşdirmək lazım idi. Amma bunun üzərində danışıqlar aparılmayıb. Qəbul olunan yeganə prinsip Lissabon prinsipləridir, çünki bu, ATƏT-in sammitində qəbul olunub. Bu prinsiplərin mahiyyəti fərqlidir. Çünki Lissabon prinsipləri 54 ölkə tərəfindən təsdiq olunub. Madrid təklifləri isə sadəcə, danışıqlar üçün tezislərdir”.
İşğalçı ölkənin hökumətini rəncidə edən başqa bir məsələ isə Kremlin Paşinyanı bitirmək planıdır. Bu arada xəbər yayılıb ki, Rusiya prezidenti Vladimir Putin Ermənistana səfərində keçmiş prezidentlər - Serj Sərkisyan və Robert Köçəryanla görüşəcək.
Ermənistanda nəşr olunan “Jamank” qəzeti yazıb ki, Putinin səfərinin hansı tarixdə baş tutacağı məlum olmasa da, Rusiya prezidenti Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanla görüşmək niyyətindədir. “Bu isə səfərin əsl məqsədini ortaya qoyur. Əgər Putin Köçəryanla görüşmək üçün İrəvana gəlirsə, bu, Rusiya-Ermənistan münasibətlərində yeni dönəmin başlanğıcı ola bilər”. Başının üstündə Rusiyanın qılıncı asılmış Paşinyan Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməklə özünü sığortalamaq istəyir. Elə Ermənistan XİN-in son günlər davamlı şəkildə Naxçıvanla sərhəddə gərginliyin yaranması, guya bir qadının Azərbaycan hərbçiləri tərəfindən vurulması və s. iddialar da daxili auditoriyanı xofda saxlayıb diqqəti hakimiyyətdən yayındırmağa hesablanıb. Paşinyanın danışıqlar prosesinə Dağlıq Qarabağı da “tərəf” kimi qoşmaq niyyəti heç Rusiyada da qəbul edilmədi. Yəqin ki, İrəvanın Madrid prinsiplərindən imtina qərarına da Kremlin münasibəti müsbət olmayacaq. Hər halda, bu vəziyyət Rusiyanı razı salır və Suriyaya başı qarışdığı dönəmdə Qarabağla bağlı əlavə “başağrısı”na - yeni formata, yeni prinsiplərə ehtiyac duymur. (musavat.com)