Sentyabr ayının 1-də Şəmkir rayonunun ictimaiyyəti 2016-cı ilin aprel ayında canını Vətən yolunda qurban verən, Şəmkirin Düyərli kəndində doğulub boya-başa çatan Altun Dəmirlinin 21 yaşını qeyd ediblər.
Şəhidimiz 1 yaş da böyüyüb.Onun doğum gününə Düyərli kəndindəki 2 saylı məktəbin müəllim və şagirdləri, doğmaları və dostları, rəsmi nümayəndələr toplaşıblar.
Əvvəlcə şəhidimizin evində onun xatirəsi yad edilib. Sonra isə Altun Dəmirlinin uyuduğu məzarı başında onun qısa ömür yolundan, yarımçıq qalmış arzularından danışılıb. Məktəblilər Altun Dəmirli, aprel döyüşləri, Qarabağ həsrəti, eləcə də Vətən haqqında şeirlər səsləndiriblər.
Altun Dəmirlinin atası Fərman Dəmirli də oğluna həsr etdiyi şeir söyləyib. Və qeyd edib ki, bütün şəhidlər kimi, oğlu Altunun da ruhu çox narahatdır.
“Vətən uğrunda canından keçən bütün şəhidlər düşmən tapdağında olan torpaqları azad görmək üçün döyüşə atılmışdılar. Biz şəhid ailələri hər zaman dövlətimizin başçısı İlham Əliyevdən və birinci vitse-prezident Mehriban Əliyevadan qayğı görürük. Şəmkir rayonunun bütün ictimaiyyəti də öz şəhid oğullarının xatirəsini hər zaman uca tuturlar. Lakin bizim bir problemimiz var: Vətən torpaqlarının azad olunduğu günü tezliklə görmək. Yalnız o zaman, oğlumun yanına üzüağ gedə bilərəm. Gün o gün olsun ki, onların arzuları çin olsun, uğrunda canlarını verdikləri Vətən torpaqları işğaldan azad edilsin”.