“Düşmən gücümüzü göstərməkdən başqa yol qoymur” – Elman Məmmədov

“Düşmən gücümüzü göstərməkdən başqa yol qoymur” – Elman Məmmədov backend

Ermənistan 20 ildən artıqdır müddətdə cinayətkarların əsarətində və idarəçiliyində olub.

Dəfələrlə Azərbaycanın işğal altında olan torpaqlarına insan və silah alveri ilə məşğul olanlar, Den Bilzeryan kimi qumarbazlar, narkotik əkib-becərənlər, insan tacirləri və özünü satanlar səfər edib. Ağlı başında olan, beynəlxalq hüquqa hörmət edən şəxslər belə səhvi etməz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov ABŞ-da yaşayan erməni əsilli qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal altında olan torpaqlarına gətirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin şəxslər Azərbaycan ərazisində təbii sərvətlərimizin talanması ilə məşğuldur: “Belə qələti edənlər kriminal aləmin nümayəndələri Köçəryanlar, Sərkisyanlar və ətrafındakı digər “yan” soyadlılardır. Den Bilzeryan da özünün cinayətkar imici, qumarbazlığı ilə tanınıb. Ermənilər müxtəlif murdar üsullara əl ataraq işğal altındakı ərazilərimizdə məskunlaşma aparırlar. Hələlik o ərazilər işğal altında olduğu üçün nəzarət etməli olan beynəlxalq qurumlara müraciətlə kifayətlənirik. ATƏT-in yarıtmaz Minsk qrupunun üzvləri, BMT-yə müraciət edirik ki, bu prosesin qarşısı alınsın. Müraciətlərimizi qəbul edirlər, amma bu illər ərzində dəfələrlə Suriyadan qeyri-qanuni olaraq ermənilərin köçürülməsinin qarşısını alınması barədə etirazımız nəticəsiz qalıb. ATƏT-in faktaraşdırıcı missiyası da bunu etiraf edib, ancaq heç bir tədbir görülməyib. Qarşımızda yeganə çıxış yolu qalır. Ermənilər heç bir konstruktiv danışıqla razılaşmır, beynəlxalq normanı nəzərə almır, BMT-nin 4 məlum qətnaməsini icra etmir, yola gəlmir və işğalı, status-kvonu qoruyub saxlamaqla ərazilərimizdə istədiklərini edirlər. Azərbaycanın özünün hərbi gücündən istifadə edib ərazilərini bu tör-töküntülərdən, cinayətkardan təmizləməkdən başqa yol yoxdur. Bunu etməsək torpaqlarımıza qumarbaz da, silah satan da, özünü satan da gələcək. Düşmən qarşımızda gücümüzü göstərməkdən başqa yol qoymur”.

Qeyd edək ki, ABŞ-da yaşayan erməni əsilli qumarbaz Den Bilzeryan Azərbaycanın işğal altında olan torpaqlarına gətirilib və orada müxtəlif silahlardan hədəfə atəş açıb.
Diaspora