Sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 sərgisinə hazırlıqlar davam edir.
“AzeriDefence”nin məlumatına görə, bu ilki sərgi iştirakçı coğrafiyasının genişliyinə görə əvvəlki iki sərgidən fərqlənir.Bu ilki sərgidə maraqlı nüanslardan biri də son illər Azərbaycana regionda güc balansını dəyişən silah sistemlərinin satışını həyata keçirmiş şirkətlərin və silah embarqosunu aradan qaldıran ölkələrdən istehsalçıların qatılmasıdır.
Cari ildə Azərbaycana LORA operativ-taktiki raket komplekslərinin, eləcə də əvvəlki illərdə “Heron” PUA və “Harop” kamikadzelərinin və LAHAT raketlərinin satışını həyata keçirən İsrailin “İsrael Aerospace İndustry”, ötən il “SpGH Dana” özüyeriyən haubitsaların və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərin satışı ilə Ermənistanı şoka salan Çexiyanın “Excalibur Army”, “Polonez” raket sistemlərini istehsal edən Belarusun Dəqiq Elektromexanika Zavodu, “Sand Cat” zirehli avtomobillərinin istehsalçısı olan “Plasan” şirkəti ADEX-2018 sərgisində təmsil olunmaqla, özlərinin yeni məhsullarını da Azərbaycanın hərbi qurumlarına tanıdacaqlar.
KTMT üzvü olmaqla yanaşı, Azərbaycanın əsas hərbi tərəfdaşlarından olan Belarusu sərgidə son illərdə Azərbaycana radiolokasiya, radioelektron mübarizə sistemləri və ZRK-lərinin satışını həyata keçirən “Radar KB” ASC, “OKB TSP”, “558 nömrəli Aviasiya Təmiri Zavodu” ASC və digər şirkətlər təmsil edəcək. KTMT-nin digər üzvü Qazaxıstanı isə sərgidə 3 şirkət təmsil edəcək.
Bu ilki sərgidə Azərbaycana silah embarqosunu aradan qaldıran Fransa müdafiə sənayesinin geniş qatılımı gözlənilir. Fransadan ADEX-2018 sərgisində MBDA Systems, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin” və “Thales” şirkətləri təmsil olunacaq. ADEX-2018 sərgisində Fransa ilə yanaşı NATO və Avropa Birliyi ölkələrindən İtaliya, İspaniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Niderlandın hərbi şirkətləri Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif məhsulların təqdimimatlarını keçirəcəklər./Modern.az/