Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.
Bunu Trend-ə Ermənistan rəhbərliyinin Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş Füzuli və Cəbrayıl rayonlarında məskunlaşdırmaq cəhdini şərh edən tanınmış türkiyəli politoloq, professor Toğrul İsmayıl deyib.Ekspertin sözlərinə görə, erməni əsilli suriyalı qaçqınların Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi siyasəti Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır:
"Bu ərazilərdə coğrafi adların dəyişdirilməsi, işğal altındakı torpaqların yandırılması kimi qanunazidd fəaliyyət Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünü göstərir. Ermənistan rəhbərliyi Yaxın Şərq amilindən öz məqsədləri naminə istifadə edir ki, müharibə olacağı təqdirdə cəbhə xəttinə göndərməyə kimsə olsun. Lakin suriyalı ermənilərin Qarabağda qalacağına inanmıram. Birincisi, bu, regionda qeyri-sabit vəziyyətlə şərtlənir, ikincisi isə nəzərə almalıyıq ki, 2016-cı ilin aprelində olduğu kimi, Azərbaycan və Ermənistan arasında aktiv hərbi fəaliyyət hər an yenilənə bilər. Hesab edirəm ki, Suriyadan olan erməni qaçqınlar işğal altındakı Qarabağda yalnız müvəqqəti sığınacaq tapa bilərlər. Yaşadıqları ölkədəki müharibəyə görə vətənlərinə qayıdan ermənilərin yeni müharibədə iştirak etmək arzusunda olduqlarını düşünmürəm".
T.İsmayıl bildirib ki, Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir, Ermənistan iqtisadiyyatının vəziyyəti isə acınacaqlıdır:
"Yerevanda, həmçinin erməni işğalı altında olan Qarabağda yaşayış səviyyəsi çox aşağıdır. Buna görə də ermənilərin bura kütləvi şəkildə köçürülməsindən söhbət gedə bilməz. Hakim rejimin belə arzusu var, çünki bu halda provokasiya planları irəli sürmək olar".