Paşinyanın Qarabağda “xidmət” keçən oğlu barədə ilginc faktlar

Paşinyanın Qarabağda “xidmət” keçən oğlu barədə ilginc faktlar backend

Qabil Hüseynli: “Çox güman ki, o, şənbə-bazar günləri İrəvana qayıdıb atasının bağında dincəlir”

Ötən ay Paşinyanın oğlunu əsgər göndərməsi bəzi qüvvələr tərəfindən “müsbət nümunə” kimi xarakterizə olundu. Lakin sonradan müstəqil bloggerlərin yazılarından bəlli oldu ki, Paşinyanın oğlu üçün Xankəndində ev axtarılır və o, “hərbi xidməti”ni həmin evdə çəkəcək.

Bütün hallarda Paşinyan oğlunu Azərbaycan torpaqları olan Dağlıq Qarabağa göndərib və politoloqlara görə, bununla o, planlaşdırdığı oyunu axıra qədər oynaya bilməyib. Onların fikrincə, Paşinyanın qurduğu oyun yalnız Ermənistan cəmiyyətində müəyyən effekt doğurub.

“Paşinyan oğlunu əslində əsgərliyə deyil, istirahətə göndərdi və bunun arxasında da başqa məqamlar var”. Bu fikri “Yeni Müsavat”a açıqlamasında politoloq Qabil Hüseynli söylədi. O bildirdi ki, Paşinyan ermənilərin gözünü boyamaq, oğlunun da vətənpərvər obrazını yaratmaq üçün belə bir addım atıb: “Televiziyaların, KİV-lərin iştirakı ilə guya oğlunu əsgərliyə göndərirmiş kimi şou hazırladı. Bu şou ilə oğlunun guya Dağlıq Qarabağdakı qardaşlarına kömək üçün getdiyini bəyan etdi. Dağlıq Qarabağa gələndən sonra isə onun üçün münasib olan ev axtarıldı. Yəni birbaşa kazarmaya yollanmadı. Ona çox ciddi surətdə qulluq edilir və döyüş hazırlığı təlimlərinə də cəlb edilmir. Çox güman ki, onun oğlu şənbə və bazar günləri İrəvana qayıdıb atasının bağında dincəlir. Bütün bu addımlar həm dünya ictimaiyyətini çaşdırmaq, həm də Azərbaycanda müəyyən bir ajiotaj yaratmaq üçün edilmiş diplomatik manevr idi. Bundan əlavə, Paşinyanın oğlunu hərbi xidmətə göndərməsi, onun bundan əvvəl dediyi sözlərə də ziddir. Deyirdi ki, Ermənistan Azərbaycana qarşı döyüş əməliyyatlarında öz ordusu ilə iştirak etməyib. Bu səbəbdən də Qarabağdan azərbaycanlıların qovulması, guya ətraf 7 rayonun işğal edilməsi, 60-70 minlik erməninin içərisindən çıxan, sayları 2 min nəfərə çatan qondarma ”Dağlıq Qarabağ özünü müdafiə qüvvələri" tərəfindən həyata keçirilib. Ondan soruşmaq lazımdır ki, əgər belədirsə və onlar buna qadirdirsə o zaman öz oğlunu oraya nə üçün göndərir? Dağlıq Qarabağda sadəcə, qocalardan və qadınlardan ibarət dəyərsiz qüvvə var. Bunun da gücü ilə nə isə etmək olmaz. Paşinyanın oğlunu əsgər göndərməsi ola bilsin ki, erməni cəmiyyətində hansısa rol oynadı. Ancaq dünya miqyasında və Azərbaycanda nifrətlə qarşılandı. Həqiqi çağırış məsələsində bunlar oyun oynayırlar".

Politoloq Paşinyanın ümumi fəaliyyəti barədə də danışdı: “Paşinyan bəzi islahatları həyata keçirməyə çalışır. O, rüşvətə və korrupsiyaya qarşı mübarizə aparır və onun mübarizəsinin müəyyən nəticələri var. Bir qisim oliqarxlardan alınan pulları Ermənistan xəzinəsinə daxil edib. Bütün bunların fonunda ölkədə yaradılan xof mühitinin təsiri altında rüşvətin əl-ayağı müəyyən qədər yığışdırılıb. Lakin bu, o demək deyil ki, ermənilər xoş günə çıxıblar və tamamilə istədikləri yaşama nail olublar. Hələ ciddi iqtisadi islahatlar, struktur islahatları həyata keçirilməlidir. Ölkə iqtisadiyyatına valyuta, xaricdən investisiya cəlb edilməsi işini qaydaya salmaq lazımdır. Hazırda ermənilərin bir qara quruşu yoxdur. Səthi islahatlar, korrupsiya və rüşvətə qarşı əməliyyatlar gedir. Ancaq yeni iş yerlərinin açılması, əhalinin maddi rifahının qaldıra biləcək sosial xarakterli layihələrin həyata keçirilməsi məsələsi görülmür. Bir müddət hay-küylə baş qatmaq mümkün olacaq. Lakin bütün bunlar çox çəkə bilməz. İkincisi, real hakimiyyətin bütün rıçaqlarını Paşinyan ələ keçirə bilməyəcək. Baş nazir postu önəmli olsa da o, tikan üstündə oturmuş adam kimidir. İstənilən vaxt parlament qiyamı nəticəsində Paşinyanı devirib, yerinə başqasını təyin edə bilərlər. Ermənistandan çox ciddi və ziddiyyətli proseslər gedir. Bu ziddiyyətli hallar isə getdikcə daha da dərinləşməkdədir. Nəticədə ciddi qarşıdurma da yarana bilər. Ən azından yeni parlament seçkilərinə qədər oliqarxlar da, Qarabağ klanı da öz qüvvələrini səfərbər edərək Paşinyanın qarşısında ciddi cəbhə formalaşdırmaq niyyətindədir. Artıq bunun üçün ciddi addımlar atılır”.

“Yeni Müsavat”
Diaspora