Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan hakimiyyətə təzə gələndə yerli ermənilər Rusiya Federal Təhlükəsizlik Xidmətindəki agent karyerasına eyhamla ona “KQB tulası” ayaması vermişdilər.
Virtualaz.org xəbər verir ki, indi Bako Saakyanın yeni ayaması yaranıb. Yerli müxalifətçilər onu “əski, cındır” adlandırırlar.Bu haqda “Lenta.ru” portalına müsahibəsində Dağlıq Qarabağdakı “Milli dirçəliş” müxalifət partiyasının fəalı Tiqran Qriqoryan danışıb. Qriqoryanın partiyası Xankəndində Bako Saakyanın kriminal-xunta rejiminə qarşı çıxan əsas siyasi qüvvədir, yerli “parlamentdə” cəmi 1 deputatla təmsil olunur. Bir müddət əvvəl Dağlıq Qarabağın xüsusi xidmət əməkdaşlarının iki yerli sakini döyməsinə etiraz olaraq başlayan etirazlarda bu partiya əsas təşkilatçı idi. Həmin etirazlara görə Bako Saakyan güc strukturlarının rəhbərlərini və “hökumət başçısını” dəyişməli oldu. İndi Qriqoryan deyir ki, onların məqsədi Bako Saakyanı ümumiyyətlə hakimiyyətdən qovmaqdır.
Qarabağlı müxalifətçi deyir ki, 2017-ci ildə hakim elita “konstitusiyanı” öz məqsədləri üçün dəyişdi və Bako Saakyanın şəxsi hakimiyyətinin ömrünü 2020-ci ilə qədər uzatdı. Və onun 2030-cu ilə qədər yenidən iki dəfə “prezident” seçilməsinin yolu açıldı.
“Bu qərar Yerevandan dəstəklənirdi, ola bilsin şəxsən Serj Sərkisyanın təşəbbüsü idi”-Qriqoryan deyib.
Onun sözlərinə görə, Bako Saakyan “qeyri-qanuni və qeyri-legitim prezidentdir”, hakimiyyəti qanunsuz ələ keçirmiş biridir. Saakyanı xalq seçməyib, “parlament” seçib. “Parlament” seçiləndə isə heç kim izah etməmişdi ki, “deputatlar” daha sonra “dqr prezidentini” də seçəcəklər.
“Və onun Dağlıq Qarabağa rəhbərlik edə bilməyəcəyini göstərən daha bir amil: Bako Saakyan zəifdir. Mən sonuncu mitinqdə onu “əski” adlandırdım, ola bilsin bir az sərtdir və siyasi etikadan kənara çıxır. Lakin hesab edirəm ki, bunu demək lazım idi. Çünki Bako Saakyan özünü 11 ildir məhz əski, cındır kimi aparır. 2007-ci ildə onu vəzifəyə Yerevandan təyin etmişdilər-Sərkisyana onun əmrlərini sözsüz yerinə yetirən adam lazım idi. Belə adam isə Saakyan idi. 11 il ərzində Saakyan erməni xalqına qarşı bir çox cinayətlərdə iştirak edib. 2008-ci ilin 1 mart hadisələrini yadasalmaq olar, o vaxt Dağlıq Qarabağdan hərbi birləşmələr Yerevana göndərilmişdi”- Qriqoryan deyir.
Qarabağ müxalifətçisi gizlətmir ki, Ermənistanda Nikol Paşinyanın liderliyi ilə baş tutmuş “məxməri inqilabdan” ruhlanıblar və Xankəndində də xalqı küçələrə çıxarıb Saakyanı hakimiyyətdən qovacaqları gün uzaqda deyil. Çünki Serj Sərkisyanın hakimiyyətdən getməsindən sonra Bako Saakyan “krışasız” qalıb.
“Bako Saakyan Serj Sərkisyansız heç kimdir, sıfırdır. Onun nə hakim elitada hakimiyyəti var, nə xalq arasında nüfuzu” - Qriqoryan bildirir.