Elxan Şahinoğlu: “Türkiyənin başına gələnlər bizə yaxşı dərs olmalıdır...”
Deputat Fazil Mustafa sosial şəbəkədə yazdığı statusda ABŞ-ın Azərbaycanla bağlı niyyətlərindən söz açıb. Deputat hesab edir ki, ABŞ-ın Azərbaycandan konkret istəkləri var. Onun sözlərindən belə çıxır ki, bu istəklər heç də bizim faydamıza deyil.“ABŞ indiyədək Azərbaycandan nə istəyib? İlk öncə özünüzü qoyun Türkiyənin və Ərdoğanın yerinə. Sakın özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib! İstədiyi öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir. Bunun üçün də illərdir, həm separatçı rejimə böyük paralar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur. Üstəlik də istədiyi neftdir, paradır, tabeçilikdir!”, - deyə deputat bildirib.
ABŞ-ın demokratiya adı altında Yaxın Şərq ölkələrini, Əfqanıstanı viran qoyması faktı hər kəsə bəllidir. Bəs doğrudan da ABŞ-ın Azərbaycanla bağlı planların deputatın yazdığı kimidir?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a Azərbaycan müstəqillik qazanandan sonra bizim fərqli düşüncədə olduğumuzu xatırlatdı: “Düşünürdük ki, Amerika müstəqillik qazanan ölkələrə demokratiya gətirəcək, insan haqlarını bərpa edəcək. Uzun illər də buna inanmaqda davam edirdik. Bir-birini dəyişən amerikan prezidentləri demokratiyadan, insan haqlarından çox danışdılar. 1999-cu ildə Amerikada olduğum zaman insan haqları ilə bağlı oradakı vəziyyətlə tanış oldum. Amerikanın özündə də demokratiya bərpa olunmayıb. Düzdür, Amerikanı yaradanların babaları illər öncə demokratik ölkə qurublar. Ancaq insan haqları 1960-cı illərdə bərpa olunub. Bu illərə qədər orada irqi ayrı-seçkilik var idi. Qaradərili insanlar heç avtobusa da minə bilmir, restoranda çörək də yeyə bilmirdilər. Ancaq biz bunları diqqətə almayaraq düşünürdük ki, hər halda, Amerika demokratiyanın beşiyidir və müstəqil ölkələrə demokratiya gətirəcək. Hətta yadımdadır ki, Corc Buş və Kondoliza Raysın açıqlamaları vardı ki, neft amili ilə qurtarıb insan amilini əsas tutacaqlar. Ancaq gördük ki, Səudiyyə Ərəbistanı ilə Amerika müttəfiqlik etdi. Buradan da demək olar ki, Amerika üçün başqa prioritetlər əsasdır. İnsan haqları və demokratiya isə bəzən bir bəhanə kimi, dövləti zəiflətmək üçün istifadə edilir. Baxın, Türkiyədə rahibə görə illərin strateji müttəfiqinə qarşı necə ağır sanksiyalar kəsilir. Faktiki deyirlər ki, Türkiyə müstəqilliyindən imtina etsin və Amerikanın vassalı olsun. Lakin bu, mümkün deyil. Bütün bunlar bizə yaxşı dərs olmalıdır. Bəzən deyirlər ki, Tramp o biri prezidentlərdən fərqlənir. Məsələ burasındadır ki, Tramp, sadəcə olaraq, düşündüyünü deyir. O biri prezidentlər kimi düşmənə dost demir və Amerikanın siyasətini açıqlığı ilə ortaya qoyur. Görürük ki, Amerika üçün hansı dəyərlər üstünlük təşkil edir”.
Politoloq bildirib ki, bütün bunlarla yanaşı, hesab edir ki, Amerikanın supergüc olduğunu da nəzərə almalıyıq: “Onunla müəyyən qədər hesablaşmaq lazımdır. Azərbaycanın xarici siyasətini doğru hesab edirəm. Amerikanın qonşumuz olan 3 dövlətə qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, bizim bu dövlətlərlə də normal münasibətimiz var. Eyni zamanda bizim Amerika ilə də münasibətlərimiz yaxşıdır. Buna misal kimi qısa zaman kəsiyində Trampın İlham Əliyevə göndərdiyi 3 məktubu göstərə bilərik. Eyni zamanda ABŞ diplomatları Azərbaycan qazının Avropaya çatdırılması üçün bizə dəstək də verirlər. Lakin bu, o demək deyil ki, Amerika Azərbaycanda demokratiya və insan haqlarının inkişafı üçün əlindən gələni edəcək. Sadəcə olaraq, Amerikanın maraqları var və bunu həyata keçirmək istəyir. Doğrudur, indiki maraqları Trampın açıqlamaları ilə üst-üstə düşmür. Trampın Türkiyəyə qarşı etdikləri anlaşılmır. İllərin müttəfiqini itirirlər. Əslində rahib bəhanədir. Bu, Trampın öz baxışına da zidd məsələdir. Çünki Tramp deyirdi ki, hər şey Amerika üçündür. Ancaq faktiki görürük ki, Amerika şirkətləri Türkiyə ilə əlaqələrin indiki vəziyyətə gəlməsindən milyardlarla vəsait itirir. Bu hadisələr də göstərir ki, insan haqları və demokratiya bəhanədir. Dövlət, təhlükəsizlik maraqları var ki, savaş da bunun uğrunda gedir”.
Şahinoğlu bildirdi ki, Azərbaycan hazırda Amerikanın qəzəbinə səbəb olan siyasət yürütmür: “Xarici siyasətimiz çox normaldır. Təkcə Amerika deyil, Ermənistanı çıxmaq şərtilə, qonşu dövlətlərlə də münasibətlərimiz qaydasındadır. Biz kiçik dövlətik, Rusiya və Türkiyə kimi diktə edə bilmərik. Ancaq yenə də Türkiyə bizim strateji müttəfiqimizdir. Amerika Türkiyəyə sanksiya tətbiq etsə də, biz Türkiyəni dəstəkləyirik. Bəziləri deyirlər ki, biz yatırımlarımızı çıxaraq. Bu, çox səhv fikirdir. Əksinə, yatırımları artırıb, Türkiyəyə dəstək olmalıyıq. Çünki Azərbaycanda devalvasiya olan zaman Türkiyə də yatırımlarını çıxarmadı. Lakin eyni zamanda Amerika ilə də münasibətləri pozmalı deyilik”.
“Yeni Müsavat”