Erməni baş nazirdən Putini qıcıqlandıran növbəti demarş – Kreml Paşinyanla haqq-hesabı payıza saxlayıb?; Qarabağda uğurlu hərbi əməliyyatlar, nəhayət, gerçəkləşə bilər...
Nikol Paşinyanın baş nazirliyinin 100-cü günü yaxınlaşır. Xəbər verdiyimiz kimi, həmin günlə bağlı o, avqustun 17-də xalqı yenidən baş meydana çağırıb. Heç bir şübhə yoxdur ki, bununla Paşinyan ən əvvəl Rusiyaya “güc nümayişi” niyyəti güdür - o Rusiya ki, Ermənistanla münasibətləri məhz Nikol Paşinyan dönəmində xeyli qəlizləşib. Paşinyan hətta Kremlin qoyduğu “qırmızı xətti” keçərək, onun adamlarını sıxışdırmağa başlayıb.
Bundan əlavə, yeni hökumət, milli təhlükəsizlik sahəsi də daxil, tamamən Qərbə maddi və mənəvi tellərlə bağlı kadrlardan qurulub ki, bu da Kremldə əməlli-başlı qəzəb doğurub. Nəhayət, ötən ay Paşinyan Putinin layihəsi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) baş katibi, Moskvaya sadiq adamlardan olan Yuri Xaçaturova qarşı cinayət işi qaldırmaqla, eks-prezident Robert Köçəryanı isə həbsə atdırmaqla bir daha Moskvaya meydan oxuyub.
Düzdür, az sonra Rusiyanın qəzəbini görən erməni hökuməti Xaçaturovun Moskvaya dönməsinə izn verib, ancaq artıq “cin şüşədən çıxıb”. Rəsmi Moskva onunla razılaşdırılmadan atılan bu addımı özünə qarşı təhqir və özfəaliyyət kimi qiymətləndirib. Ardınca Kremlə yaxın çevrələrdən ilkin preventiv addımlar kimi baş katib postunun başqa bir üzv ölkəyə verilməsi, Ermənistana silah satışının dondurulması, hətta satılan təbii qazı bahalaşdırmaq təklifləri səslənib. Nəticə olmazsa, yəqin davamı daha sərt gələcək.
*****
Preventiv addımlardan söz düşmüşkən, məlumdur ki, Moskva zamanında Ermənistandakı “məxməri inqilab”a heç bir müdaxilə eləməyib. O zaman Kremldən bununla bağlı hər hansı sərt açıqlamanın belə şahidi olmadıq. Yalnız Putinin mətbuat katibi Dmitri Peskovun dilindən “Baş verənlər Ermənistanın daxili işlidir” kimi şablon mövqe ortaya qoyuldu. Halbuki Rusiya liderinin “arxa bağça” saydığı “Yaxın xaric” ölkələrində, postsovet məkanında “narıncı inqilab”lara allergiyası çoxdan məlumdur. Ukraynada yaşananlar buna sübutdur.
Ola bilsin, buna görə Moskva indi peşmandır. Hər halda, Rusiya Ermənistandakı inqilabı “bələkdə” də boğa bilərdi. Görünür, Kreml ölkədəki ictimai narazılığı nəzərə alıb və Paşinyanla haqq-hesabı daha məqbul zamana - sonraya saxlayıb. Yəni onun “islahatların” daşa dirənəcəyi və kütlənin Paşinyandan məyus olmağa başlayacağı günü gözləyir. Həmin günü Rusiya yaxınlaşdıra bilər. Məsələn, Ermənistana satılan qazı bahalaşdırmaqla.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə görə isə Paşinyanın “qara günləri” məhz payızda başlaya bilər. “Nikol Paşinyan Rusiya prezidenti Putini razı salmağa çalışır, ancaq bu, asan deyil. Qorxuram ki, Putin belə asanlıqla Ermənistanı buraxmayacaq. Düşünürəm ki, payızda Paşinyana qarşı etiraz dalğası olacaq. Onun nələri bəyənmədiyi isə məlumdur. Paşinyan onu razı salmağa çalışır. Ancaq bu, mümkün deyil”, - deyə Gürcüstandakı “qızılgül inqilabı”nın lideri Paşinyandan dolayı narahatlığını ifadə edib.
*****
Maraqlıdır ki, bu arada - avqustun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib. Söhbətin təşəbbüskarının Nikol Paşinyan olduğu bildirilir. Faktı şərh edən politoloq Elxan Şahinoğlu telefon söhbətində iki mövzunun - ikitərəfli əməkdaşlıq və KTMT-nin fəaliyyətinin müzakirə olunduğunu güman edir.
Onun sözlərinə görə, Qazaxıstanla Ermənistan arasında elə güclü iqtisadi əməkdaşlıq mövcud deyil ki, Paşinyan bu məsələ üçün xüsusi olaraq Nazarbayevə zəng etsin: “Görünür, əsas mövzu KTMT ilə bağlıdır. Məsələ bundadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər KTMT-nin fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə işğalçı ölkəni dəstəkləməli, onu Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, növbədə Qazaxıstan da var. Qazaxıstan sözdə Ermənistanın müttəfiqi sayılsa da, əməldə Azərbaycanla əlaqələrdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə prezident Nursultan Nazarbayev İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu eks-prezident Serj Sərkisyanın üzünə oxumuşdu”.
Nazarbayevin Azərbaycana qarşı mövqeyində dəyişikliyin olmadığını deyən Elxan Şahinoğluna görə, Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək: “Yəqin Paşinyanın bu telefon danışığından yeganə istəyi KTMT-nin yeni erməni baş katib təklifi ilə Astananı tanış etmək olub. Lakin onun bu məsələ ilə bağlı Astana ilə məsləhətləşməsi Moskvanın xoşuna gəlməyəcək. Çünki Moskva təşkilata ”arxa bağçası" kimi baxır. Onun Yuri Xaçaturovu baş katib vəzifəsindən geri çağırıb həbs etmək istəyi Moskvanın sərt etirazına səbəb olmuşdu. Paşinyan Nazarbayevə zəng edib bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etməklə demək istəyir ki, Rusiya KTMT-nin tək sahibi deyil, başqalarının da rəyi nəzərə alınmalıdır. Bu gedişlə Paşinyan yaxın günlərdə Belarus prezidentinə də zəng edəcək".
*****
Ancaq çətin ki, bu zənglərin real səmərəsi olsun. Çünki KTMT-də əsas söz sahibi Rusiya, Putindir. Putin isə artıq Paşinyanı yaxşıca “dişinə vurub” və sanki ayılıb. O üzdən onun bundan sonra Nikol Paşinyanın ölkə daxilində ictimai reytinqinin artmasına gətirəcək heç bir uğuruna imkan verməyəcəyi dəqiqdir. Bütövlükdə üzü payıza Paşinyanı doğrudan da taleyüklü imtahan gözlədiyini söyləmək olar.
Əlavə edək ki, KTMT-də yalnız Rusiya Ermənistanın əsas və yeganə arxa-dayağı hesab edilir(di). Yerdə qalan digər 3 üzv dövlət, xüsusən də - Qazaxistan və Belarus işğalçı Ermənistandan çox Azərbaycana rəğbət bəsləyir, daha çox Azərbaycana müttəfiq münasibətdədir. Belarusdan Azərbaycana ermənilərin ciddi narahatlığına səbəb olmuş “Polonez” yeni nəsil zenit-raket komplekslərinin verilməsi bunun növbəti sübutudur.
Qısası, Moskvanın İrəvana qəzəbinin ardınca Ermənistan “Rus NATO-su”nda, faktiki, təklənmiş durumda olacaq. Bu isə Bakıya Qarabağda lokal hərbi əməliyyatlar aparmaq baxımından həqiqətən də unikal şans yarada bilər...
“Yeni Müsavat”