“Qarabağ klanı” revanşa hazırlaşır

“Qarabağ klanı” revanşa hazırlaşır backend

Rusiyadan gələn sərt xəbərdarlıqlar fonunda Köçəryan tərəfdarlarının hərəkətə keçməsi işğalçı ölkədə yeni inqilabın anonsu sayıla bilər; politoloq: "“Qarabağ ermənilərinin azadlığı Azərbaycan hakimiyyətini qəbul etməkdən keçir" siyasətini dövriyyəyə buraxmalıyıq”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın apelyasiya şikayətinə avqustun 9-da baxılacaq. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Köçəryanın vəkili Aram Orbelyan da məlumatı təsdiqləyib.

Qeyd edək ki, 28 iyulda həbs edilən R.Köçəryanla bağlı seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün 45 deputat Baş Prokurorluğa müraciət edib. Məhkəmənin Köçəryanla bağlı müsbət qərar verəcəyi az inandırıcı olsa da, Rusiyaya ümid edənlərin gözləntiləri var. Keçmiş prezident 1 mart 2008-ci ildə İrəvanda baş verən qanlı hadisələrə görə ittiham olunur.

Görünən budur ki, Ermənistandakı Paşinyan əleyhdarları, həmçinin “Qarabağ klanı” Rusiyanın baş diplomatı Sergey Lavrovun İrəvana xəbərdarlığından sonra aktivləşib. Nikol Paşinyan güc nümayişi üçün 17 avqustda İrəvanda mitinq keçirib, 100 günlüyü ilə bağlı hesabat verməyə hazırlaşdığı ərəfədə “Qarabağ klanı” da fəallaşıb. Paşinyan ölkədəki rəqiblərini tam çökdürməklə gələn il keçiriləcək növbədənkənar parlament seçkilərinə rahat şəkildə getmək və parlament çoxluğunu ələ keçirib hökumətini möhkəmləndirmək istəyir. Lakin onun planından xəbərdar olan Rusiyadan qeyri-rəsmi səviyyədə xəbərdarlıqlar gəlməkdədir.

“Ermənistanda keçiriləcək seçkilər Rusiyanın maraqlarına cavab verməyəcəyi təqdirdə, bu, ən müxtəlif nəticələrə gətirib çıxara bilər”. Avropa.info xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitənin sədrinin birinci müavini Konstantin Zatulin “Exo Moskva”ya açıqlamasında deyib. “Ermənistanda düşünməlidirlər ki, baş nazir Nikol Paşinyan hansı seçimi edəcək? Əgər seçkilər Rusiyanı qane etməyəcək və narahat edəcək səviyyədə olacaqsa, o zaman baş nazirin hərəkətləri Rusiya tərəfdən tənqidlərə məruz qalacaq. O zaman seçkilərin nəticələri müxtəlif xarici və daxili situasiyaların yaranmasına gətirib çıxara bilər”- K.Zatulin vurğulayıb.

Zatulin əlavə edib ki, bu gün Ermənistanın təhlükəsizliyini Rusiyanın bu ölkədəki hərbi bazası, bu ölkəyə təhvil verdiyi silahlar, həmçinin KTMT-yə üzvlüyü təmin edir: “Belə olan halda, Rusiya ilə münasibətlərdə ən yüksək səviyyədə ehtiyatlı olmaq lazımdır ki, inam itməsin. Sözlərlə əməllər uyğun gəlməlidir”.

KTMT baş katibi Yuri Xaçaturovun həbsinə gəldikdə isə Zatulin deyib ki, baş katibin həbsi təşkilatın imicinə xələl gətirməyə bilər: “Lakin burada bir məsələ ortaya çıxır ki, bu da problemin KTMT-nin nizamnaməsinə uyğun olub-olmamasındadır. Çünki KTMT-də öhdəliklərin əsas yükünü Rusiya Federasiyası daşıyır”.

Qeyd edək ki, Moskvanın sərt reaksiyasından sonra Paşinyan Xaçaturovu həbsdən buraxmağa və hətta işinin başına qayıtmasına razılıq verdi. Amma görünür, onun Serj Sərkisyan və Seyran Ohanyanı da həbs etməklə bağlı planı daşa dirənib, çünki hətta ermənilərə yaxın olan Zatulin səviyyəsində xəbərdarlıqlar gəlməkdədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, “Qarabağ klanı” Paşinyana qarşı revanşa hazırlaşır: “45 deputatın Köçəryanın həbsdən azad edilməsi ilə bağlı petisiyaya imza atması da bundan xəbər verir. Hadisələrin gedişatı onu göstərir ki, separatçı klan Paşinyanı devirmək üçün düyməyə basa bilər. Ancaq bunun üçün ”Qarabağ klanı" Kremlin razılığını almalıdır. Kremlin Paşinyanın siyasətinə qarşı ciddi sualları olduğunu nəzərə alsaq Rusiya hakimiyyəti “Qarabağ klanı”na pərdəarxası dəstək verə bilər. Paşinyanın vaxtı azdır. Əgər baş nazir iqtisadiyyatda və sosial həyatda nisbi dönüş yarada bilməsə, Rusiya və “Qarabağ klanı” onun sonunu yaxınlaşdıra bilərlər. Təsadüfi deyil ki, Paşinyan sentyabr ayında cidd-cəhdlə ABŞ prezidenti Donald Trampa görüşməyə çalışır. Paşinyanın bu məqsədlə köməkçisini Vaşinqtona göndərdi və nəticədə ermənipərəst konqresmenlər Trampa müraciət etdilər ki, o, sentyabr ayında Paşinyanla görüşsün. Ancaq bu görüşün də Paşinyanın hakimiyyətini gücləndirəcəyini düşünmürəm. Paşinyana Vaşinqtonun timsalında siyasi dəstəkdən əlavə maliyyə lazımdır. Tramp isə pul verən prezidentlərdən deyil. Əksinə, o, ölkəsindən çıxan pulları geri qaytarmağa çalışır. Paşinyan okeanın o tayında maliyyə əldə etməsə yenidən Brüsselə müraciət etməli olacaq. Buna qədər isə Qarabağ klanı boş dayanmayacaq. Qarabağ klanı ilk növbədə eks-prezident Robert Köçəryanın azadlığa çıxmasına çalışacaq. Əgər bu istəklərinə nail olsalar, Köçəryanı irəli çıxarıb Paşinyana qarşı səlib yürüşünə başlayacaqlar. Paşinyan-Köçəryan mübarizəsində Kreml şübhəsiz ikincini dəstəkləyəcək".

E.Şahinoğlu bildirdi ki, Nikol Paşinyan avqustun 17-də keçirəcəyi mitinqə yüz minlərlə insanı toplaya bilsə, bu, onun parlament seçkisində üstünlük qazana biləcəyinin işarəsi olacaq: “Məncə, erməni cəmiyyəti hələ Paşinyandan ümidlidir. O, bu ümidi gələn ilin may ayına qədər davam etdirə bilsə, parlament seçkisində ”Qarabağ klanı"ndan üstün olacaq və koalisiya şəklində olsa belə hökuməti formalaşdırmaq imkanına malik olacaq. Ancaq həmin tarixə qədər “Qarabağ klanı” Moskvanın dəstəyi ilə Paşinyana qarşı təxribat da hazırlaya bilər".

Politoloq Qafar Çaxmaqlı isə qəzetimizə dedi ki, Ermənistanda aparılan proseslər hakimiyyəti ələ almış Paşinyanın həmin hakimiyyəti uzunömürlü etmək təşəbbüsləridir: “Şübhəsiz ki, ”Qarabağ klanı" zərərsizləşdirilməsə, o, buna nail ola bilməz. Həmin klanın başında olan adamlar, o cümlədən Seyran Ohanyanı həbs etmək üçün çoxlu cinayət faktları var. Ən maraqlısı da odur ki, indi bu dəstəni Qarabağ məsələsinin həll edilməməsində suçlayırlar. Bu, artıq siyasi proses olacaq. Qarabağdakı erməni əhalinin də bu işə aktiv şəkildə qoşulacağı ehtimal olunur. İndi bu bölgədə yaşayan insanlar da azad olmaq istəyirlər". Q.Çaxmaqlı bunun üçün konkret addımların atılmasını zəruri sayır: “Bu prosesə imkanımız daxilində dəstək verməliyik. "Qarabağ ermənilərinin azadlığı Azərbaycan hakimiyyətini qəbul etməkdən keçir" siyasətini dövriyyəyə buraxmalıyıq. Zaman-zaman bu bölgədə yaşayan insanların - Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı praqmatik fikir və fəaliyyətlər olmalıdır. Dağlıq Qarabağın çevrəsində olan rayonların geri qaytarılması söhbəti neçə illərdir ki, gedir. Onu Ter-Petrosyandan başlamış digər siyasilər də səsləndiriblər. Ermənistanda siyasi iradə olmalıdır ki, bu addımı atsın. Vaxtilə Ter-Petrosyan özü deyirdi ki, bu torpaqları qaytarmaqla biz Ermənistan üçün vacib olan bir şeyi alacağıq-sülhü. Belə düşünən adamlar Qarabağda da var, amma onların etirazlarının kütləvi xarakter alması hələ tezdir, o, biz istədiyimiz nəticəni verməz”.

Rusiyadan gələn sərt xəbərdarlıqlar fonunda Köçəryan tərəfdarlarının hərəkətə keçməsi işğalçı ölkədə yeni inqilabın anonsu sayıla bilər. Tamamilə mümkündür ki, Paşinyan elə gəldiyi kimi də yola salınsın. Ən azı Rusiya ilə sərt zarafatlar etdiyinə görə...

“Yeni Müsavat”
Diaspora