İşğalçıya qarşı “qamçı” siyasəti - vaxt limiti bitir

İşğalçıya qarşı “qamçı” siyasəti - vaxt limiti bitir backend

Bakıdan İrəvana daha bir xəbərdarlıq: uzunmüddətli atəşkəs böyük sülhə gətirmirsə, böyük müharibəyə gətirəcək; politoloq: “Ermənistan ciddi düşünməli və seçim etməlidir...”

Azərbaycan Dağlıq Qarabağ konfliktinin sülh danışıqları ilə həllinə sadiqdir, bir şərtlə ki, bu danışıqlar danışıq xətrinə aparılmasın, konstruktiv mahiyyət daşısın. Xarici işlər naziri Elmar Məmmədyarovun “RİA Novosti”yə son müsahibəsinin qayəsində məhz bu ismarış durur. Azərbaycanın XİN başçısı bir daha bəyan edib ki, Bakı dialoqa açıqdır, lakin danışıqlarda işğaldan azad edilmə prosesinin başlaması hədəflənməlidir.

Əfsus ki, işğalçı ölkədə hakimiyyət dəyişsə də, İrəvanın Qarabağ konfliktinin həllinə baxışı dəyişməz qalır. Üstəlik, bu yanaşma bir az da radikal çalar alıb. Yeni baş nazir Nikol Paşinyanın separatçı rejimi birbaşa danışıqlara qoşmaq cəhdindən hələ də əl çəkməməsi bunun bariz təzahürüdür. Bu günlərdə o da bir daha bəlli oldu ki, erməni ictimai-siyasi fikri işğal faktını heç cür yaxına buraxmır, Azərbaycanın işğal edilmiş torpaqlarını “azad edilmiş ərazilər” kimi təqdim edir, bunun əksini - yəni gerçəyi söyləyənlərə isə üsyan püskürülür, onları az qala, xain elan edir.

Hələ harasıdır, hətta Naxçıvanı Ermənistana birləşdirməklə bağlı növbəti sərsəm bəyanatlar səslənməyə başlayıb. Halbuki dünya birliyi, Ermənistana gizli-açıq havadarlıq edən dövlətlər belə, ən azından, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal edildiyini danmır, etiraf edirlər. Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində əksini tapmış işğal faktı da öz yerində.

Problemə belə xəstə təfəkkürlü baxışa malik bir düşmənlə hansısa dinc, konstruktiv sülh danışıqları aparmaq, əlbəttə ki, qəliz məsələdir. İşğalçı tərəfə hakimiyyət dəyişikliyi baş verib deyə, düşünmək üçün vaxt verməyin də artıq anlamı qalmır. Belə qənaət hasil olur ki, xəstə təfəkkürlü bu milləti yalnız Azərbaycan əsgəri ağla gətirib gerçəyə tapındıra bilər. Yəni işğalçı tərəf bizə müharibədən savayı yol saxlamır. Belədə Bakının İrəvana sülh çağırışlarının anlamı qalırmı?

Bir politoloq şərhini təqdim edirik.

*****

“Son vaxtlar danışıqları pozitiv istiqamətə apara biləcək kifayət qədər siyasi bəyanatlar olub”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a E. Məmmədyarovun “Ria Novosti”yə müsahibəsində Qarabağ münaqişəsinin həlli prosesinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq Elmar Məmmədyarovun müsahibəsində irəli sürdüyü təklifləri kifayət qədər konstruktiv sayır: “Bu təkliflər ətrafında erməni tərəfi ciddi düşünməli və seçim etməlidir. Çünki danışıqlar prosesi gündəlikdən çıxarılsa, onda danışıqların alternativi meydana gələcək ki, bu da ermənilər üçün heç əlverişli olmayacaq. Azərbaycan tərəfi indiyədək nizamlama prosesində qət edilmiş məsafənin üstündən xətt çəkməmək şərti ilə bu proseslərin davam etdirilməsini istəyir. Danışıqlar prosesi danışıqlar naminə aparılmamalıdır. Substantiv danışıqlar dedikdə biz danışıqlar prosesinin ardıcıl surətdə davam etdirilməsi, ortaya konkret müzakirə məsələlərinin çıxarılması və müzakirədə irəliyə doğru addımlar atılmasını nəzərdə tuturuq. Ermənistanın buna hazır olub-olmadığını demək çox çətindir. Çünki Ermənistan siyasi rəhbərliyi tez-tez öz fikrini dəyişir”.

Politoloq münaqişənin həlli üçün vaxtaşırı müsbət istiqamətdə səslənən beynəlxalq səviyyəli bəyanatlara toxunaraq deyib: “Bunlardan biri NATO-nun zirvə toplantısında səsləndirilib və burada münaqişənin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmaqla həll edilməsi vurğulanıb. Avropa Birliyi də dəfələrlə ərazi bütövlüyümüzü tanıdığını və Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edib. Yəni beynəlxalq hüququn əsas prinsipi sayılan ərazi bütövlüyü məsələsi bu gün gündəmdə olan məsələlərdən biridir. Bu məsələnin həlli istiqamətində lazımi addımlar atılmalıdır”.

Ermənistanın indiyədək konstruktiv danışıqlardan qaçdığını söyləyən sabiq dövlət müşaviri də təəssüflə qeyd edir ki, Ermənistanın hazırkı rəhbərliyi hərdəmxəyal, eyni zamanda radikal xətt tutmağı özünə adət etmiş adamlardır: “Onlar beynəlxalq ictimai fikri belə, qətiyyən nəzərə almaq niyyətində olmadıqlarını sübut edirlər. Bütün bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistandan konstruktiv təkliflər gözləyir. Yəni işğal faktorunu aradan qaldıra biləcək təkliflər müzakirə olunmalıdır”.

*****

Ancaq belə görünür ki, Ermənistan rəhbərliyi indi də növbədənkənar parlament seçkilərini bəhanə edib vaxtı, daha doğrusu, işğal rejimini (status-kvonu) uzatmağa çalışır. Xəbər verildiyi kimi, erkən seçkilərin keçirilməsi təxminən gələn ilin aprel-may ayına nəzərdə tutulur. Bu da o anlama gəlir ki, həmin zamanadək hazırkı hakimiyyət də daxil, işğalçı ölkənin bütün siyasi qüvvələri Qarabağ məsələsində populist, radikal mövqe sərgiləyəcək, hər hansı güzəşti yaxına buraxmayacaq ki, cəmiyyətin gözündə reytinqi aşağı olmasın.

Bu vəziyyətdə Azərbaycan üçün 2016-cı ilin aprelindəki kimi, lokal hərbi əməliyyatlar keçirib, düşməni vaxtaşırı cəzalandırmaqdan savayı yol qalmır. Yalnız bu halda canlı və maddi itkiləri artan ermənilər anlayacaqlar ki, konfliktin həllini uzatmaq yox, yaxınlaşdırmaq lazımdır və bu, seçkilərdən, deputat mandatı almaqdan daha vacib məsələdir. Əks halda, Bakı hərbi yolla, “addım-addım” taktikası ilə, “qamçı” siyasəti ilə öz ərazilərini geri almağa davam edəcək.

Sülh danışıqlarında bu il də müsbətə doğru dönüş olmazsa, proseslərin böyük müharibə istiqamətində inkişaf edəcəyi də istisna olunmur. Bu yöndə hərbi və siyasi analitiklər artıq neçə vaxtdır xəbərdarlıqlar etməkdədirlər.

Söz yox ki, məsələdə Rusiya amili az önəm daşımır. Ancaq Moskvada da yəqin fərqindədirlər ki, atəşkəs, işğal rejimi sonsuzadək sürə bilməz. Uzunmüddətli atəşkəs böyük sülhə gətirmirsə, böyük müharibəyə gətirəcək. Üçüncü variant mövcud deyil. Azərbaycanın baş diplomatının “RİA-Novosti”yə müsahibəsi də əslində düşmənin son dəfə götür-qoy edib düzgün seçim etməsi üçün Bakının göndərdiyi siqnaldır...
musavat.com
Diaspora