Düşmənin müharibə xofu - Moskvanın qərarı nə olacaq?

Düşmənin müharibə xofu - Moskvanın qərarı nə olacaq? backend

Kremlin işğalçı Ermənistana münasibəti dəyişir - mühüm gəlişmə; rusiyalı politoloq: “İrəvan maniakal şəkildə iki və hətta daha çox stulda oturmağa çalışır...”

Ermənistan-Rusiya münasibətlərində gərginlik artdıqca düşmən ölkədə müharibə təlaşı da böyüyür. Erməni ictimai-siyasi rəyində narahatlıq var ki, Moskva “ipə-sapa” yatmayan Nikol Paşinyan iqtidarını ram eləmək üçün günün birində Azərbaycana müharibə rüsxəti verə bilər.

Əslində belə bir təlaş əsaslıdır. Hərçənd, Moskva Qarabağ münaqişəsi zonasında müharibədə maraqlı deyil. Lakin əksər analitiklərə, o sırada rusiyalı ekspertlərə görə, fors-major vəziyyətdə Kreml Bakıya lokal hərbi əməliyyat üçün “dobro” verə də bilər. Xüsusən də əməliyyatlardan ötrü ən əlverişli sayılan və hələ ki davam edən yay-payız dönəmində bu ehtimal yüksək olaraq qalır.

“Qarabağda müharibə avqustun və sentyabrın istənilən günündə başlaya bilər”. Az öncə bunu “Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan özünün facebook səhifəsində yazıb (virtualaz.org). ”Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey irimiqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır, hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər", - deyə Ohancanyan iddia edib.

“Görünür, Azərbaycanda müharibəyə futbol üzrə dünya çempionatı dövründə və ya ondan dərhal sonra başlamaq niyyətləri olub. Amma Mingəçevir İES-də qəza, Gəncədə baş verən hadisələr Azərbaycanın, Türkiyənin və onların Qarabağ probleminin həllini hərbi yolla reallaşdırmaq məsələsində müttəfiq-himayəçilərinin niyyətini bir qədər geriyə atdı. Bu gün hərbi həll öz aktuallığına itirməyib, həm də ki, bəzi ”dost" ölkələr (Rusiya nəzərdə tutulur -red.) bununla Ermənistanın yeni hakimiyyətini, bəyan edilmiş hədəflərə ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə cəzalandırmaq istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır" - Ohancanyan qeyd edib.

*****

Bəs Moskvanın Paşinyan iqtidarına münasibətində yaxın perspektivdə hansı dəyişikliklər gözlənilir?

Tanınmış rusiyalı politoloq Andrey Yepifanstev hesab edir ki, artıq Paşinyan iqtidarının Kremlə qarşı özfəaliyyətinə cavab verməyin vaxtı çatıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, “Vestnik Kavkaza” portalına müsahibəsində deyib.

“Bu cavab vacib deyil ki, radikal xarakterli, məsələn, Ermənistanın KTMT-dən çıxarılması şəklində olsun. Ancaq hələlik, zənnimcə, baş katiblik postunun başqa üzv ölkəyə verilməsi, Ermənistanla artıq razılaşdırılmış silah tranşının və hərbi xərclər üçün kreditin dondurulması, Bakıya ən müasir silah sistemlərinin publik şəkildə bərpa edilməsi kifayət edər. O zaman qoy erməni yoldaşlar özləri müəyyən eləsinlər ki, növbəti dəfə hansı maraqlardan çıxış eləsinlər - sırf daxili siyasi maraqlardan, yoxsa öz üzərinə götürdükləri öhdəliklər prizmasından?” - politoloq bildirib.

Omun sözlərinə görə, ümumiyyətlə, son 2-3 ildə baş verənlər Ermənistanın müqavilə qabiliyyətli ölkə olmasını şübhə altına qoyub: “Prinsipcə hakimiyyəti küçə etirazları ilə devrilən və gələn yeni hökumətin köhnə kursu təftiş elədiyi, qanuni seçilmiş liderlərə qarşı cinayəti təqibinə başladığı bir ölkə ilə anlaşmaq mümkünmü? Son olaylar Ermənistanla Rusiya həmçinin Ermənistanla Rusiya ətrafındakı inteqrasiya blokları - KTMT və Avrasiya Birliyi arasında ziddiyyətlərin güclənməsindən xəbər verir. Bu da fikrimcə, İrəvanın inadlı şəkildə iki stulda, reallıqda isə hətta daha çox stulda oturmaq kimi maniakal səylərinin nəticəsində baş verir. Bura Ermənistanda sürətlə artan anti-Rusiya ovqatını, Moskvaya qarşı bir sürü inciklik və iddiaları, bir çox qalmaqalları, o sırada faşist əlaltısı Njdenin qəhrəmanlaşdırılmasını da aid eləmək lazım gəlir”.

*****

“Bundan sonra Moskvanın İrəvana təzyiqləri ciddi surətdə artacaq və Paşinyan onun üçün cızılmış qırmızı xətdən kənara çıxmağa cəsarət etməyəcək”. Bunu isə axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloqa görə, Moskva sanki qış yuxusundan ayılıb: “Rusiya Köçəryanın və Xaçaturovun həbsinə Lavrovun dili ilə öz etirazını bildirib, yeni ildən İrəvana göndərilən qazın qiymətinin artırılacağı ilə bağlı xəbərdarlıq edib. Bu günlərdə isə silah satışı və KTMT-də texniki əməkdaşlıqla bağlı məsələlərə cavabdeh olan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana səfər edib. Sözsüz ki, İrəvanda Rusiyanın silah göndərməsi və onun gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr həm də Xaçaturovun ev dustaqlığı ilə bağlı qərarla əlaqədar idi. Çünki general-polkovnikin İrəvana gəlişi ərəfəsində Moskva elan etmişdi ki, İrəvana nəzərdə tutulan 100 milyon dollarlıq silahın göndərilməsi təxirə salınacaq. Rusiya bu haqda əlavə tədbirlər gördükdən sonra məsələyə yenidən baxılacağını da bildirmişdi. Yəni bütün bunlar İrəvana Moskvanın təzyiqi idi”.

Q.Hüseynli hesab edir ki, bu təzyiqlər öz bəhrəsini, demək olar, verib: “Yəni İrəvan Xaçaturovun öz vəzifəsini icra etmək üçün Moskvaya getməsinə icazə verib. Onun əvvəl ev dustağı edilməsinə sanki Moskva razılıq vermişdi. Amma indi belə görünür ki, Moskva hər şeyi ölçüb-biçdikdən sonra Paşinyanın bu addımlarında uzağa gedəcəyi və bunun nəticəsində Moskvaya bağlı olan bütün kadrların vurulub sıradan çıxarılacağı qənaətinə gəlib. Eyni zamanda Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da müalicə adı altında əslində Moskvaya gedib. Burada bütün qapıları açaraq, Paşinyanın nə qədər təhlükəli hərəkətlər edə biləcəyi ilə bağlı Moskva siyasi rəhbərliyini bir növ xəbərdar etdi”.

Politoloqa görə, hazırda Moskva Ermənistana qarşı münasibətini tamamilə dəyişir: “Moskvanın birinci hədəsindən sonra KTMT-nin baş katibi ev dustaqlığından azad edildi. Bu günlərdə Köçəryanla bağlı da Paşinyan hökumətinin geri çəkilməsinə şahid olsaq, təəccüblənmərik. Rusiyanın bir quberniyası kimi Moskvadan gələn əmrlərlə idarə edilən Ermənistan Kremlin istənilən təzyiqinə boyun əyəcək və ciddi qarşıdurmalara getməyə iradə nümayiş etdirməyəcək. Paşinyan yaxşı başa düşür ki, Ermənistan Rusiyadan tam asılıdır. Eyni zamanda Rusiyanın hərbi bazaları, sərhəd qoşunları bu ölkənin ərazisində olduğundan Kreml İrəvanda istədiyi hərəkətləri edə bilər. Əgər bu gün Rusiya dünyaya meydan oxumağı, Ukrayna və Gürcüstan kimi ölkələrin ərazisini ilhaq edib öz ərazisinə qatmağı, Suriyada istədiyi hərəkətləri etməyi bacarırsa və bu hərəkətlərin qarşısını beynəlxalq güclər ala bilmirsə, kiçik Ermənistanla Moskvanın istədiyi kimi davranacağına və orada hətta siyasi dəyişikliklərə belə imza atacağına heç kəs şübhə etməsin”.
Diaspora